SON XƏBƏRLƏR

Güney Azərbaycanın bütün əyalətlərində köç problemi yaşanır - İnfoqrafiya

2021.10.20, 07:36
Güney Azərbaycanın bütün əyalətlərində köç problemi yaşanır - İnfoqrafiya

Gunaz.tv

GünAz TV: İranda mühacirət edən əhalinin sayını göstərən rəsmi rəqəmlər Qəzvin Əyaləti istisna olmaqla Güney Azərbaycanın bütün əyalətlərində köç probleminin yaşandığını göstərir. İranın mərkəzi əyalətləri, yəni fars məntəqələri isə Azərbaycan əyalətləri kimi bölgələrdən köçən mühacirləri qəbul edir.

 

Bu tendensiya İranın müxtəlif əyalətlərindəki iqtisadi vəziyyəti açıq-aşkar göstərməkdədir.

 

Statistik məlumatlara görə, 5 il ərzində (hicri-şəmsi təqvimi ilə 1390-1395-ci illərdə) İranda 4 milyon 300 min 988 nəfər ölkədaxili mühacirət edib. İnfoqrafik göstəricilərə görə, Güney Azərbaycanda ən çox köçə məruz qalan bölgə Həmədan Əyalətidir. Ondan sonra Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Mərkəzi Əyalət gəlir.

 

Məlumata görə, əyalətlərə mühacirət edənlərlə əyalətlərdən köç edənlərin sayı hesablandıqdan sonra 5 il ərzində Həmədandan 31 min 984, Ərdəbildən 19 min 950, Şərqi Azərbaycandan 17 min 614, Qərbi Azərbaycandan 12 min 163, Zəncandan 6 min 183 və Mərkəzi Əyalətdən 4 min 101 nəfərin mühacirət etdiyi məlum olub.

 

Mühacirət məsələsində Qəzvin Əyaləti Güney Azərbaycanın digər əyalətlərinə nisbətən daha yaxşı vəziyyətdədir.

 

İnfoqrafiyada yer alan məlumatlarda göründüyü kimi, Tehran, Əlborz, Yəzd, İsfahan, Simnan və Qum kimi farsdilli əyalətlər mühacir qəbul edən məntəqələrdir.

 

Qeyd edək ki, araşdırmalara görə, dünya üzrə mühacirətlərin böyük əksəriyyəti ictimai və fərdi azadlıq və iqtisadi vəziyyətlə bağlıdır. İran coğrafiyasında eyni siyasi sistem hakim olduğuna görə, ölkədaxilindəki köçləri yalnız iqtisadi vəziyyətlə izah etmək mümkündür. Bunu ölkənin müxtəlif əyalətlərində mövcud olan sosial-iqtisadi infrastruktur, işsizlik, iqtisadi tənəzzül, sərmayə yatırımı, böyük şirkətlərin fəaliyyəti və s. kimi amillərdə açıq-aşkar göstərməkdədir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar