SON XƏBƏRLƏR

İran Qərbdəki bank hesablarını niyə boşaldır?

2021.10.20, 07:36
İran Qərbdəki bank hesablarını niyə boşaldır?

Gunaz.tv
Diplomatik böhran gətirən milyardlar jq4f0zsk.gif İran Qərbdəki bank hesablarını niyə boşaldır? Bu yaxınlarda «Reuters» agentliyi İranın xarici işlər nazirinin müavini Möhsün Talehiyə istinadən ölkəyə qarşı yeni iqtisadi sanksiyaların tətbiq edilə biləcəyindən ehtiyatlanaraq İranın Avropa banklarındakı hesablarından 75 milyard dollar çıxarması haqda məlumat yaymışdı. Lakin cəmi bir neçə gün sonra elə həmin agentlik İran dövlət bankının (Bank Mellat) sədri Əli Divandarinin ölkəsinin Avropa banklarındakı hesablarından iri məbləğdə pul çıxarılması faktını təkzib etdiyini bildirib. Bu məlumatlardan hansının həqiqətə daha yaxın oldugunu deyə bilmərəm. Lakin bir şey dəqiqdir. Cənub qonşumuz xarici banklardakı hesablarının dondurula biləcəyindən yamanca qorxuya düşüb. Bütün bu olanlar məni yaxın keçmişdə, daha dəqiq desək, islam inqilabının ilk illərində İranın xarici ölkələrdəki bank hasabları ətrafında yaranmış vəziyyəti xatırlamağa vadar etdi. Yazıda bəhs olunan hadisələrin təsviri zamanı başlıca olaraq üç nüfuzlu mənbəyə - 1976-1980-ci illərdə ABŞ-ın prezidenti olmuş Cimmi Karterin memuarlarına (J.Carter, «Keeping faith: Memoirs of a President», New York, 1982), Oksford Universitetinin məzunu, əsası 1979-cu ildə qoyulmuş və hazırda «Dow Jones & Co.» şirkətinə məxsus «The Hulbert Finacial Digest» nəşrinin yaradıcısı və müəllifi, biznes aləmində kifayət qədər yaxşı tanınan araşdırmaçılardan və şərhçilərdən biri olan Mark Halbertin «Bağlılıq: ABŞ banklarının gizli fəaliyyəti, neft maraqları, şahın pulları, borclar və bütün bunlar arasındakı inanılmaz əlaqə» (M.Hulbert, «Interlock: The untold story of American banks, oil interests, the Shah's money, debts, and the astounding connections between them», New York, 1982) adlı araşdırmasına, eləcə də 80-ci illərdə Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun rektoru olmuş, bir müddət SSRİ xarici işlər nazirinin müşaviri, daha sonra isə SSRİ-nin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış R.Ovinnikovun «ABŞ xarici siyasətinin dolambacları. Niksondan Reyqanadək» (R.Ovinnikov, «Ziqzaqi vneşney politiki SŞA. Ot Niksona do Reyqana», Moskva, 1986) əsərinə istinad edilib. * * * Ötən əsrin ortalarından başlayaraq Fars körfəzinin, xüsusilə də, İranın ABŞ üçün əhəmiyyəti getdikcə artmağa başlayır. 1953-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin birbaşa iştirakı ilə Müsəddiq hökumətinin devrilməsi və şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətinin bərpasından sonra iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Hakimiyyətə qayıdışının müqabilində şah 1954-cü ildə Beynəlxalq Neft Konsorsiumu ilə imzaladığı müqavilə vasitəsilə İranda neft hasilatının 40% -ni ABŞ şirkətlərinə həvalə edir. Bununla da müqaviləyə əsasən, İranın neft hasilatında eynilə 40% pay alan İngiltərə-İran Neft Şirkətinin ölkənin neft sektorunda uzun illərdən bəri davam edən inhisarçılığına son qoyulur. Müqavilədə ABŞ-ı təmsil edən şirkətlərə gəlincə, onların əksər hissəsi («Exxson», «Chevron», «Mobil») ölkənin ən nüfuzlu ailələrindən olan Rokfellerlər ailəsinə məxsus idi. Məhz bu ailəyə məxsus şirkətlər XIX əsrin sonlarından başlayaraq istər ABŞ daxilində, istərsə də beynəlxalq bazarlarda neftin hasilatı, emalı və satışında qabaqcıl yerilərdən birini tutmağa başlayır. Təkcə onu qeyd etmək kifayətdir ki, Con Rokfellerin yaratdığı «Standart Oil» Səhmdar Cəmiyyəti artıq ötən əsrin əvvəllərində neft sektorunda fəaliyyət göstərən 400 şirkətə sahib idi. ABŞ-da hasil olunan neftin daşınması və emalının 80%-nə, beynəlxalq neft ticarətinin isə 70%-nə məhz bu səhmdar cəmiyyət nəzarət edirdi. 1911-ci ildə cəmiyyətin inhisarçılıqda iddiham edilərək hüqiqi cəhətdən 34 müxtəlif şirkətə parçalanması da, əslində məsələnin yalnız hüquqi tərəfini dəyişdirir. 1917-ci il üçün Con Rokfellerin sərvəti 1 mlrd. dollara, yəni ABŞ-ın o dövrdəki ÜDM-nin 2,5%-nə (indiki halda 347 mlrd.dollar) bərabər idi. Şahın göstərişilə İran hökumətinin iri həcmli maliyyə əməliyyatlarının böyük əksəriyyəti Devid Rokfellerin sədri olduğu «Chase Manhattan Bank» (hazırda «JP Morgan Chase») vasitəsilə həyata keçirilirdi. Ölkənin neftin satışından əldə etdiyi gəlirlərin təqribən 75%-i bu bankdakı hesablarda saxlanılırdı. Təkcə 70-ci illərin ikinci yarısında İran Rokfellerlərin bankına hər il orta hesabla 14 mlrd. dollar köçürürdü. Bank isə öz növbəsində, M.Halbertin hesablamalarına görə, İran pullarının dövriyyəsindən hər il ən azı 65 mln. dollar qazanırdı. Bundan əlavə, «Chase Manhattan Bank» İran hökumətinə kredit ayıran maliyyə institutları sırasında da qabaqcıl yerlərdən birini tuturdu. Yalnız 1976-1978-ci illər ərzində bank tərəfindən İrana 2 mlrd. dollar həcmində kredit ayrılmışdı ki, bu məbləğ göstərilən dövr ərzində ölkənin xarici maliyyə qurumlarından aldığı kreditlərin bütövlükdə 54%-ni təşkil edirdi. Onu da qeyd edim ki, bu pulların real dəyərini başa düşmək üçün onları müasir iqtisadi göstəricilər vasitəsilə günümüzdəki qiymətlərlə müqayisə etmək gərəkdir. Belə olduqda, ABŞ-da İstehlakçı Qiymətləri İndeksinin (CPI) 1979-cu ildən başlayaraq 2007-ci ilin sonunadək olan bir müddət ərzində 2,9 dəfə artdığını nəzərə alsaq, məsələn, 14 mlrd. dollar dedikdə, bunu 40 mlrd. dollar kimi başa düşmək lazımdır. * * * 1979-cu ilin əvvəllərində İranda bir ildən artıq davam edən inqilabi proseslərin ardından şahın ölkədən qaçışı və islamçıların hakimiyyətə gəlməsi ilə Rokfellerlər ailəsi İranla bağlı olan başlıca gəlir mənbələrindən məhrum olmaq təhlükəsilə üz-üzə qaldılar. Belə ki, inqilabçıların xarici siyasət sahəsində atdığı ilk addımlarından biri İran Dövlət Neft Şirkətinin yaradılması ilə ölkənin neft sənayesinin milliləşdirilməsi oldu. Bu azmış kimi, yeni hökumət Rokfellerlərin bankındakı vəsaitləri tədricən çıxarmağa başladı. Paralel olaraq, neftin satışından əldə olunan gəlirlər də artıq digər banklardakı hesablara yatırılırdı. Bununla yanaşı, Rokfellerlər şah zamanında İran hökumətinə verilən kreditlərin geri qaytarılmayacağından ehtiyat edirdilər. Belə şəraitdə, İran inqilabının Rokfellerlər ailəsinə vurduğu zərərin, qismən də olsa kompensasiya edilməsinin real olaraq, yalnız bir yolu var idi ki, bu da İranın «Chase Manhattan Bank»dakı hesablarının dondurulması idi. Bu yolla inqilab nəticəsində dəymiş zərərin qismən ödənilməsilə bərabər, İranın xarici bazarlarda Rokfeller şirkətlərinin vasitəçiliyi olmadan öz neftini satması imkanları da məhdudlaşdırılırdı. Belə ki, «Chase Manhattan Bank»dakı hesabların dondurulması İranın neft alıcıları olan xarici şirkətləri kreditləşdirməsi imkanlarına ciddi zərbə vuracaqdı. Lakin bu cür addım səbəbsiz yerə atıla bilməzdi. Xarici dövlətin bank hesablarının dondurulması üçün ən azından ciddi bir bəhanəyə ehtiyac var idi. Tezliklə belə bəhanə tapıldı, daha dəqiq desək, yaradıldı. * * * 1981-ci ildə «The New York Times» qəzetinə verdiyi müsahibədə D.Rokfeller 14 mart 1979-cu il tarixində, o dövrdə ABŞ dövlət katibi Sayrus Vensin siyasi məsələlər üzrə müavini Devid Nyusomla telefon danışığı zamanı sonuncunun ona maraqlı məlumatlar çatdırdığını bildirmişdi. Nyusom ABŞ kəşfiyyatının məlumatına əsasən, şahın ölkə ərazisinə daxil olması halında ABŞ-ın İrandakı səfirliyinə basqın ediləcəyini Rokfellerin diqqətinə çatdırmışdı. 1976-1980-ci illərdə ABŞ-ın prezidenti olmuş Cimmi Karter öz memuarlarında elə o gündən başlayaraq İran şahının ölkəyə daxil olmasına icazə verilməsi üçün prezident administrasiyasının Rokfellerlərin güclü təzyiqlərinə məruz qaldığını qeyd edir. Eks prezidentin sözlərinə görə, Devid Rokfellerlə yanaşı, ABŞ-ın keçmiş dövlət katibi, o dövrdə isə «Chase Manhattan Bank»ın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Rokfeller qardaşları fondunun həmsədrlərindən biri Henri Kissincer də tez-tez ona, dövlət katibi S.Vensə və prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Z.Bjezinskiyə zəng vuraraq şahın ABŞ-a daxil olmasına icazə verilməsini tələb edirdilər. Nəhayət ki, təzyiqlərdən təngə gələn S.Vens iyulun sonlarında ABŞ-ın Tehrandakı səfirliyinə məktub göndərərək, onlardan şahın Birləşmiş Ştatlara mümkün gəlişinin ehtimal olunan nəticələrini qiymətləndirmələrini xahiş edir. Səfirliyin cavab teleqramında şahın ABŞ-a gəlişinin İranda ciddi etirazlara səbəb olacagı, hətta səfirliyə hücum oluna biləcəyi qeyd olunur. Buna baxmayaraq, sentyabr ayında İran Dövlət Neft Şirkətinin «Chase Manhattan Bank»dakı vəsaitlərini geri götürmək niyyətini açıqlaması Rokfellerlər və hakimiyyətin onlara yaxın olan dairələrini hərəkətə gətirir. Bu dövrdə Meksikada müalicə olunan şahın iki fransız həkimi amerikalı həkimlə əvəz olunur. O isə öz növbəsində şahın sonrakı müalicəsinin ABŞ-a aparılmasının onun sağlamlığı baxımından daha məqsədəuyğun olması baradə tövsiyə verir. Həkimin tövsiyəsi tez bir zamanda ABŞ Dövlət Departamentinə çatdırılır. Beləliklə də, 1979-cu il, oktyabrın 22-də Məhəmməd Rza Pəhləvi Nyu-Yorka gətirilərək, nə qədər qəribə də olsa, Devid Nyusom (ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini) adı altında şəhər hospitalına yerləşdirilir. Bir qədər sonra müvafiq məlumatın mətbuata sızdırılmasının ardından İranda ABŞ əleyhinə etiraz aksiyaları başlanır. Noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinə hücum nəticəsində diplomatik heyətin 63 üzvü və səfirlik ərazisində olan üç nəfər mülki vətəndaş girov götürülür. Bunu əsas gətirən Karter hökuməti İranın ABŞ banklarındakı 12 mlrd. dollar həcmindəki hesablarının dondurulduğunu bəyan edir. Beləliklə də, iki ölkə arasında, gerçək səbəbi İran milyardları olan diplomatik böhran başlanır. * * * 1980-ci il, aprelin 24-də ABŞ hökumətinin girovların azad edilməsi məqsədilə təşkil etdiyi «Qartal caynaqları» əməliyyatının iflasa uğraması Cimmi Karterin ikinci müddətə prezident seçilməsi şanslarını da heçə endirdi. Böhran 1981-ci il yanvarın 20-də, yeni seçilmiş ABŞ prezidenti - respublikaçı Ronald Reyqanın səlahiyyətlərinin icrasına başladıgı bir gündə girovların azad buraxılması ilə başa çatdı. İranın ABŞ banklarındakı, əsasən də «Chase Manhattan Bank»dakı hesablarına gəlincə, böhranın davam etdiyi müddət ərzində banklar İran pullarının dövriyyəsi hesabına onların hər 1 dollarından 1 dollar 20 sent gəlir əldə etmişdilər. Son nəticədə isə dondurulmuş 12 mlrd. dollarlıq vəsaitlərin yalnız 2,88 milyardı İrana qaytarılmışdı. Düşünürəm ki, İranın Qərbdəki hesablarını hansı səbəbdən boşaltmaq istəməsi artıq bir çoxlarınıza aydın oldu. Atalarımız da yaxşı deyiblər axı: «Başına gələn başmaqçı olar». Rüfət Hüseynoğlu [email protected]/* */ bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar