SON XƏBƏRLƏR

iranda TƏLƏBƏLƏRİ YENƏ ALDADACAQLAR?

2021.10.20, 07:36
iranda TƏLƏBƏLƏRİ YENƏ ALDADACAQLAR?

Gunaz.tv
33491_1 TƏLƏBƏLƏRİ YENƏ ALDADACAQLAR? Azərbaycanlı siyasi məhbuslara işgəncə verilməsi səngimir S.SƏDRƏDDİN İran hakimiyyətinin Azərbaycan türklərinə qarşı təzyiqi artmaqdadır. Hələ 2006-cı ilin məlum may etiraz aksiyası zamanı həbs olunanların mühakiməsi davam edir, eləcə də bu olayın ikinci ildönümünə həsr olunmuş tədbirlərdə tutulanlara işgəncə verilir. Ötən həftə azərbaycanlıların milli haqlarının təmin edilməsi uğrunda hərəkatın təəssübkeşlərindən biri, şair Səxavət İzzəti həbs olunub. O, Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun şeirlərini əski əlifbaya çevirmişdi. "Bütövaz"ın məlumatına görə, Azərbaycan ədəbiyyatının təbliği ilə məşğul olan ziyalılar təqiblə üzləşməkdədirlər. Hakimiyyətin yürütdüyü siyasətə ən kəskin etiraz edən sosial təbəqə tələbələrdir. Kərəc şəhərindəki Pərdis Pedaqoji Universitetinin tələbələri haqlarının pozulmasına etiraz olaraq ötən həftə aclıq aksiyası və başqa tədbirlər keçirməyə başlamışdılar. İki minə yaxın tələbə-gənc, o cümlədən tələbə qızlar bir həftə öncə "Tələbələrə azadlıq!", "Hərbi-polis rejiminə son qoyulsun!", "Siyasi məhbuslara azadlıq!" şüarı əsasında başlamış aksiyaya dəstək verməkdədirlər. 90 nəfər aclıq aksiyası keçirirdi. İki tələbə qızın səhhəti ağırlaşdığından onlar xəstəxanaya yerləşdirilmişdi. Tələbələr universitet rəhbərliyi müavinlərinin işdən çıxarılmasını, tələbələrin, demək olar, bütün hərəkətini nəzarətdə saxlayan, hakimiyyətin xəfiyyə qurumlarına bağlı olan inzibati komitənin ləğvini, tələbə yeməkxanalarının işinin yaxşılaşdırılmasını, kitabxananın bərpasını və universitet rektorunun çeşidli bəhanələrlə təzyiq göstərdiyi tələbələrdən üzr istəməsini tələb ediblər. Məhdiyyə Gürlu adlı müşahidəçi tələbə "Azadlıq" radiosunun farsdilli redaksiyasına açıqlamasında aksiya iştirakçılarına hakimiyyətin sərt basqılar göstərdiyini bildirmişdi: "Hökumət qüvvələri universiteti mühasirəyə alıblar. Hakimiyyət bir neçə gün əvvəl tələbələri etiraz aksiyasını dayandırmağa vadar etmək üçün ali təhsil ocağının suyunu kəsib". Ötən gün tələbələrin oturaq və aclıq aksiyası gənclərin istəklərinin təmin olunması ilə nəticələnib. İran təhsil nazirinin müavini universitetə gələrək səhərdən axşamadək tələbələrlə müzakirələr aparıb. Sonucda nazir müavini və ali təhsil müəssisəsinin rəhbəri onların bütün tələblərinə əməl olunacağına söz veriblər. Amma təcrübə bunun əksini söyləməyə əsas verir. Hələ 10 il öncə Xatəminin prezidentliyinin ilk ilində də ölkədə tələbələrin etiraz aksiyası keçirilmişdi. O zaman gənclər bir sıra məişət problemləri ilə yanaşı, təhlükəsizlik komitəsinin universitetlərdən götürülməsini, habelə söz, fikir azadlığının təmin olunmasını tələb edirdilər. Onda hakimiyyət vəziyyətə nəzarəti ələ keçirdikdən sonra etiraz aksiyası iştirakçılarının bir çoxunu "xarici qüvvələrə işləmək" kimi əsassız ittihamlarla həbs etdi. Bu baxımdan Kərəcdəki tələbə aksiyası dayandırıldıqdan sonra həmin tələbələrə qarşı inzibati tədbirlərin görülməyəcəyinə təminat yoxdur. Ən azı milli təhlükəsizlik qurumlarına bağlı nəzarət komitəsinin universitetdən götürüləcəyi heç inandırıcı görünmür. "Mediaforum"un təzyiqlərə dair yaydığı məlumatda isə bildirilib ki, Beynəlxalq Əfv Təşkilatı öz bəyanatında milli haqlar uğrunda mübarizə aparan yüzlərlə Güney Azərbaycan türkünün həbsxanada işgəncəyə məruz qalmasından narahat olduğunu vurğulayıb. Həmin azərbaycanlılar 2006-cı ildəki may etiraz aksiyalarının ikinci ildönümünə həsr olunmuş tədbirlərdə tutulublar. Bu bəyanatda həmin olayla bağlı həbsdə olan bir neçə azərbaycanlının adı da çəkilib: "Həsən Əsədi - bu il mayın 22-də, ETTELAAT əməkdaşları tərəfindən tutularaq, naməlum istiqamətə aparılıb; Əli Sadiqi - İran Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları mayın 16-da onu işlədiyi yerdə həbs edərək özləri ilə aparıblar. Onlar hərəkat təəssübkeşinin evində qanunsuz axtarış apararaq, Ə.Sadiqiyə məxsus kitabları, kompüter disklərini, əlyazmaları, kompüteri müsadirə ediblər; Höccət Tarıverdian - mayın 21-də Təbrizdə tutulub, hazırda ETTELAAT-ın təcridxanasında saxlanılır; Əmri Məhəmməd Bənai Sadiq və Əhəd Rəzəvi aksiyadan bir neçə gün öncə küçədə tutulublar, onların ağır işgəncəyə məruz qaldıqları və nəticədə həkimə ehtiyac duyduqları bildirilir. Məlumatlara görə, ETTELAAT təcridxanasının rəhbərliyi onların həkimə müraciət etməsinə icazə vermir; Əkbər Hüseynzadə - mayın 19-da Təbrizdə özəl dükanında ETTELAAT məmurları tərəfindən tutulub. Məmurlar onun dükandakı 4 kompüterini, SD-lərini, kitablarını və başqa şəxsi əşyalarını müsadirə edərək, özləri ilə aparıblar". Güney Azərbaycanın Sulduz (hakimiyyət onu Nəğədə adlandırıb) şəhərindən olan Milli Hərəkat təəssübkeşi Vəli Siyami (Babək) barəsində yerli məhkəmə azadlıqdan məhrumetmə və şallaq cəzası hökmü çıxarıb. Onun şallaq hökmü zindandaca yerinə yetirilib. Yayılmış xəbərlərə görə, hakimiyyət ona zindanda işgəncə verir. Bundan başqa, may hadisələrinin ikinci ildönümünə həsr olunmuş aksiyalar zamanı tutulmuş hərəkatçılar Sulduz və Urmiya həbsxanalarında işgəncəyə məruz qalmaqdadırlar. Onların bir çoxu təkadamlıq kameralarda saxlanılır. Sadəcə olaraq, məhbuslar barəsində məlumat almaq problem olduğundan onların adlarını açıqlamaq mümkünsüzdür. Onu da qeyd edək ki, 2006-cı ilin məlum may olayları ilə bağlı hesabat hazırlanmaqdadır. Bunun üçün ayrı-ayrı təşkilatlar, o cümlədən dərnəklər və tələbə təşkilatları, habelə hakimiyyət tərəfindən zərərçəkmiş ailələrdən toplancaq məlumatlar ümumiləşdirilərək, beynəlxalq hüquq müdafiə təşkilatalarına təqdim olunacaq. Lakin məlumatlara görə, elə may olaylarının ikinci ildönümünə həsr olunmuş mərasim ərəfəsində və ondan sonra 4 mindən çox azərbaycanlı çeşidli təzyiqlərə məruz qalıb, sorğu-suala çəkilib. İki il öncəki etiraz aksiyasında iştirak edərkən Tehran polisi tərəfindən qətlə yetirilmişlərin ailə üzvlərinə qarşı da basqılar artmaqdadır. Ötən həftə Sulduz şəhərindən olan şəhidlərin qardaşları - Rəhim və Əsgər Fətihpur, eləcə də Əli Azəryun yerli yanacaqdoldurma məntəqəsinə daxil olarkən polis və təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıblar. Hakimiyyət məmurları bu üç soydaşımıza ağır bədən xəsarəti yetirdikdən sonra onları avtomobilə mindirərək, naməlum istiqamətə aparıblar. Bu hücuma isə Sulduz şəhəri polis idarəsinin təhlükəsizlik məsələləri üzrə rəhbəri Eynulla Novruzpur başçılıq edib. Milli haqları müdafiə etdiklərinə görə qətlə yetirilmişlərin qardaşları ilə bağlı bu günə kimi məlumat yoxdur. Ailə üzvlərinə isə onlar barədə məlumat verilmir. Bu həftənin əvvəlində isə İran İslam Məhkəməsinin Tehrandakı yerli 115-ci şöbəsinin hakimi Sələvatinin sədrliyi ilə keçirilən məhkəmə prosesində 9 azərbaycanlıya hökm oxunub. Jurnalist, hüquq müdafiəçisi Səid Mətinpur "dövlət quruluşuna qarşı təbliğat aparmaqda" və "xarici qüvvələrlə əlaqədə" suçlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlı siyasi məhbusların haqlarını müdafiə edən vəkil Saleh Kamrani, universitet müəllimləri Abdulla Abbasi-Cavan və doktor Məhəmmədəli Heydəri, ictimai-siyasi fəallar: Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Saleki-Niya, Mirqasım Seyidinzadə, Bəhruz Səfəri, Leyla Heydəri də eyni ittihamla mühakimə olunaraq hər birinə bir il müddətinə şərti iş kəsilib. Onu da xatırladaq ki, onların hamısı az qala bir il işgəncəyə məruz qalaraq, həbsxanada saxlanılıb. Bir ay öncə ağır maliyyə girovu qarşılığında zaminə buraxılmışdılar. "Bütövaz"ın yaydığı xəbərdə isə bildirilib ki, Azərbaycan Milli Hərəkatının təəssübkeşi Firidun Mehdipur on gündən artıqdır həbsxanda aclıq aksiyası keçirir. Məlumata görə, bu azərbaycanlı ölüm ayağındadır. Bir müddət öncə itkin düşdüyü ehtimal olunan Ramin Rəzmi və Əkbər Hüseynzadənin tapıldığı haqda xəbər yayılıb. Onların hər ikisinin ETTELAAT-ın Təbrizdəki yerli şöbəsinin təcridxanasında saxlanıldığı məlum olub. Yeri gəlmişkən qeyd edək ki, "itkin düşənlər"in cəsədləri bir qayda olaraq şəhər kənarından və ya çöldən tapılır. Bu baxımdan onların tapılması xəbəri ailələr üçün bir qədər sevindirici sayılır. Hakimiyyətin təzyiqlərinə, hədələrinə, həbslərinə baxmayaraq, Milli Hərəkat Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmaqdadır. Bu, özünü çeşidli sahələrdə göstərir. Bu yaxınlarda Güney Azərbaycanın, eləcə də İranın bir sıra universitetlərində tələbələr ölkə polislərinin karikaturalarını çəkərək yayıblar. Gənclər həmin rəsmlərdə hakimiyyətin tələbə yataqxanalarında qız və oğlanların münasibətlərinə müdaxilə edən təhlükəsizlik orqanları məmurlarının təsvirini çəkmiş, bu yolla mövcud rejimi tənqid etmişlər. Tələbələrin hazırladıqları bu karikaturalar həm də Güney Azərbaycandakı diktaturanı, antitürk davranışları, təqib və təzyiqləri pisləyib. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar