SON XƏBƏRLƏR

İranda dərviş Məhəmməd Səlas edamın bir addımlığındadır. Beynəlxalq Əfv Təşkilatı edamın dayandırılmasını tələb edir

2021.10.20, 07:36
İranda dərviş Məhəmməd Səlas edamın bir addımlığındadır. Beynəlxalq Əfv Təşkilatı edamın dayandırılmasını tələb edir

Gunaz.tv

GünAzTV: Dörd ay əvvəl Tehranda hökumət qüvvələrinin dərvişlərin dinc etirazına müdaxiləsində həbs edilən və 3 polis əməkdaşının qətlində günahlandırılaraq qisasa məhkum edilən dərviş Məhəmməd Səlas edamın bir addımlığındadır.

 

İran hökumət saytlarının yaydığı xəbərə əsasən, iyunun 17-də dərvişin qızı Nərgiz Səlas, Tehranın Rəcayişəhr zindanına çağırılıb və onun sonuncu dəfə atası ilə görüşünə icazə verilib. Zindanda Nərgizə atasının yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi bildirilib.

 

Beynəlxalq Əfv Təşkilatı iyunun 17-də bəyanat yayaraq, dərvişə qarşı irəli sürülən ittihamlarda şübhəli məqamların olduğunu bildirərək, İran rəsmilərindən Məhəmməd Səlasa çıxarılan ölüm hökmünün icrasının dayandırılmasını, onun işinə yenidən baxılmasını və ona şəffaf və ədalətli bir məhkəmənin keçirilməsini tələb edib.  

 

 

Həmçinin müttəhimin vəkili olan Zeynəb Tahiri, iyunun 17-də “Twitter” və “Teleqram” sosial şəbəkələrində yaydığı bir neçə postda müvəkkilinin günahsız olduğunu bildirərək, ona qarşı irəli sürülən ittihamların əsasız olduğunu bildirib. Vəkil bildirib ki, müvəkkilinin guya 3 polisi öldürməsi ilə bağlı etirafı, ağır işgəncələr altında ondan alınıb: “Mən uzun illər vəkillik etdiyim üçün qəti şəkildə və tam əminliklə bildirərəm ki, müvəkkilim günahsızdır. Bunu sübut etmək üçün əlimdə kifayət qədər dəlil-sübutlar var. Lakin müvəkkilimə qarşı edilən bu qədər zülmün, onun tələm-tələsik edam olunması üçün göstərilən cəhdlərin səbəbi mənə aydın deyil”.

 

Vəkil Zeynəb Tahiri həmin gün İranın dini lideri Əli Xamneyiyə müraciət edərək, ondan işə qarışaraq, müvəkkilinin edamının qarşısını almağı xahiş edib. Həmin müraciətdən az sonra, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşları, Zeynəb Tahirinin ofisinə basqın edərək, müvəkkili Məhəmməd Səlasın günahsız olduğunu sübut edən bir sıra sənədləri müsadirə edərək özləri ilə aparıblar.

 

Vəkil Zeynəb Tahiri və müvəkkili dərviş Məhəmməd Səlas

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı dinc dərvişlərin hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyüldüyünü görən naməlum bir şəxs, küçədə dayanmış bir avtobusu əli dəyənəkli hüquq-mühafizə əməkdaşlarının üstünə sürüb. Nəticədə, 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.  

 

Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələri iddia edir ki, dərviş Məhəmməd Səlas, polislərin üstünə sürülən həmin avtobusun sürücüsü olub. O isə bunu təkzib edərək, işgəncələr altında ondan yalançı etiraflar alındığını bildirir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar