SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın “Süngün” mis mədəninin gəlirləri ədalətli paylanılmalıdır

2021.10.20, 07:36
Şərqi Azərbaycanın “Süngün” mis mədəninin gəlirləri ədalətli paylanılmalıdır

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin “Mədən Evi” idarə heyətinin üzvü Məhəmməd Nəsiri “Süngün” mis mədəninin gəlirlərinin ədalətli şəkildə bölünmədiyini deyib.

Onun sözlərinə görə, bu günə kimi mədəndən əldə edilən gəlirlərin bir qisminin Şərqi Azərbaycanda qalması ilə bağlı danışıqlar aparılsada əməldə bu baş verməyib və əyalət özünün sərvətlərindən istifadə edə bilməyib.

O, bildirib ki, Şərqi Azərbaycan əyalətində olan mədənlərin bölgənin inkişafı üçün əhəmiyyətli rol oynaya biləcəyinə baxmayaraq, bu sərvətlər, başqa əyalətlərin şirkətləri vasitəsilə daşınıb və yerli məsullar bunun qarşısının alınmasında ciddi addımlar atmayıblar.

“Şərqi Azərbaycan əyaləti mədən potensialının müxtəlifliyinə və miqdarına görə ölkədə birinci yerdədir. Ancaq buna baxmayaraq mədən sənayesinin inkişaf etdirilməsində Kirman, Xorasan və İsfahan Şərqi Azərbaycanı qabaqlayıblar və Şərqi Azərbaycanda mədən sənayesinin inkişafına əhəmiyyət verilməyib”-deyə, Nəsiri bu sahədə Şərqi Azərbaycana qarşı haqsızlıq edildiyini bildirib.

Nəsiri deyib ki, Şərqi Azərbaycanda mədən fəaliyyətləri haqqında 700 icazə sənədinin verilməsinə baxmayaraq, bunlardan yalnız 300-ü fəaldır.

“Süngün mis mədəninin inkişaf planlarının düzgün həyata keçiriləcəyi və mövcud potensiala uyğunlaşdırılacağı təqdirdə yalnız Vərziğan bölgəsində deyil, bütün əyalətdə işsizlik probleminin aradan qaldırılmasında irəliləyiş olacaq”-deyə, Mədən Evinin idarə heyətinin üzvü qeyd edib.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar