SON XƏBƏRLƏR

Rusiya dünya ilə üz-üzə qalır_Əli Çərkəzoğlu

2021.10.20, 07:36
Rusiya dünya ilə üz-üzə qalır_Əli Çərkəzoğlu

Gunaz.tv
Rusiya dünya ilə üz-üzə qalır yazar_4.jpg Əli Çərkəzoğlu Gürcüstanda matəmdir. Stalinin heykəlinə qədər gürcülərin bütün dəyərləri güllələnib. Təxmini məlumatlara görə, 5 min ətrafında gürcü öldürülüb. Öldürülənlərin böyük əksəriyyəti mülki şəxslərdir. Rusların əlində xeyli girov gürcü var. Ölkə matəm atmosferindədir. Yüzlərlə çoxmərtəbəli ev zədələnib, qəza vəziyyətinə düşüb. İnsanlar evlərinə dönə bilmirlər, ölkədə böyük bir qarışıqlıq müşahidə olunmaqdadır. Rusiya atəşkəsi saxlasa da, təhlükə hər an özünü göstərə bilər. Moskvadan səslənən ultimatumlar prezident Saakaşvilini istefa verməyə çağırır. Bu gün dünyanın da bir nömrəli müzakirə mövzusu Gürcüstanda baş verən hadisələrdir. İlk baxışdan Gürcüstan məğlub kimi görünür. Bir çox politoloqlar açıq-aydın bəyan edirlər ki, bu hadisələrdən sonra Gürcüstanın Osetiya və Abxaziyada öz hakimiyyətini bərpa etməsi qeyri-mümkün görünür. Amma bir məsələ də var ki, adıçəkilən muxtar qurumların bundan sonra dünya ölkələri tərəfindən tanınması isə, ümumiyyətlə, baş tutan məsələ kimi görünmür. Əgər Rusiya bu əraziləri öz torpaqlarına qatarsa, təbii ki, dünyada işğalçı statusu alacaq. Məsələyə hansı prizmadan baxmağın çıxaracağın nəticəyə mühüm təsiri var. Biz sovet imperiyasının qurulmasından da, dağılmasından da ağzı yanmış bir xalq kimi bizimlə eyni faciəni yaşayan Gürcüstanın ərazi bütövlüyünü tanımalıyıq və xüsusi vurğulamalıyıq ki, adıçəkilən muxtar qurumlar Gürcüstanın tarixi torpaqlarıdır. Əgər Rusiya Cənubi Osetiyaya və ya Abxaziyaya müstəqillik verilməsini istəyirsə, onda özü zəhmət çəkib Şimali Osetiyanı azad eləsin və rəsmi Tbilisi qarşısında analoji təkliflə çıxış etsin. Bu gün Gürcüstan da, Azərbaycan da əslində sovet hökumətini quranların məkrli planlarının bəlasını çəkirlər. Gürcüstanın hərbi arsenalı dağıdıldı, hava limanları bombalandı, gəmiləri batırıldı. Amma bütün bunlar ən qısa müddətdə sağalacaq yaralardır. Xalqın hər cür inamına və ümidinə baxmayaraq, Qərb Gürcüstanın rus tankları altında əzilməsinə seyrçi qaldı. Əslində Gürcüstan Qərbin nəzərində Qafqazlarda demokratiyanın bir nömrəli təmsilçisi idi. Dolayısı ilə ABŞ da, Avropa da demokratiyanın əzilməsinə etiraz eləməyə qorxdular, səslərini çıxarıb, rusa bir şey deyə bilmədilər. Neylədilərsə, uzaqdan bəyanatla, müraciətlə vəzifələrini başa çatdırdılar. Amma NATO-dan, AB-dən gələn məlumatlar növbəti mərhələlərdə Rusiyaya qarşı ciddi tədbirlərin görüləcəyini söyləməyə əsas verir. Bu döyüşlə Gürcüstan dünyaya kiminlə üzbəüz qaldığını, regiondakı bütün konfliktlərin arxasında kimin dayandığını açıq göstərə bildi. Bəli, Rusiya bu əməliyyatlarla ifşa edildi. Gürcüstanı ağır cəzalandıracağı ilə bağlı cürbəcür bəyanatlar verən rəsmi Moskva əslində özünü dünya ilə üzbəüz qoydu. ABŞ Rusiya ilə ortaq hərbi təlimləri dayandırdı, Saakaşvili ölkəsinin MDB-dən çıxması ilə əlaqədar açıqlama verdi, NATO öz qapılarını rəsmi Tbilisinin üzünə açıq saxladığını bəyan etdi, dünən AB-nin xarici işlər nazirləri məsələni müzakirə edərək növbəti mərhələdə atılacaq addımları götür-qoy etdilər. Gürcüstan bu gün dünyanın ən həssas nöqtələrindən biridir. Təsəvvür edin ki, BTC, Bakı-Tbilisi-Ərzurum kimi möhtəşəm layihələr, dünyanın bu başından o başına qədər uzanacaq dəmir yolu əslində Rusiyanın cənuba çıxışını əngəlləyib. Gürcüstanda minlərlə insanı qətlə yetirsə də, Rusiya bu layihələri ləğv edəcək qətiyyətli addımları atmaqdan çəkindi. Çünki bu addımlar dünyanı açıq müharibəyə dəvət etmək demək idi. Moskva, sadəcə, Amerikanın İraqda törətdiklərinin əvəzini onun gürcü müttəfiqlərindən çıxdı. Bir qədər əvvəldə dediyimiz kimi, maddi xəsarətlər ən qısa müddətdə bərpa ediləcək. Gürcüstan itirdiklərinin on qatını alacaq. Rusiyanın bu addımını Serbiyanın intiqamı kimi də dəyərləndirirlər, Azərbaycana gözdağı kimi də. Bu gün Azərbaycan politoloqlarının daha çox aydınlıq gətirmək istədikləri sual budur ki, biz də Dağlıq Qarabağa eyni addımları atsaq, analoji vəziyyətlə qarşılaşarıqmı? Bu müharibə Rusiyanın dünya miqyasında təklənməsinə səbəb olacaq. Təkcə o faktı demək kifayətdir ki, BMT TŞ-nin üzvləri Rusiya nümayəndəsinin veto qoyması üzündən məsələ ilə əlaqədar qərar qəbul etməkdə çətinlik çəkir. Bu savaş həm də onu göstərdi ki, dünyada yeni mərhələ, yeni münasibətlər başlanmalıdır. Gürcüstan matəm içindədir. Amma bu matəm fonunda dünən Çində 29-cu Yay Olimpiya Oyunlarında iki gürcü pəhləvanın qızıl medal qazanaraq ölkəsinin bayrağını dünyaya nümayiş etdirməsi çox böyük bir təntənə kimi göründü. Xüsusilə də, gürcü məşqçinin sevincindən hönkür-hönkür ağlaması daha simvolik mənalar daşıyırdı. Gürcüstanda matəmdir, amma inanırıq ki, yaxın günlərdə hər şey yerbəyer olacaq, beynəlxalq təşkilatlarla rəsmi Tbilisinin inteqrasiyası məsələsi sürətlənəcək və Rusiyanın cənubunda Avropaya münasibət daha da inkişaf edəcək. Artıq hər kəsin öz yerini, öz istiqamətini müəyyən etməsi qaçılmaz görünür. Bəli, rəsmi Tbilisi bundan sonra Rusiyaya qarşı münasibətdə hər hansı addımı atmaqdan çəkinməyəcək, lap Osetiyanı, Abxaziyanı itirmək bahasına olsa belə. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar