SON XƏBƏRLƏR

Müharibə və sanksiyalar 53 min iranlının Həcc ziyarətinə getməsinə mane oldu

2026.11.27, 19:35
Müharibə və sanksiyalar 53 min iranlının Həcc ziyarətinə getməsinə mane oldu

Gunaz.tv

İranın Həcc və Ziyarət Təşkilatı müharibənin nəticələri və Səudiyyə Ərəbistanına valyuta köçürülməsində yaranan problemlər səbəbindən iranlı zəvvarlar üçün bu ilki Həcc kvotasının 85 mindən 30 min nəfərə endirildiyini açıqlayıb. Nəticədə, təxminən 53 min nəfər Həcc ziyarətinə gedə bilməyəcək.

Təşkilatın sədr müavini Həmidreza Məhəmmədi cümə günü bildirib ki, müraciət edənlərin ödədikləri əsas məbləğ geri qaytarılacaq, bank faizləri də onların hesablarına köçürüləcək.

Bu il Həcc üçün ilkin qeydiyyat zamanı hər bir müraciətçidən 200 milyon tümən depozit alınıb. Səfərin yekun xərci isə karvanın növündən asılı olaraq 329–406 milyon tümən arasında müəyyən edilib.

Məhdudiyyətlər ümrə ziyarətinə də təsir göstərib. İran rəsmilərinin sözlərinə görə, Səudiyyə Ərəbistanı hələlik yalnız Mədinəyə ümrə uçuşlarına icazə verib, lakin uçuşların qrafiki açıqlanmayıb.

Regional gərginliyə baxmayaraq, İran və Səudiyyə Ərəbistanı ötən ayın ortalarında 2027-cı il Həcc ziyarətinin təşkili ilə bağlı anlaşma memorandumu imzalayıblar.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar