SON XƏBƏRLƏR

NİYAZ YAQUBLU: “İRAN REJİMİNİN SEÇKİNİ SAXTALAŞDIRMAQ KURSU MƏĞLUBİYYƏTƏ MƏHKUMDUR”

2021.10.20, 07:36
NİYAZ YAQUBLU: “İRAN REJİMİNİN SEÇKİNİ SAXTALAŞDIRMAQ KURSU MƏĞLUBİYYƏTƏ MƏHKUMDUR”

Gunaz.tv
Politoloq Niyaz Yaqublu İranda seçkidən sonra yaranmış vəziyyəti şərh edib. Onun dəyərləndirməsinə görə, iyunun 12-də keçirilən seçki total saxtalaşdırmalar üçün süni fon yaratmağa xidmət edib: “Saxtalaşdırmalar nəticəsində Mahmud Əhmədinejadın prezident elan edilməsi İranda hakim olan idarəetmə düşüncəsi və şüurunun istənilən dəyişikliyə dözümsüzlüyünü göstərir. Hakim vilayəti-fəqih komandası ölkə daxilindəki problemlərdən və dünyada İranın yürütdüyü siyasətlə bağlı gərginliklərdən Əhmədinejad imicində qarşıdurmaya getməklə çıxmaq istəyir. Ölkədə və onun ətrafında, yəni xarici siyasətdə fitnə-fəsadın yayılmasını əsas ideoloji xətt kimi götürən qruplaşma başqa yol tanımır”. N.Yaqublunun fikrincə, İranda demokratiyanın bəzi işartıları yalnız kosmetik xarakter daşıyır: “Namizədlər arasında teledebatlar, seçicilərlə görüşlərə imkan yaradılması sonrakı total saxtalaşdırmanı əsaslandırmaq üçün lazım idi. İran siyasətində hər hansı dəyişikliyə qarşı qorxu və təşviş rejimin xarakterindən və süni bir ideoloji dəst-xətt yürütməsindən irəli gəlir”. Hakim rejimin kütləvi etirazları amansızlıqla boğmağa cəhd etdiyini vurğulayan politoloq deyir: “Vəziyyəti mürəkkəbləşdirən bu kütləvi narazılıqlarda hakimiyyət içindən çıxmış adamların fəal olmasıdır. Hakimiyyətin tənqid hədəfində keçmiş prezident Məhəmməd Xatəmi və Mirhüseyn Musəvi ilə yanaşı, dini rəhbəri seçən Ekspertlər Şurasının və Qurumun Mənafelərini Müəyyənləşdirən Şuranın rəhbəri, keçmiş prezident, İranda güclü iqtisadi və siyasi dayaqlara malik Əkbər Haşimi Rəfsəncaninin də dayanması rejim içərisində parçalanma və qruplaşmaların daha dərin və barışmaz forma alacağını göstərir. Bu fonda etiraz aksiyaları, nə cür amansızlıqla dağıdılmasına baxmayaraq, davam edəcək. Din xadimləri də öz narazılıqlarını ifadə edərsə, ən azı İranda bir keyfiyyət dəyişikliyinin baş verəcəyi, ölkədə dini rejimin başqa bir biçimdə və məzmunda yenidən formalaşacağı ehtimalı var. Hakimiyyət daxilində mövqelərə sahib olan və ya olmuş azərbaycanlı məmurların Mirhüseyn Musəvini dəstəkləməsi də parçalanma göstəricisidir”. Politiloq qeyd edir ki, Əhmədinejad imicli bir İranın qalması xaricdə rejimə qarşı hərbi müdaxilə tərəfdarı olan mərkəzlərin də arqumentlərini gücləndirəcək: “Daxildə də istər ümumiran xarakterli dəyişikliklərin mümkünsüzlüyü, istərsə də qeyri-fars millətlərə qarşı şovinist siyasətin davam etməsi yeni inqilabi partlayışlara gətirib çıxaracaq. İran rejiminin seçkini saxtalaşdırmaqla bağlı götürdüyü kurs əvvəlcədən məğlubiyyətə məhkumdur. Bu vəziyyət istənilən halda rejimin sonunu yaxınlaşdıracaq”. «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar