SON XƏBƏRLƏR

Xamneyi, Əhmədinejada ciddi xəbərdarlıq etdi

2021.10.20, 07:36
Xamneyi, Əhmədinejada ciddi xəbərdarlıq etdi

Gunaz.tv

 GünAzTV: İranın dini lideri Əli Xamneyi dekabrın 27-də İslami Təbliğat Koordinasiya Şurasının üzvləri qarşısında çıxış edərək, Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaninin qanun pozuntularını ifşa etdiyinə görə keçmiş prezident Mahmud Əhmədinejada ciddi xəbərdarlıq edib.

 

Öz çıxışında adlarını çəkmədən açıq şəkildə Əhmədinejada və onun yaxın adamlarına eyham vuran Xamneyi, keçmiş prezidenti düşmənin istədiyi istiqamətində hərəkət etməkdə, ölkəyə və hakim sistemə ziyan vurmaqda günahlandırıb: “Vaxtilə ölkənin bütün imkanları əllərində olanların bu gün müxalifət rolunu oynamağa haqqı və ixtiyarı yoxdur. Bunlar bu əməlləri ilə vətəndaşları, o cümlədən də yeni nəsili ümidsiz etmək bahasına yalnız düşməni sevindirir, onların istiqamətində hərəkət edirlər.

 

Məmləkətin bütün ixtiyarı istər keçmişdə, istərsə də hazırda əllərində olanların ölkənin əleyhinə danışmağa ixtiyarı yoxdur. Onlar öz əməllərinə görə cavabdeh olmalıdırlar. Bu şəxslərin təqvası yoxdur. Bir sözlə, ölkə daxilində düşmənin işini görənlərin və onların istədiyini yerinə yetirənlərin təqvası yoxdur. Bu kimi şəxslərin dini siyasidir. Onlar siyasətlərini diniləşdirmək əvəzinə, dinlərini siyasiləşdirir və ondan müəyyən siyasi məqsədlər uğrunda istifadə edirlər. BU isə yolverilməzdir.

 

Boş-boşuna durub hakimiyyətin müxtəlif qurumlarını pisləmək hünər sayılmır. İstənilən uşaq da əlinə daş alıb şüşələri sındıra bilər. Bu hünər deyil. Hünər odur ki, insan məntiq və insafla öz sözünü desin, bunu hakimiyyətə can atmaq üçün etməsin və Allahı nəzərə alsın. Kiməsə böhtan atmaq və ya onu ləkələmək haramdır. Düzdür mənim Məhkəmə Sistemində olan bəzi iradlardan xəbərim var. Lakin mən təkcə onun mənfi yox, müsbət tərəflərini də görürəm. Bizim hamını eyni ağacla döyməyə haqqımız və ixtiyarımız yoxdur. Necə ola bilər ki, 10 ilə yaxın bir müddətdə bütün ölkə sənin ixtiyarında olsun, sonra da həmin müddət başa çatandan sonra başlayasan müxalifət rolunu oynamağa və müxalif bəyanatlar səsləndirməyə. Belə olmaz və bu qəbuledilməzdir”.

 

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad

 

Xatırladaq ki, Əhmədinejad dekabrın 19-da yaydığı yeni bir video-çarxda İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini “qəsbkar” adlandıraraq onu tutduğu vəzifədən istefaya çağırıb.

 

Əhmədinejad bildirib ki, ona və onun yaxın adamlarına irəli sürdüyü ittihamları sübut etmək üçün axund Laricaniyə verdiyi 48 saat vaxt başa çatıb: “Ana yasanın 156-cı bəndində qeyd edilib ki, Məhkəmə Sisteminin rəisi ədalətli bir müctəhid olmaqla yanaşı həm də məhkəmə işlərindən başı çıxan bir şəxs olmalıdır. Halbuki bizim Məhkəmə Sisteminin rəisi ən böyük günahlar işlətməklə, ayrı-ayrı pak insanlara qarşı əsassız böhtanlar ataraq onların abrısını tökür və bu kimi əməllərini davam etdirir.

 

Vətəndaşların fəryadı Məhkəmə Sistemi rəsmilərinin zülmündən hər yerə yayılıb. Laricani dəfələrlə göstərib ki, onun məhkəmə işlərindən heç bir səriştəsi yoxdur. O, haqq və ədalətə qarşı çıxaraq onu tapdalayır. Hesab edirik ki, Məhkəmə Sisteminin rəisi, ölkə konstitusiyasını ardıcıl pozduğuna, başqalarına qarşı atdığı əsassız iftira və böhtanlara və ardıcıl olaraq kimlərə qarşı yol verdiyi ədalətsizliyə görə səlahiyyəti olmayan legitimsiz bir qəsbkardır və tutduğu vəzifədən istefa verməlidir.

 

Bu gün, bizim kimlərin fitnəkar və azğın olub-olmadığını deməyə, kimlərin dövlət əmlakını mənimsəyib maddi fırıldaqçılıqla məşğul olduğunu ifşa etməyə haqqımız var. Bundan başqa, xalq bu şəxsdən narazıdır və onu bu vəzifədə görmək istəmir. Mən isə üzümü İran Məhkəmə Sisteminin rəisinə tutub deyirəm ki, xalq səni istəmir və yaxşısı budur ki, tutduğun bu vəzifədən istefa verəsən. Bəlkə bu yolla xalq sənin günahlarından keçər”.

 

İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricani

 

Qeyd edək ki, son aylar keçmiş prezident Mahmud Əhmədinejad və ona yaxın adamlar, İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini və onun qardaşlarını tutduqları vəzifədən sui-istifadə etməkdə, dövlət əmlakını mənimsəməkdə və oğurluqda günahlandırırlar.

 

A.M

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar