SON XƏBƏRLƏR

Iran uranı

2021.10.20, 07:36
Iran uranı

Gunaz.tv
Iran uranı İranın hakimiyyət dairələri "Altılıq" üzvü olan ölkələrin yeni təkliflərini rədd etməyə tələsmir. ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniyanın təmsilçilərindən ibarət bu qrupun təkliflərini İran rəhbərliyinə Avropa Birliyinin xarici siyasət və müdafiə məsələləri üzrə ali komissarı Xavyer Solana verib. Sənəd indi İran Məclisi, yəni ölkə parlamenti tərəfindən öyrənilir. Vaşiqton, London və Paris bildirirlər ki, Tehran bu təklifləri də qəbul etməzsə İrana qarşı yeni iqtisadi, ticari və siyasi sanksiyalar tətbiq olunacaq. Tehran uranın zənginləşdirilməsi istiqamətində apardığı işləri dayandırmaq niyyətində deyil. Halonki "Altılıq"ın başlıca şərti budur. Tehrandakı hökumət sözçüsü Qülamhüseyn İlhamın dediyinə görə, İranın mövqeyi aydındır: "Əgər təkliflər uranın zənginləşdirilməsi nəzərdə tutursa, onlar ümumiyyətlə müzakirə edilməyəcək". Məclis spikeri Əli Laricani isə bəyan edib ki, Tehran nüvə proqramı ilə bağlı məsələləri dialoq və dinc danışıqlar yolu ilə həll etmək niyyətindədir. Gərçi iranlılar "Altılıq"ın təkliflərinə müsbət cavab versələr, onda yaşanan böhranın danışıqlar yolu ilə həlli istiqamətində irəliləyişdən danışmaq olar. Təkliflər paketinə gəldikdə isə o Qərblə İranın mümkün əməkdaşlıq yollarının konturlarını cızır. Belə ki, Tehran nüvə proqramı və uranın zənginləşdirilməsi istiqamətindəki işlərini dayandırarsa, onda Qərb İrana "yüngül su"da nüvə reaktorları vermək, sonra da həmin reaktorları nüvə yanacağı ilə təmin etməyə hazırdır. Bundan başqa, regional təhlükəsizliyin təminatı sahəsində İranla əməkdaşlığa hazır olan Qərb ticari-iqtisadi əməkdaşlığı da inkişaf etdirmək niyyətindədir. Bütün bu təkliflər İranı uranın zənginləşdirilməsindən boyun qaçırmağa sövq etməyə yönəlib. Fəqət, Tehranın "yumşalması" ağlabatan deyil. Çünki Qərb konstruktiv müzakirələrin başlanması şərti kimi İran qarşısında qoyduğu tələb Mahmud Əhmədinecat reжiminin xarici və daxili siyasət kursunun əsasını təşkil edən nüansla bağlıdır. Yəni Qərb İranda uranın zənginləşdirilməsinin dayandırılmasını istəyir. ABŞ da bunu bildiyindən Tehranı bilərəkdən qıcıqlandırır. Zira Vaşinqtonun istəyi İrana qarşı yürüdülən beynəlxalq siyasi və iqtisadi sanksiyaları daha da gücləndirmək, təcridə qoşulmuş ölkələrin sayını artırmaq və ən başlıcası, İran məsələsində müttəfiqlərinin də sərt davranmalarını şərtləndirməkdir. Birləşmiş Ştatları İran uranı qədər narahat edən digər məsələ Tehranın Yaxın Şərqdə cərəyan edən proseslərdə oynadığı rol və həmin rolun sürətlə böyüməsidir. Vaşinqtonun təlaşını ABŞ-ın BMT-dəki səfiri Zalmay Xəlilzad çox dəqiq izah edir: "İranla dil tapmaq olar. Bir şərtlə ki, Tehran bölgə miqyasında məqsədlərini dəqiqləşdirsin və inqilab ocağı yox, suveren dövlət kimi hərəkət etsin". Birləşmiş Ştatların Yaxın Şərqlə bağlı sülhməramlı siyasət adlandırdığı planları İran bundan sonra pozmağa çalışdıqca Vaşiqtonun iranlılara olan mövqeyinin dəyişəcəyindən danışmağa dəyməz. Amerikalıların istədiyi odur ki, İran onun boyuna biçilmiş və layiq olduğu rolu oynasın, həmin rol ətraf aləmlə ziddiyyət təşkil etməsin və ən başlıcası, maraqlı dövlətlər də həmin rolla barışsınlar. Bunun yaxın gələcəkdə baş tutacağını düşünmək sadəlövhlükdür. İran məsələsi olduqca mürəkkəb problemdir və hələ uzun müddət belə olaraq qalacaq. Və ən nəhayət, İran Yaxın Şərq ölkəsi də sayıla bilər. Bu regionda isə heç bir problemin asan həlli olmur. Məsələn, Birləşmiş Millətlər Təşkilatı Fələstin-İsrail münaqişəsi ilə bağlı istədiyi qədər qətnamə qəbul edərək tərəfləri qarşılıqlı anlaşmaya və yekun sülh müqaviləsinin imzalanmasına çağıra bilər, hətta sanksiya və təcridlərə də əl atar. Amma belə addımların effekti sıfırdır: regional problemləri asanlıq və tezliklə çözə biləcək həll variantı sadəcə, yoxdur. Nədən ki, bu regionda maraqları olan böyük dövlətlər münaqişə və problemlərdən dəyənək kimi istifadə edərək bir-birlərini kötəkləməkdədir. ABŞ Tehranın nüvə proqramı ilə bağlı yaranmış problemi həll etmək üçün güc variantını istisna etmədiyini deyir. Lakin bir anlığa fərz edək ki, Birləşmiş Ştatların bütün iddiaları həqiqətdir və İrana zərbələr endirmək gərəkdir. Bu ölkənin nüvə obyektləri böyük əraziyə səpələnib və əksəriyyəti də yerin altındadır. Raket-bomba zərbələri Tehranın nüvə proqramı və uranın zənginləşdirilməsi istiqamətində apardığı işləri dayandırmayacaq: uzaqbaşı, bir qədər ləngidəcək. Məqsədə çatmağa işğal imkan verərdi, fəqət problemin həllinin daha az məsrəfli variantları var. İran qonşuları ilə müqayisədə daha gənc, daha savadlı, orta təbəqə mənsubları daha çox olan dövlətdir. Ölkə əhalisinin 2/3 hissəsi yaşı 30-a çatmamış adamlardır və İranda savad səviyyəsi də 79% təşkil edir. Ölkədə peyk televiziyası yasaqlansa da, iranlıların 5 milyondan artıq çanaq anteni var və onların arasında ən populyar telekanal CNN və ya "Əl Cəzirə" yox, MTV-dir. Artmaqda olan orta təbəqə isə siyasi və ya dini hüquqlarla müqayisədə iqtisadi uğura daha çox önəm verir. Bütün bunlar Qərb üçün şansdır. İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların daha da sərtləşdirilməsi Tehran hökumətini ən ciddi danışıqlara vadar edə bilər. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar