SON XƏBƏRLƏR

İranda etiraz aksiyasına qatılan daha 7 müəllim həbs olunub

2022.02.02, 14:33
İranda etiraz aksiyasına qatılan daha 7 müəllim həbs olunub

Gunaz.tv

İran Təhsil İşçiləri Koordinasiya Şurasının sözçüsü Məhəmməd Həbibinin verdiyi məlumata görə müəllimlər Əhməd Heydəri, Əhmədi və Davudi Tehranda, Məhəmmədəli Zəhmətkeş, Əsgər Əmirzadeqan, Qəhrəman Kiyani Şiraz şəhərində, Cabbar Dusti isə Mərivan şəhərində təhlükəsizlik məmurları tərəfindən həbs olunublar.

Bununla yanaşı Həbibi, yanvarın 31-i bazar ertəsi Kərəc şəhərinin İnqilab Məhkəməsində İran Təhsil İşçiləri Koordinasiya Şurasının müfəttişi Cəfər İbrahiminin 4 il 6 ay həbs cəzasına məhkum edildiyini elan edib.

Qeyd edək ki, İran Təhsil İşçiləri Koordinasiya Şurasının yanvarın 26-da yayınlanan növbəti çağırışından sonra İranın 300 şəhərində müəllimlər oturaq aksiya keçirib.

Yanvarın 29-30 tarixlərində keçirilən oturaq aksiyadan sonra onlar yanvarın 31-də Tehranın parlament binası və başqa şəhərlərin Təhsil İdarələri qarşısında mitinq keçiriblər.

Etirazçı müəllimlər əmək haqlarının qaldırılmasını, gecikdirilmiş əmək haqlarının ödənilməsini, maaşların bərabərləşdirilməsini, rütbələndirmə qanununun tətbiq edilməsini məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər.
 
C.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar