SON XƏBƏRLƏR

İranda əkinçilər 3000 zərbə şallaq və 400 ay həbs cəzasına məhkum ediliblər

2021.10.20, 07:36
İranda əkinçilər 3000 zərbə şallaq və 400 ay həbs cəzasına məhkum ediliblər

Gunaz.tv

GünAz TV: Çoğaxor gölməçəsindən İsfahana su kanalı çəkilməsinə etiraz edən Buldaci əkinçilər ağır cəzaya məhkum ediliblər.

 

“Telegram” kanallarından birinin yaydığı məlumata əsasən, fermerlərin etirazından sonra başladılmış “cinayət işi”ndə ümumilikdə 283 nəfər təqsirləndirilən şəxs qismində tutulub. Çahar-Mahal və Bəxtiyari əyalətinin Bürucin rayonunun 2 saylı məhkəməsinin 101 saylı şöbəsinin hökmü ilə onlardan 103 nəfər Buldaci rayonundan olan əkinçi ümumilikdə 3 min şallaq zərbəsi və 400 ay həbsə məhkum edilib.

 

Çoğaxor gölməçəsindən İsfahan vilayətində yerləşən “Sefiddəşt” polad zavoduna icazəsiz və qeyri-qanuni su çəkilməsinə etiraz edən bu fermerlərə qarşı “ictimai asayişi pozmaq” və “polisin qanuni tələbinə tabe olmamaq” kimi ittihamlar irəli sürülüb.

 

Kanal bildirir ki, etirazlar zamanı öldürülmüş rayon sakini Sadiq Nadirinin qatili tapılmayıb və məhkəmə onun diyə pulunun dövlət tərəfindən ödənilməsi barədə hökm çıxarıb. Hadisə iştirakçıları onun təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü və dövlətin də qatili buna görə gizlətdiyini deyirlər.

 

Xatırladaq ki, qeyd edilən etirazlar 2016-cı ilin iyul ayında keçirilmişdi. Təhlükəsizlik qüvvələri ilə yerli sakinlər arasında baş vermiş toqquşmalar nəticəsində 1 nəfər ölmüş, 30-dan çox insan ağır yaralanmış və 50 nəfər saxlanmışdı. Etirazlardan sonra İran Ekologiya Təşkilatı gölməçədən İsfahan vilayətinə kanal çəkilməsi layihəsinin dayandırılmasına göstəriş versə də, lakin bir müddət sonra bu layihənin icrası yenidən başladılmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar