SON XƏBƏRLƏR

Putin doktrinası

2021.10.20, 07:36
Putin doktrinası

Gunaz.tv
Putin doktrinası putinb.jpg Sözsüz ki, Gürcüstan prezidenti Mixail Saakaşvilini çox ağıllı adam adlandırmaq olmaz. Ağıllı prezident rusların yerli “paxan” (yəni “prezident”) Eduard Kokoyta ilə bir yerdə Cənubi Osetiyada qurduqları tələyə düşməzdi. Ağıllı hakim adi bir kəşfiyyat əməliyyatı aparıb, dəhşət içində geri çəkilərdi. Sərhədin o biri üzündə – Rusiya ərazisindəki Şimali Osetiyada dəhşətli Çeçenistan müharibəsində od-alovdan keçib bərkimiş və Rusiyanın ən hazırlıqlı hərbi hissəsi sayılan 58-ci ordu öz saatını gözləyirdi. 600 tank, 2 min zirehli transportyor, 120 döyüş təyyarəsi. Gürcü prezidentinin beyni azca işləsəydi, 58-ci ordunun keçə biləcəyi yeganə yer olan 2 millik Roksk tunelini bağlayıb, ölkəsini fəlakətdən qurtara bilərdi. Etmədi və 15 min əsgərlə 150 tank Gürcüstana hücum çəkib, nərildəməyə cəsarət edən siçanın ağzını yumdu. Bunlar hamısı doğrudur. Amma baş verənlərin əsas günahkarı Saakaşvili deyil, baş nazir Vladimir Putindir. Hər şey avqustun 8-də deyil, iyulda hücumun baş məşqi olan “Qafqaz-2008” təlimləri ilə başladı. Moskva dolayı manevr kimi Cənubi Osetiya sakinlərinə (qanunla Gürcüstan vətəndaşlarıdırlar) minlərlə Rusiya pasportu paylayaraq piar-gediş üçün çox münbit şərait yaratdı: “Necə? Biz? Təcavüzkar? Biz sadəcə Rusiya vətəndaşlarını müdafiə edirik!”. Rusiyanın dördüncü dəfə Gürcüstanı ələ keçirməsi belə baş verdi. Birinci payı Böyük Yekaterina ələ keçirmişdi. II Aleksandr 1864-cü ildə işğalı başa çatdırdı. 1921-ci ildə isə Gürcüstan üç illik müstəqillikdən sonra bolşeviklər tərəfindən işğal olundu. Demək, “varislik” barədə danışmağın vaxtı çatıb. Varislik güc siyasəti, istila, ağalıq kimi qədim dövrlərdən dövlətə aidiyyatı olan anlayışlarla sıx bağlıdır. 8 avqust hadisələri göstərdi ki, bu, Rusiyanın fəaliyyətinə də aiddir. İndi biz Qorbaçov-Yeltsin dövrünə (1985-2000) təəccüblə baxırıq. Rusiyanın Rusiya olmaqdan imtina etdiyinə necə inana bilmişik? Rusiyanı 1881-1894-cü illərdə idarə edən III Aleksandrın sözlərinə fikir vermək kifayətdir. O deyirdi ki, Rusiyanın iki dostu var: donanma və ordu. 2003-cü ildəki İraq müharibəsi zamanı həmin ifadəni müdafiə naziri Sergey İvanov təkrar edib və bu da Putinin bütün fəaliyyətini izah edir. Hakimiyyət və imkan. Əgər onlar sənin əlindədirlərsə, istifadə et – tankları, qaz kəmərlərini, nəyi istəsən. Qərbin iqlim və aclıqla mübarizə ilə məşğul olduğu, “yumşaq təsir” barəsində danışdığı bir vaxtda Putin “sərt təsirə” qayıtdı. O, Pribaltikadan Belarus və Ukraynaya kimi qonşularını qorxutmaq üçün qazdan, özününkü saydığı əraziləri qaytarmaq üçün tankdan istifadə etməyə başladı. Bu gün Gürcüstanın növbəsi çatıb. Növbə kimindir? Neft içində üzən Azərbaycanın? Neft kəmərləri Rusiyanın nəzarətindən kənarda Gürcüstan ərazisindən keçən və Avropanın əsas qaz tədarükçüsü olan Qazaxıstanın? Hazırda müstəqil, amma tarixən Rusiyanın ürəyi sayılan suveren Ukraynanın? Saakaşvilini qamçılayanlar Putinə yumşaq yanaşmağa çağırırlar. Onlar Rusiyanın “soyuq müharibə”dən sonra yaşadığı təhqiri, imperiyanın itirilməsini, NATO və Avropa Birliyinin qələbə marşını xatırlayırlar. Bəs sonra? Bu o deməkdir ki, Rusiyanın imperiya olmağa haqqı var? Yəni Rusiyanın Pribaltikadan Bolqarıstana kimi keçmiş vassallarının müstəqillik və təhlükəsizlik hüquqları yoxdur? 40 il əvvəl Brejnevin “sosiailst dövlətləri sosializmdən əl çəkə bilməzlər” doktrinası “Praqa baharı”nı darmadağın etməyə imkan verən işğala əsas oldu. İndi də Putinin “vaxtilə Rusiyaya məxsus olanları həmişə ona məxsus olmalıdır” doktrinası ilə qarşılaşacağıq? Retro stilindəki belə bir imperializm hətta yumşaq yanaşma tərəfdarlarına da xoş gəlməyəcək. Deməli, gündəliyin birinci məsələsi Gürcüstanın bərpa edilməsinə iri miqyaslı kömək olmalıdır. Saakaşvili axmaq ola bilər, amma o, demokratik axmaqdır və Putinin hər hansı bir əldəqayırma oyuncağından yaxşıdır. Almaniyanın kansleri Anqela Merkel Tiflisdəki bəyanatı verərkən haqlı olub: “Gürcüstan NATO üzvü olacaq. Çünkü o, üzv olmaq istəyir”. İnamın möhkəmləndirilməsi tədbirlərini NATO-nun yeni üzvlərinə də aid etmək lazımdır. Alyans vaxtilə ayını hirsləndirməmək üçün Polşada öz qoşunlarını yerləşdirməkdən imtina etdi. İndi isə qüvvələrin sürətlə yerləşdirilməsi və köməyin tez bir zamanda çatdırılması üçün infrastruktur yaratmaq vaxtı yetişib. Polşanı sakitləşdirmək Putinin könlünü almaqdan daha vacibdir. Rusiya Gürcüstandan dərhal çəkilməli və ya diplomatik təcrid və institusional dialoqun dayandırılması ilə üzləşməlidir. Çox yumuşaqdır, deyilmi? Amma müasir çar Vladimir çar Aleksandr kimi ancaq donanma və orduya arxalansa tamamilə təklikdə qalacaq. Çerçillin sözlərini dəyişərək belə demək olar: “Qarşılıqlı xeyir müharibədən daha yaxşıdır”. Amerika prezidentini yada salın. O, birinci prezidentlik müddətində düşünürdü ki, ancaq kobud güclə kifayətlənmək olar. Vladimirdən Corca salamlar! Yozef Yoffe, Hamburqdakı “Die Zeit” qəzetinin naşir redaktoru, Stenford universitetinin beynəlxalq münasibətlər İnstitutunun baş elmi əməkdaşı. "Newsweek", 25 avqust 2008 LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar