SON XƏBƏRLƏR

Azərbaycandan “ERMƏNİSTAN AÇILIMI”na rəsmən etiraz

2021.10.20, 07:36
Azərbaycandan “ERMƏNİSTAN AÇILIMI”na rəsmən etiraz

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "musavat"a istinadən yaydığı məlumata görə, Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin normallaşmasına dair protokolların imzalanması yaxınlaşdıqca AKP hökumətinə bağlı media Dağlıq Qarabağ münaqişəsinin də həllinin yaxında olduğu haqda rəy formalaşdırır. Belə ki, dünən Türkiyədə AKP-yə bağlı qəzetlər növbəti dəfə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilməyi qəbul etdiyi və prosesin tezliklə başlayacağı haqda “mötəbər diplomatik qaynaqlara” istinadən xəbərlər yayıblar.Bu cür xəbərlər AKP-yə bağlı “Bu Gün”, “Zaman”, “Yeni Şafak” qəzetlərində və bir çox internet saytlarında yer alıb. İddia olunur ki, Türkiyə-Ermənistan prosesinə paralel olaraq Bakı-İrəvan müzakirələri də müsbət istiqamətdə cərəyan edir. Xəbərlərə görə, ATƏT-in xüsusi missiyası Laçın dəhlizi ilə bağlı texniki parametrləri araşdırmaq üçün yaxın günlərdə regionda olacaq. Heyətə bir türk zabiti də daxildir. Missiyanın hazırladığı hesabat isə oktyabrın əvvəllərində Kişinyovda Ermənistan və Azərbaycan prezidentləri arasında keçiriləcək danışıqlarda müzakirəyə çıxarılacaq. Bu danışıqların oktyabrın 8-9-da baş tutması gözlənilir. Mətbuat Türkiyənin Ermənistanla protokolların imzalanmasını da bilərəkdən bu görüşdən sonraya təyin etdiyini yazır. Bildirilir ki, Ankara İrəvanın Kişinyov danışıqlarına əlini gücləndirmiş halda qatılmasını istəməyib. “Bu görüşdə anlaşma əldə edilməsi durumunda Ermənistan işğal etdiyi 5 rayondan dərhal çıxmağa başlayacaq. Laçın dəhlizinin statusu və Kəlbəcərin boşaldılması ilə bağlı anlaşma isə sonra buraxılacaq” deyə AKP qəzetləri yazır. Xarici işlər naziri Əhməd Davudoğlu da xarici siyasət yazarları ilə söhbətində oktyabr ayının “sülh ayı” olduğunu, Türkiyə-Ermənistan anlaşması ilə paralel Qarabağ münaqişəsinin həllində də dönüş baş verəcəyini deyib. Lakin bu məlumatların mötəbərliyi dərhal şübhə doğurur. Yaxud belə qənaət yaranır ki, AKP iqtidarı ermənilərin Azərbaycan ərazilərini işğaldan azad etmədən Ankara ilə İrəvan arasında münasibətlərin qurulmasına qarşı daxili etirazları neytrallaşdırmağı qarşıya məqsəd qoyub. Yəni bu cür ictimai rəy formalaşdırmağa çalışırlar ki, Ankara-İrəvan anlaşmasına paralel olaraq ermənilər də işğal etdikləri ərazilərdən çıxmağa hazırlaşır. Bu isə qeyri-real və danışıqlar prosesindəki hazırkı durumla uzlaşmayan durumdur. Nəzəri baxımdan hətta Kişinyov sammitində prezidentlər münaqişənin nizamlanmasının baza prinsiplərinə dair sənədi qəbul etsələr belə, rayonların boşaldılmasının detalları da daxil olmaqla həmin prinsiplər ətrafında uzun müddət danışıqlar getməlidir. Münaqişənin həllinə vasitəçilik edən Minsk Qrupu həmsədrləri də təsdiq edirlər ki, ilin sonuna qədər baza prinsipləri razılaşdırılsa o zaman gələn il həmin prinsiplərin detallarına dair danışıqlara başlamaq olar. Deməli, ermənilərin ətraf rayonları boşaltmağa hazırlaşdıqları haqda yayılan məlumatlar inandırıcı deyil. Doğrudur, ətraf rayonlardan 5-nin birinci mərhələdə, qalan ikisinin isə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsindən sonra boşaldılması məsələsi Madrid prinsiplərində yer alır. Prezidentlər arasında aparılan danışıqlarda bu sənədin bir hissəsi şifahi olaraq razılaşdırılıb. Lakin Dağlıq Qarabağda yekun statusu müəyyən edəcək referendumun keçirilməsində anlaşmazlıq qalmaqdadır və bu münaqişənin nizamlanmasında ən çətin problemdir. Dünən mətbuata açıqlama verən xarici işlər nazirinin müavini Araz Əzimov da təsdiq edib ki, aparılan danışıqlar Ermənistan işğal olunmuş Azərbaycan rayonlarını mərhələli və qısa vaxt ərzində azad etməsi istiqamətindədir. “İlkin mərhələdə ərazilərin böyük hissəsi, ikinci mərhələdə isə qalan torpaqlar azad edilməlidir” deyə, Əzimov bildirib. Əzimovun sözlərinə görə, bütün danışıqlarda ətraf rayonların azad olunması müzakirə edilir və qeyd olunur ki, işğalçı qoşunlar bu ərazilərdən Qərb istiqamətində geri çəkilməlidir: “Beləliklə, qoşunların hansı istiqamətdə geri çəkilməsi artıq müəyyən ounub. Erməni qüvvələri şərqdən qərbə doğru çəkiləcəklər və nəticədə Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları azad olunacaq”. Diplomat həmçinin qeyd edib ki, sülh müqaviləsi imzalandıqdan sonra münaqişə zonasına yerləşdirilməsi güman olunan sülhməramlıların status və səlahiyyəti Azərbaycan və Ermənistan arasında etibarlılıq səviyyəsi ilə müəyyən olunacaq. Əzimov bildirib ki, sülhməramlıların yerləşdirilməsi məsələsinin həllində əsas diqqət terminlərə ayrılmalıdır, çünki sülhməramlıların statusu gələcək vəzifələrin icrası zamanı əhəmiyyət kəsb edəcək. Nazir müavini nizamlamanın digər aspektləri haqda da danışıb. O deyib ki, rəsmi Bakı Laçın dəhlizindən birgə istifadəni təklif edir. Azərbaycan təklif edir ki, Laçın dəhlizi ilə hərəkət hər iki istiqamətdə təmin olunsun, lakin Ermənistan bu cür yanaşmaya qarşıdır. Əzimovun sözlərinə görə, Azərbaycan Laçın dəhlizini ermənilərin nəzarətinə verməyə hazırdır, lakin bu halda həmin dəhliz Azərbaycan ərazisi olaraq qalmalıdır. Erməni tərəfi isə problemin həlli üçün anlayış göstərmir. “Azərbaycan heç bir halda öz ərazilərinin bir hissəsini güzəştə getməyəcək” deyə, o bildirib. Nazir müavini əlavə edib ki, ATƏT-in Minsk Qrupu ekspertləri tərəfindən Laçın dəhlizində ölçmə işlərinin aparılması zəruridir. Göründüyü kimi, tərəflərin Laçın dəhlizinə dair anlaşma əldə etdikləri haqda deyilənlər də təsdiqlənmir. Əzimov həm də Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasının Qarabağ məsələsində Bakının mövqelərinə mənfi təsir göstərəcəyini təsdiqləyən ilk rəsmi şəxs olub. Nazir müavini Türkiyə tərəfinin formalaşdırmağa çalışdığı rəyi alt-üst edərək deyib ki, Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması münaqişələrin həllinə, regionun inkişafına təsir edəcək. “Amma indiki məqamda bu, müsbət təsir olmayacaq”. (APA) Nazir müavini xatırladıb ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına 1993-cü ildə Dağlıq Qarabağı işğal etməsi səbəb olub: “Biz Türkiyənin Ermənistanla ikitərəfli əlaqələrinin bərpasına başlanmasına pozitiv inkişaf kimi baxa bilərdik. Biz anlayırıq ki, Türkiyə öz maraqlarına uyğun olaraq Ermənistanla prinsipial məsələləri həll etməlidir. Bu istiqamətdə konseptual anlayışların əldə etməsi müsbət addım ola bilər. Çünki Ermənistan əvvəllər Türkiyənin qarşısında müvafiq şərtlər qoyurdu, indi isə şərtləri aradan qaldırmağa hazır olduğunu bildiribsə, bu, Ermənistanın mövqeyində dönüş kimi qəbul edilə bilər. Lakin bu prosesdə tərəflərin tələsməsi məncə, əsassızdır. Ermənistanda siyasi mövqelər hələ ki, bəlli deyil. Türkiyə cəmiyyətinin əksər hissəsi də Azərbaycan torpaqlarını işğal altında saxlayana kimi Ermənistanla sərhədlərin açılmasının əleyhinədir. Azərbaycanda da buna çox prinsipial və emosional münasibət var. Çox qabağa getmək istəməzdim, lakin biz artıq öz mövqeyimizi bildirmişik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində inkişaf əldə edilmədən, bu istiqamətdə hansısa addım atmaq, protokolları imzalamaq münaqişənin həllinə kömək etməyəcək, əksinə, Ermənistanın mövqelərində hansısa dəyişikliklərə səbəb olacaq. Lakin bu dəyişikliklər inanmıram ki, müsbət olsun. Bir məqamı qeyd etmək yerinə düşər ki, bu ili apreldə İsveçrənin Türkiyə-Ermənistan münasibətlərinə dair səsləndirdiyi birinci bəyanatının ardınca - may ayında Ermənistan Dağlıq Qarabağ danışıqlarında sərt mövqe ortaya qoydu. Beləliklə, qarşıda bizi son 15 ilin ən vacib hadisələri, prosesə və regiona təsir edə biləcək hadisələrin gözlədiyini söyləmək olar". Beləliklə, prezidentin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini də yerinə yetirən Araz Əzimovun bəyanatından rəsmi Bakının Türkiyənin siyasətindən məmnun olmadığını açıq şəkildə sezmək olar. O təsdiq edir ki, Türkiyənin Ermənistanla yaxınlaşma siyasəti hələ əvvəldən Azərbaycanın Qarabağ məsələsində mövqelərinə zərbə vurmaqla bərabər İrəvanın daha sərt mövqedən çıxış etməsinə təsir edib. İndi isə Ermənistanla protokolların imzalanması tarixi Türkiyənin baş naziri tərəfindən açıqlanıb. Yəni imza məsələsi bitmiş sayılır. Belə olan halda AKP mediası protokolların imzalanmasının guya Azərbaycanın danışıqlarda mövqelərini zəiflətməmək üçün Kişinyov görüşündən sonraya təyin olunmasını yazmaqla kimi aldatmağa çalışır? Bir halda ki, imza mərasimi üçün hər şey hazırdır, o zaman protokolların Kişinyov danışıqlarından bir gün sonra, yaxud əvvəl imzalanması nəyi dəyişdirə bilər? Fakt budur ki, Türkiyə iqtidarı Ermənistanla münasibətlərin qurulması prosesini rəsmi danışıqlarda heç bir formada Qarabağ şərtinə bağlamır, bu şərt ancaq şifahi bəyanatlarda səslənir. Rəsmi Bakı hazırda bu şifahi bəyanatlara inanmağa çalışdığını göstərir, ancaq protokolların parlamentdə ratifikasiyası ləngidilsə belə imzaların atılması Ermənistanın Qarabağ danışıqlarında mövqelərini gücləndirən hadisə olacaq. “Dünyadakı heç bir ölkəyə qapımız qapalı deyil. Bizim heç kimə qarşı kompleksimiz, qərəzimiz yoxdur. Ermənistanla həll olunmamış bəzi problemlərimizin olduğu doğrudur. Ancaq bu problemlərin də xoş niyyətlə həlli mümkün məsələlər olduğunu düşünürük”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 30-da axşam ölkə televiziyaları ilə canlı yayımlanan ənənəvi aylıq “ulusa səsləniş”ində (xalqa müraciət) deyib. Ərdoğan Ermənistanla imzalanacaq protokolun önəmli bir mərhələ olacağını, lakin bu protokolların yalnız Türkiyə Böyük Millət Məclisinin təsdiqindən sonra qüvvəyə minəcəyini söyləyib: “İki ölkə arasındakı məsələləri həll etmək və əlaqələrimizi iki qonşu ölkəyə yaraşan səviyyəyə qaldırmaq üçün danışıqları davam etdirəcəyik. Bu prosesdə əlbəttə ki, dostumuz və qardaşımız Azərbaycan xalqının mənafelərini də öz mənafelərimiz qədər qorumağa diqqət göstəririk. İnanıram ki, bu proses həm Türkiyə, həm Ermənistan, həm də Azərbaycan üçün xoş sonluqla nəticələnəcək, qanqrenə çevrilmiş bu məsələ həllini tapmış olacaq”. Ərdoğan Türkiyənin Qafqazda, Orta Şərqdə və Balkanlarda bütün problemlərin həllinə töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcəyini də vurğulayıb.musavat

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar