PUA İran rejiminin hərbi fəaliyyətinə qarşı mübarizə aparan qeyri-kommersiya təşkilatı olan Nüvə İranına Qarşı Birlik (UANI) tərəfindən Amerika Konqresinin binası daxilində keçirilən tədbir zamanı nümayiş etdirilib. Amerika Konqresinə nümayiş etdirilən pilotsuz təyyarə Ukraynadan çıxarılaraq Polşanın C-130 təyyarəsi ilə Amerikaya gətirilib.
Təşkilatçılar bildiriblər ki, İran istehsalı olan “Şahed 136” kamikadze pilotsuz uçan aparat Tehranın Qərbə qarşı təhdidinin bariz simvolu olub. Nüvə İranına Qarşı Birliyin siyasət direktoru Ceyson Brodski pilotsuz təyyarə ilə bağlı "Kyiv Post"-a bildirib ki, bu, İran rejiminin əsl simasıdır.

Amerikanın BMT-dəki keçmiş səfiri, hazırda Nüvə İranına Qarşı Birliyin baş direktoru olan Mark Uolles "Şahed 136"-nı bu gün dünyada ən geniş yayılmış terror silahı adlandırıb.
Senator Ted Kruz, Nümayəndələr Palatasının Xarici Əlaqələr üzrə sədri Brayan Mast, senator Ceyms Lankford kimi digər iştirakçılar Rusiyanın İran dronlarından Ukrayna vətəndaşlarına hücum etmək üçün necə istifadə etdiyini izah edərək, İran rejiminin bədxah davranışlarını qınayıblar. Onlar həmçinin Tehranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəklərini bildiriblər.
İranın Rusiyaya hər gün Ukraynadakı mülki və hərbi hədəflərə qarşı istifadə etdiyi minlərlə “Şahed 136” pilotsuz təyyarəsi verdiyi qeyd olunub.

Vaşinqtonda yerləşən qeyri-kommersiya təşkilatı olan Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun son hesabatları 2024-cü il avqustun 1-dən 2025-ci il martın 1-dək Rusiyanın 15.000-dən çox “Şahed” zərbələri endirdiyini təsdiqləyir.
Tədbirdə çıxış edən Polşanın keçmiş müdafiə naziri Boqdan Kliç İranın pilotsuz təyyarələrinin Avropaya, o cümlədən NATO üzvləri və onların müttəfiqlərinə yaratdığı ciddi təhlükələrə qarşı xəbərdarlıq edib.
Şahin Elxanoğlu