SON XƏBƏRLƏR

Moskvanın Qərbə "anti-Nabucco" jesti_Astana və Aşqabad Rusiya amiliylə hesablaşmağa məcburdurlar

2021.10.20, 07:36
Moskvanın Qərbə "anti-Nabucco" jesti_Astana və Aşqabad Rusiya amiliylə hesablaşmağa məcburdurlar

Gunaz.tv
Moskvanın Qərbə "anti-Nabucco" jesti "Astana və Aşqabad Rusiya amiliylə hesablaşmağa məcburdurlar" moskva.jpg Ötən gün Moskvada Xəzər enerji forumu keçirilib. Rusiyanın bir sıra nazirliklərinin patronajı altında keçirilən bu tədbirin əsas məqsədi Xəzərdə enerji təhlükəsizliyi və beynəlxalq enerji əməkdaşlığı haqda fikir mübadiləsi aparmaq olub. Forumda Xəzərdəki siyasi-hüquqi vəziyyət, enerji daşıyıcılarının marşrutları haqqında müzakirələr açılıb. Xəzərin statusu üzrə danışıqlarda Rusiyanın rəsmi təmsilçisi Aleksandr Qolovin xüususi olaraq nəql marşrutlarına toxunub və öz dövlətinin mövqeyini bir daha xatırladıb. O bildirib ki, burada əməkdaşlıq geosiyasi maraqlara, kimisə yan keçmək məqsədlərinə deyil, ilk növbədə iqtisadi məqsədəuyğunluğa söykənməlidir. Rəvan Məmmədli Aleksandr Qolovin qeyd edib ki, artıq mövcud boru kəmərləri sistemindən maksimal yararlanmaq lazımdır, onların inkişafı yeni kəmərlərin tikilişindən ucuz başa gələcək. Aleksandr Qolovin yeni kəmərlərin tikilişi zamanı ekoloji və təhlükəsizlik məqamlarının da xüsusi olaraq nəzərə alınmasını zəruri sayıb. Onun fikrincə, Xəzər seysimik zonadır və ekoloji səbəbdən onun dibindən neft və qaz kəmərləri çəkmək olmaz. Bəllidir ki, Rusiyanın Xəzər enerji forumu keçirməkdə məqsədi türkmən qazının dənizin dibiylə Azərbaycana, Bakı-Tiflis-Ərzurum kəmərinə ötürülməsini nəzərdə tutan, Avropanın böyük önəm verdiyi "Nabucco"nun bünövrəsi sayılan "Trans-Xəzər" kəmərinin reallaşmasını əngəlləməkdir. Ekoloji məsələ də əslində bəhanədir. Çünki şimal qonşumuzun özü Qara dənizdən keçməklə "Mavi axın" layihəsini gerçəkləşdirib. Qara dəniz isə Xəzərlə eyni geoloji zonadadır. Qısası, Rusiya Xəzər regionunun enerji resurslarının özündən yan keçən nəql marşrutlarıyla Avropaya çatdırılmasını maraqlarına zidd sayır və enerji marşrutlarının təzyiq vasitəsi kimi daim əlində qalmasına çalışır. Yeri gəlmişkən, o da məlumdur ki, Azərbaycan və Türkmənistanın dənizdəki sektoru faktiki neft və qaz buruqlarından quruya gələn kəmərlərin şəbəkəsiylə əhatə olunub və bu şəbəkələr arasında bəzi yerlərdə məsafə 40 kilometrdən də azdır. Bunun özü də ekoloji məqamın bəhanə kimi ortaya atıldığını bir daha təsdiqləyir. Təsadüfi deyil ki, forumda Azərbaycanı təmsil edən Sənaye və Energetika Nazirliyinin rəsmisi Akif Əfəndiyev də Rusiyanın ekoloji məqamı vurğulamasını siyasi məqamlarla əlaqələndirib. O da diqqət çəkir ki, Moskva enerji forumunu sentyabrda Azərbaycan və Türkmənistanın Bakıda keçirməyi planlaşdırdığı enerji konfransından öncəyə salıb. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, "Nabucco" tək Avropa Birliyi deyil, ABŞ-ın da tam dəstəklədiyi bir ideyadır. İki ilə yaxındır ki, Qərbdə bu layihəylə bağlı ciddi müzakirələr aparılır. Rusiya qəti olaraq "Nabucco" üçün həyati önəm daşıyan "Trans-Xəzər" qaz kəmərinin reallaşmasına qarşıdır. Bu müddətdə Türkmənistan və Qazaxıstan "Nabucco"nun həm xeyrinə, həm də əleyhinə olan bəyanatlar verib. Bütün bunlar "Trans-Xəzər" qaz və neft kəmərlərinin reallaşmasına imkan verməyib. İqtisadçı ekspertin sözlərinə görə, Moskvanın əsas məqsədi odur ki, Xəzərin qaz ehtiyatları Rusiyanın üzərindən keçməklə satılsın, "Qazprom" bu sahədə inhisarçı mövqeyə malik olsun. Bu ölkənin prezidenti Dmitri Medvedyev də az əvvəl Bakıda olarkən Azərbaycanın qaz ehtiyatlarının bir hissəsinin "Qazprom" vasitəsiylə satılması barədə müzakirələr aparıb. Yəni tək Orta Asyia deyil, şimal qonşumuz bizim qazımızın da öz ərazisindən nəql olunaraq satılmasında maraqlıdır. Vüqar Bayramov xatırlatdı ki, Rusiya bu gün Mərkəzi və Şərqi Avropa ölkələrinin qaza olan tələbatının 60 faizini verir. Bu, kifayət qədər böyük rəqəmdir və Avropanı qaz məsələsində Rusiyadan asılı vəziyyətə salıb. "Trans-Xəzər" qaz və neft kəmərləri də Rusiyadan aslılığın aradan qaldırmağa hesablanmış layihələrdir: "Nəzərə alınsa ki, qaz artıq tək iqtisadi deyil, həm də siyasi alətə çevrilib, Avropa Moskvanın Ukrayna və Gürcüstana olduğu kimi gələcəkdə başqa ölkələrə münasibətdə də bu aləti işə salacağından çəkinir və alternativ mənbələr axtarır. Alternativ mənbələr də Xəzər dənizi hövzəsi ölkələridir. İranın qaz ehtiyatları kifayət qədər böyük olsa da, ABŞ və Avropa üçün heç vaxt Rusiyaya alternativ mənbə olmayacaq. Yaxın Şərqə də eyni problemlər xasdır. Bu gün Avropaya ən yaxın, siyasi baxımından ən dayanıqlı Xəzər dənizi hövzəsi ölkələrinin malik olduğu qaz ehtiyatlarının Rusiya qazına alternativ mənbə kimi istifadə etməkdir". İqtisadçı ekpert dedi ki, problem odur ki, yalnız Azərbaycanın qaz ehtiyatlarıyla "Nabucco"nu işə salmaq mümkün deyil, xüsusən Türkmənistan və Qazaxıstanın "hə" deməsi vacibdir. Vüqar Bayramov dedi ki, mütəmali olaraq Rusiyada keçirilən bu tədbirlərin sonuncusunda iştirakçılıq daha yüksək və geniş səviyyədə olub: "Bununla Rusiya son günlər aktuallaşmaqda olan "Nabucco" qaz kəmərinə qarşı olduğunu bir daha həm Avropa Birliyinə, həm ABŞ-a, həm də bu layihədə iştirak etmək istəyən ölkələrin diqqətinə çatdırdı. Son konfrans həm də onu göstərdi ki, hələlik Orta Asiya ölkələri, Türkmənistan və Qazaxıstan öz qazını Rusiyadan yan keçməklə nəqlinə ciddi maraq göstərmir. Maraqlı olsalar da belə, bu ideya üzərində ciddi şəkildə fikirləşmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Qazaxıstan Rusiyayla mədəni və siyasi baxımdan inteqrasiya olunmuş ölkədir. Moskva faktoru da olduqca güclüdür və Astanayla Aşqabad bununla hesablaşmağa məcburdurlar. Moskvada keçirilən son konfrans göstərdi ki, "Nabucco", "Trans-Xəzər" kəmərləri hələ ki, ideya olaraq qalacaq. Həm də ona görə ki, Xəzərin də hüquqi statusu hələ ki, müəyyənləşməyib. Məhz bu maneələr keçildikdən sonra optimist danışmaq olar". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar