SON XƏBƏRLƏR

Keçmiş SEPAH üzvü İstanbulda FIFA ilə qapalı görüşü

2026.05.17, 17:40
Keçmiş SEPAH üzvü İstanbulda FIFA ilə qapalı görüşü

Gunaz.tv

İran futbol komandasının Dünya Kubokunda iştirakı ilə bağlı qeyri-müəyyənliklər, İran Futbol Federasiyasının rəhbəri və keçmiş SEPAH üzvü Mehdi Tacın FIFA rəsmiləri ilə görüşündən sonra da aradan qalxmayıb.

Gunaz TV-nin məlumatına görə, İran hökumətyönlü media Mehdi Tacın İstanbulda FIFA-nın baş katibi Mattias Qrafström ilə görüş keçirdiyini yazıb. Tac iddia edib ki, İranın qaldırdığı “10 məsələnin” hamısı ilə bağlı həll yolu təqdim olunub.

Fars xəbər agentliyinin Tacdan sitat gətirdiyi açıqlamada deyilir: “Danışıqlar müsbət keçdi. İranın qaldırdığı bütün 10 məsələyə qulaq asdıqları və onların hər biri üçün həll yolu təqdim etdikləri üçün məmnunam.”

Buna baxmayaraq, FIFA-nın baş katibi Mattias Qrafström görüşün detalları barədə danışmaqdan imtina edib və bildirib: “Düşünürəm ki, burada detalları açıqlamaq üçün uyğun yer deyil.”

O yalnız İran futbol komandasının Dünya Kubokunda problemsiz iştirak edə biləcəyinə ümid etdiyini deyib.

Rəsmi yarış proqramına əsasən, İran futbol komandası 2026 Dünya Kubokunun qrup mərhələsindəki hər üç oyununu ABŞ-da keçirməlidir. Bu isə federasiya və milli komandanın bəzi üzvləri üçün mümkün viza məhdudiyyətləri səbəbindən ciddi problem olaraq qalır.

Bundan əvvəl İran Futbol Federasiyası oyunların ABŞ-dan Meksikaya köçürülməsini istəmişdi, lakin FIFA prezidenti Canni İnfantino bu tələbi rədd etmişdi.

Mehdi Tac və milli komandanın bəzi üzvlərinin keçmişdə SEPAH-da üzvlük və ya hərbi xidmət keçmişi var. ABŞ və Kanada isə bu hərbi qurumu terror təşkilatları siyahısına daxil edib. Bu məsələ İran heyətinin bəzi üzvlərinə ABŞ vizası verilməsini ciddi sual altında qoyur.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar