SON XƏBƏRLƏR

Hikmət Hacızadə: "MOSKVA QARABAĞI "QAZPROM"a DƏYİŞMƏZ"

2021.10.20, 07:36
Hikmət Hacızadə: "MOSKVA QARABAĞI "QAZPROM"a DƏYİŞMƏZ"

Gunaz.tv
Hikmət Hacızadə: "MOSKVA QARABAĞI "QAZPROM"a DƏYİŞMƏZ" 34287_1 Rusiyaya qaz verməklə Qarabağı qaytarmağı gülünc sayan politoloqun fikrincə, bundan ötrü Azərbaycan bütövlükdə Moskvanın tərəfinə keçməli və Rusiyanın Qafqazdakı "forpostu" rolunu almalıdır Tural AĞATLI Son günlərin ən yadda qalan hadisəsi Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri oldu. Siyasi müşahidəçilər tərəfindən birmənalı qarşılanmayan bu səfər ölkə və dünya mətbuatında geniş əks-səda doğurdu. Hətta Kreml rəhbərinin Bakıya gəlişini "iqtisadi işğal"a start verilməsi kimi dəyərləndirənlər də oldu. Sözügedən səfərin pərdəarxası məqsədlərini açıqlamaq və mətbuatda dolaşan fikirlərə aydınlıq gətirmək məqsədilə siyasi şərhçi, politoloq Hikmət Hacızadə ilə söhbətləşdik. İlk sualımız da məhz səfərin pərdəarxası məqamları ilə bağlı oldu: - Bu barədə dəqiq məlumatım olmadığı üçün konkret bir şey deyə bilmərəm. Sadəcə, bəzi təxminlərim var. Mümkündür ki, səfər zamanı Azərbaycanın Gürcüstana yardımı məsələsi müzakirə olunsun və Rusiya bu yardımların kəsilməsini istəsin. Yaxud İrana qarşı hansısa planların müzakirə olunması mümkündür. Digər müzakirə mövzuları kimi Azərbaycanın NATO-ya yaxınlaşması və Rusiyanın bundan narahatlığı ifadə oluna bilər. Bu cür mövzuları artırmaq da mümkündür. - Səfərin əsas rəsmi məqsədlərindən biri Azərbaycan qazının Rusiyaya satılmasından ibarət idi. Moskva "Qazprom" şirkəti vasitəsilə qazın Rusiyaya nəql olunmasına çalışır. Bakı Moskva ilə belə bir ciddi saziş imzalamaq iqtidarındadırmı? - Bunun üçün Qərbdən icazə almaq lazım deyil. Amma, təbii ki, Qərb ölkələrinin bu layihəyə münasibətləri mənfi olacaq. Buna baxmayaraq sözügedən layihənin gerçəkləşməsi Rusiya və Azərbaycan rəhbərliyinin iradəsindən asılıdır. Yəni hər iki ölkənin başçıları belə bir qərar çıxarmaq imkanına malikdirlər. Amma Bakı bu layihənin təsiri altına düşməməlidir. Ölkə qazını tamamilə Rusiyaya satmaq olmaz. Qazın bütövlükdə "Qazprom"a satılması Azərbaycanın birmənalı şəkildə Rusiya təsiri altına düşməsi demək olar. Sadəcə olaraq, qazın müəyyən bir hissəsini şimal qonşumuza vermək olar. Amma bizim maraqlarımıza nəql yollarının çoxşaxəli olması və bir kəmərə bağlanmaması uyğun gəlir. - Medvedyevin Bakı səfəri ilə bağlı mətbuatda bir çox fikirlər səsləndi. Xüsusilə üzərində dayanılan məqam ondan ibarətdir ki, Moskva Azərbaycanı tam şəkildə nəzarətə götürmək siyasətini işə salıb. Seçkiöncəsi Azərbaycanın Kremlin tam nəzarəti altına düşməsi mümkündürmü? - Səfər özlüyündə belə böyük ideyaya hesablanmamışdı. Yəni Medvedyevin Bakıya gəlməsi ilə Azərbaycanın birmənalı şəkildə Rusiyanın tərəfinə keçməsini düşünmək düzgün olmaz. Bu, sadəcə, cari bir səfərdir. Təbii ki, səfər zamanı ciddi problemlər müzakirə olunub, amma Azərbaycanı öz yolundan döndərmək, müstəqilliyini şübhə altına salmaq kimi fikirlər ola bilməzdi. - Kreml rəhbərinin Bakı səfəri ilə eyni vaxtda ABŞ dövlət katibi Kondoliza Rays da Tbilisidə səfərdə oldu və ciddi antirusiya fikirləri səsləndirdi. Eyni vaxtda gerçəkləşən bu iki səfəri Qafqaz ölkələri arasında seçim yaxud Azərbaycan və Gürcüstanın artıq öz mövqelərini dəqiqləşdirməsi kimi dəyərləndirmək olarmı? - Mən bunu belə qəbul etmirəm. Çünki hər iki səfər təsadüfən üst-üstə düşmüşdü. Rays Gürcüstan səfərindən əvvəl Yaponiyada səfərdə idi. Dövlət katibi oradan qayıdan baş bir çox ölkələrdə, o cümlədən Gürcüstanda oldu və dövlətinin mövqeyini açıqladı. O, çıxış zamanı regiondakı vəziyyəti nəzərə alaraq həm Rusiyaya, həm Azərbaycana, həm də digər ölkələrə mesaj verdi. Amma bununla belə həmin səfəri Medvedyevin Bakı səfəri ilə əlaqələndirmək olmaz. - Rusiya - Azərbaycan münasibətləri dərinləşərsə və Bakı qazın bir hissəsinin "Qazprom"a satılmasına razılıq verərsə, bu, Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə təsir göstərə bilər? - Heç bir təsir göstərməyəcək. Moskvaya bir az qaz verməklə Qarabağı qaytarmaq olmaz. Rusiya Qarabağı bu layihəyə dəyişmək fikrində belə deyil. İşğal altında olan torpaqların azad edilməsi üçün Azərbaycan bütövlükdə Moskvanın tərəfinə keçməlidir. GUAM-dan çıxmaq, Türkiyəni regiondan qovmaq, NATO ilə bütün münasibətlərə son qoymaq və Kremlin diktə etdiyi bütün əmrləri yerinə yetirmək lazımdır ki, o zaman, bəlkə, Dağlıq Qarabağı qaytaralar. - Yəni Azərbaycan Rusiyanın Qafqazdakı "forpost"u rolunu Ermənistanın əlindən almalıdır? - Bəli, tamamilə. Hətta Azərbaycan Ermənistandan daha yaxın olmalıdır ki, Moskvanın etibarını qazansın. Bunun üçün ölkəmizdə Rusiya hərbi bazaları yaradılmalı və sərhədlərimizi rus əsgərləri qorumalıdır. Bütün bunlardan sonra Qarabağı qaytarmaq barədə ümidlənə bilərik. - Amma bütün bunlar Azərbaycanın maraqlarına uyğun gəlmir. O zaman Rusiya ilə münasibətlər bizə nə verə bilər? - Təəssüf ki, bəzən dünyada məcburi əməkdaşlıqlar qurulur. Həll edilməmiş problemlərlə paralel münasibətlər yaradılır. Baxın Rusiya Yaponiyaya məxsus Kuril adalarını işğal edib və geri qaytarmır. Bununla belə, onların arasında əməkdaşlıq davam edir. Yaxud İspaniya ərazisi olan Cəbəllütariq boğazı Böyük Britaniyanın əlindədir, amma münasibətləri davam edir. - Rusiya rəhbərinin seçkiqabağı Bakıda olması Azərbaycan hakimiyyətinin maraqlarına cavab verirmi? Yəni iqtidar qarşıdan gələn seçkiləri qazanmaq üçün Moskvanı öz dayaq nöqtəsi kimi görə bilərmi? - Tamamilə mümkündür. Çünki Rusiya Azərbaycandan demokratiya istəmir, imtiyazlar istəyir. Bu baxımdan Moskvanın belə mövqeyi hazırkı iqtidara sərf edir. Kreml heç vaxt seçkilərin niyə saxtalaşdırıldığı yaxud hansısa jurnalistin döyüldüyü məsələsini qaldırmır. Ona görə də hakimiyyət tam şəkildə Rusiyaya arxalana bilər. - Moskva qarşıdan gələn prezident seçkilərinə nə dərəcədə müdaxilə edə bilər? - Burada keçirilən seçkilərə müdaxilə etməyə ehtiyac yoxdur və hər şey iqtidarın nəzarəti altındadır. Yəni qüvvələr nisbəti qeyri-bərabərdir və müxalifət, demək olar, yoxdur. Belə bir halda iqtidar üçün heç bir təhlükə gözlənilmədiyi səbəbindən Moskvanın müdaxiləsinə də heç bir ehtiyac qalmır. Qüvvələr təxminən bərabər yaxud bir-birinə yaxın olarsa, o zaman müdaxilə mümkün idi. Hazırkı totalitar vəziyyətdə isə müdaxiləyə lüzum yoxdur. - Prezident seçkilərinin demokratik keçiriləcəyinə nə dərəcədə inanmaq olar? - Hazırkı gedişatı müşahidə edərkən seçkilərin demokratik keçiriləcəyinə heç bir ümid qalmır. Qarşıdan gələn 2-3 ayda hansı hadisələrin baş verəcəyini deyə bilmərəm. Amma böyük ehtimalla növbəti dəfə "Brejnevsayağı" bir seçki keçiriləcək və son nəticələri televiziyadan eşidəcəyik. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar