SON XƏBƏRLƏR

Ruhani və Ərdoğan telefonda danışıblar: “Qüds, Fələstinin ayrılmaz bir hissəsidir”

2021.10.20, 07:36
Ruhani və Ərdoğan telefonda danışıblar: “Qüds, Fələstinin ayrılmaz bir hissəsidir”

Gunaz.tv

 GünAzTV: İran və Türkiyə prezidentləri dekabrın 6-sı axşam saatlarında telefonda danışaraq Amerika prezidenti Donald Trampın Yerusəlimi (Qüds) İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarını müzakirə ediblər. Bu barədə İran prezidentinə məxsus sayt məlumat yayıb.

 

Məlumatda bildirilir ki, telefon danışığında Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan, Amerika hökumətinin bu qərarını qınayaraq Qüdsün Fələstinin ayrılmaz bir hissəsi olduğuna təkid ediblər. Danışıqlar zamanı hər iki ölkənin prezidenti Amerika hökumətinin bu qərarını təhlükəli adlandıraraq bütün müsəlman ölkələrini vahid bir səslə Vaşinqtonun bu qərarı qarşısında müqavimət göstərməyə  çağırıblar.

 

Telefon söhbətində Ruhani və Ərdoğan məsələnin həssaslığına toxunaraq, Orta Şərq regionunda, o cümlədən də İsrail və Fələstində baş verən olayları müzakirə etmək üçün İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar fövqəladə toplantısının keçirilməsini vacib saydıqlarını bildiriblər. 

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-sı axşam saatlarında Ağ evdə televiziya vasitəsilə etdiyi tarixi bir çıxışda Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Tramp, ölkəsinin Tel-Əvivdəki səfirliyini tezlikcə Yerusəlimə köçürücəyi barədə söz verib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar