SON XƏBƏRLƏR

TATARLARIN QEYRİ-CECEN YOLU.Elxan ŞAHİNOĞLU

2021.10.20, 07:36
TATARLARIN QEYRİ-CECEN YOLU.Elxan ŞAHİNOĞLU

Gunaz.tv
TATARLARIN QEYRİ-CECEN YOLU elxanshahinoglu44_444.jpg Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri SSRİ dağılmağa üz tutanda hər ikisindən müstəqilik səsləri gəlirdi. Biri silahlanaraq müstəqillik yoluna qədəm qoyur, o birisi “siyasət mümkün olanı reallaşdırmaq sənətidir” prinsipini əsas götürərək özünü xilas etməyə çalışırdı. Söhbət Çeçenistan və Tatarıstandan gedir. Çeçenistanın mərhum rəhbəri Çövhər Dudayev məmləkətini müstəqilliyə qovuşdurmaq məqsədilə silahlandı və Moskvaya meydan oxumağa başladı. Nəticəsi nə oldu? Yüz minlərlə silahlı və silahsız çeçen, dinc sakinlər, bütöv ailələr qətlə yetirildi. Müharibə bir az da davam etsəydi, Rusiyanın həbri birlikləri Çeçenistanda sağ insan buraxmayacaqdılar. Sovet qoşunları vaxtilə Əfqanıstanı kənd-kənd, oba-oba bombalayan kimi Rusiya hərbçiləri Çeçenistandakı yaşayış məntəqələrini silahlını silahsızdan ayırmayaraq darmadağın edirdi. Çeçenistanın Semaşki kəndinin yerlə bir edilməsi və ya rus polkovnikinin az yaşlı çeçen qızını zorlaması hamıya məlum olan faklardır. Üzə çıxarılmayan daha neçə-neçə bombardman və zorlama yaşadı Çeçenistan. Üstündən illər keçdikdən sonra Moskva Çeçenistana nəzarəti ələ keçirdi, sayları xeyli azalan silahlıları meşələrə qovdu, dağıtdığı şəhər və kəndləri isə yenidən qurmaq üçün maliyyə ayırdı. Ancaq insan itkisini unutmaq, ağıq yaraları sağaltmaq çətindir. Rusya Dövlət Dumasının keçmiş spikeri, çeçen əsilli Ruslan Xasbulatov müsahibələrinin birində maraqlı məqama toxunmuşdu. Onun sözlərinə görə, 1930-cu illərdən sovet quruluşuna qarşı çıxan əli silahlı bir çeçen üstündən 50 il keçdikdən sonra da ahıl yaşında ov tüfəngi ilə meşələrdə gizlənirmiş. Odur ki, bugünkü nisbi sakitliyin nə qədər çəkəcəyini bilmək olmaz. Keçək Tatarıstan örnəyinə. Əslində SSRİ dağıldıqdan sonra Rusiya hakimiyyətini ilk vahiməyə salan məhz Tatarıstan oldu. Tatarıstanda müstəqillik çağırışları getdikcə artırdı. Buna baxmayaraq tatarlar rəvan yola baş vurdular, partiya komitəsinin birinci katibi Mintimer Şaymiyev kommunist vəsiqəsini prezident kürsüsünə dəyişərək Kremllə əsl alverə başladı. Şaymiyev anlayırdı ki, Dudayev yolu Rusiya ilə əhatə olunan Tatarıstanı uçuruma apara bilər, ona görə də tam müstəqilliyin ardınca getməkdənsə Moskvadan siyasi və iqtisadi dividendlər qoparmaq yoluna üstünlük vermək doğrudur. Və o uduzmadı. Şaymiyev Moskvaya sanki “baxın ha, Tatarıstana siyasi və iqtisadi özünüidarəetmə imkanları saxlanılmasa, vəziyyət nəzarətdən çıxa bilər” mesajını yollayırdı. Mesaj hədəfinə çatdı. Moskva Tatarıstana istədiyi imkanları saxladı. Bu gün Tatarıstan Rusiyanın ən inkişaf etmiş bölgələrindəndir, Kazan şəhəri xeyli müasirləşib, quruculuq işlər genişlənib. Tatarıstan istədiyi ölkə ilə sıx əlaqələr qurur, Moskvaya baş vurmadan Kazana gedən xarici ölkə liderlərinin sayı az deyil. Azərbaycanın baş naziri Artur Rəsizadə Kazana yollanaraq Şaymiyevlə ortaq iqtisadi layiələri müzakirə etdi, ardınca Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Tatarıstan paytaxtına təşrif buyuraraq Kazanda tatar həmkarıyla birgə ad gününü qeyd etdi. Bu səfərlə bağlı olaraq tatar rəsmilərdən birinin açıqlaması diqqətdən yayınmadı: “Rusiya üçün Belarus nə qədər əzizdirsə, Tatarıstan üçün də qardaş Türkmənistan bir o qədər əzizdir”. Tatar rəsmisi, başqa sözlə, Moskvanın dostu və ya müttəfiqi avtomatik Tatarıstanın dostu və müttəfiqi anlamına gəlmədiyini demək istəyib. Şübhə etmirəm ki, tatarlaq qardaş Azərbaycan və Türkiyəni də bu siyahıya aid edirlər. Şaymiyev lazım olanda çəkinmədən öz sözünü Moskvaya da çatdırır. Məsələn, baxmayaraq ki, Şaymiyev baş nazir Vladimir Putinin rəhbəri olduğu “Yedinaya Rossiya” Partiyasının qurucusu və üzvlərindəndir, o qubernatorların Moskvadan təyin edilməsi praktikasına qayıdışını bu günlərdə ciddi tənqid edib. Şaymiyev Rusiya prezidentinin yerlərdə təyin etdiyi qubernatorlardan bəzilərinin təsadüfi adamlar olduğu fikrini dilə gətirməkdən də çəkinməyib. Göründüyü kimi, Şaymiyev gərəkli anlarda Putin və Medvedyevlə kəllə-kəlləyə gəlməkdən də qorxmur. Demokratiya və söz azadlığının boğulduğu indiki Rusiya şəraitində Şaymiyevin sözləri cəsarət tələb edir. Bir anlığa fikirləşirsən, zamanında Dudayev yüzminlərlə günahsız çeçenin qətlə yetiriləcəyini, xalqının soyqırıma uğrayacağını ehtimal etsəydi, görəsən, silahlı müqavimət əvəzinə Tatarıstan yolunu seçərdimi? Onsuz da indinin özündə Çeçenistan yenə özünüidarətemə formasına qayıdıb və indiki gənc prezident Kadırov bildiyini edir. Onun kimi Dudayev də iqtisadiyyatını istədiyi şəkildə qurar, istədiyi xarici ölkəyə səfər edər və xarici qonaq qəbul edərdi. İstəmədi. Kim bilir, bəlkə də Dudayev bütün olacaqları ehtimal edir və ümidini Xasbulatovun söylədiyi o ahıl yaşındakı kişinin ideologiyasının nə vaxtsa qələbə çalacağına inanırmış. Yeri gəlmişkən, Çeçenistanda atəşin intensivliyi və hərbi postlara hücumların sayı artıb...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar