SON XƏBƏRLƏR

Natiq Miri: Azərbaycanda Türkiyə istisna olmaqla, digər xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsi milli maraqlarımıza ziddir

2021.10.20, 07:36
Natiq Miri: Azərbaycanda Türkiyə istisna olmaqla, digər xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsi milli maraqlarımıza ziddir

Gunaz.tv

GünAzTv :Türkiyənin müdafiə naziri Vecdi Könülün iki günlük Bakı səfəri yekunlaşıb. Ekspertlər səfəri iki qardaş ölkə arasında hərbi əməkdaşlıq sahəsində olduqca mühüm hadisə sayırlar.

GünAzTv mətbuat mərkəzinin "Yeni musavat"-a istinadən yaydığı məlumata görə, Səfər çərçivəsində Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsinin müzakirə olunduğu da bildirilir. Qeyd edək ki, buna iki ölkə arasında imzalanmış hərbi-strateji əməkdaşlıq sazişi, həmçinin Qars müqaviləsi tam imkan verir. Lakin onu da unutmaq olmaz ki, Türkiyə ilə yanaşı, bölgədə hərbi bazasını yerləşdirmək istəyində olan hegemon Amerika dövləti də var. Belə olan halda, Azərbaycan üçün Türkiyə yoxsa ABŞ hərbi bazalarının yerləşdirilməsi məqsədəuyğun olardı?Mövzu ilə bağlı söhbətləşdiyimiz Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri hesab edir ki, Azərbaycanda Türkiyə istisna olmaqla, digər xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsi milli maraqlarımıza ziddir: “Türkiyənin hər hansı kiçik həcmdə belə hərbi bazasının ölkəmizdə yerləşməsi milli mənafeyimizə uyğundur. İndiki şəraitdə Naxçıvanda Türkiyənin hərbi hava qüvvələrinin yerləşməsi maraqlarımıza uyğun olardı. Gələcəkdə başqa dövlətlə münaqişə zamanı Türkiyənin hərbi hava qüvvələri ərazilərimizdə sərbəst hərəkət edəcək. Ona görə də Türkiyədən başqa bir dövlətin hərbi bazasının ərazilərimizə yerləşməsinə imkan vermək olmaz”. N. Miri bildirdi ki, Türkiyənin Bakıda səfərdə olan müdafiə naziri görüşlərində bu məsələnin müzakirəsi mümkündür: “Şübhəsiz ki, bu mövzu daim müzakirə predmetidir və hər iki ölkənin müdafiə nazirləri bu barədə danışıblar. Sadəcə olaraq, Türkiyənin hərbi bazasının ölkəmizin ərazilərində yerləşməsi qonşu Rusiya və İranın maraqlarına uyğun deyil. Hər iki qonşu dövlət məsələdə dirəniş göstərir. Eyni zamanda NATO bunu istəmir. Ortada bir geosiyasi faktor kimi xristianlıq var. O cümlədən NATO-ya daxil olmayan dövlətlərin ərazisində Türkiyənin hərbi bazalarının yerləşməsinə imkan verilmir. Baxmayaraq ki, hazırda NATO-ya üzv olmayan dövlətlər var ki, ərazilərində hərbi baza yerləşdirilib”.Ekspertin fikrincə, Azərbaycan və Türkiyə hakimiyyətləri siyasi iradə göstərərsə, bu reallaşa bilər: “Buna Qars müqaviləsi də imkan verir. O zaman erməni işğalçılığına, Ermənistanın Naxçıvan ərazisindən təhdidlərinə son qoyulacaq. Bundan əlavə, Türkiyənin hərbi bazası Naxçıvanda yerləşərsə bu, Türkiyə Rusiya münasibətlərini korlamayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar