SON XƏBƏRLƏR

Oman heyəti Tehrana səfər etdi

2026.07.24, 22:32
Oman heyəti Tehrana səfər etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ətrafında gərginliyin davam etdiyi bir vaxtda, Omandan bir diplomatik nümayəndə heyəti bu gün cümə, Tehran şəhərinə gəlib. Səfərin məqsədi gəmi hərəkətinin idarə olunması mexanizmlərini İran rəsmiləri ilə müzakirə etməkdir.

İRNA agentliyinin yaydığı məlumata görə, nümayəndə heyəti “Hörmüz boğazında gəmilərin hərəkətinin idarə olunması üçün uyğun mexanizmlərin hazırlanması” məqsədilə İrana səfər edib. Bu məsələ son həftələrdə Tehran və Məsqət arasında aparılan danışıqların əsas mövzularından biri olub.

Eyni zamanda, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Omanın xarici işlər naziri Bədr əl-Busaidi telefon danışığı apararaq bölgədəki son vəziyyəti, dəniz təhlükəsizliyini və Hörmüz boğazı ilə Ərəb körfəzində ticarət gəmilərinin hərəkətini müzakirə ediblər.

Bu diplomatik təmaslar Omanın daha əvvəl Hörmüz boğazına alternativ dəniz marşrutu təklif etməsindən sonra baş verir. SEPAH isə bu plana etiraz edərək bildirib ki, yeni marşrut Tehranla razılaşdırılmadan elan olunub və gəmilərə həmin marşrutdan istifadə etməmələri barədə xəbərdarlıq edib.

Oman nümayəndə heyətinin Tehrana səfəri İran və ABŞ arasında gərginliyin davam etdiyi və Hörmüz boğazında gəmiçiliyin gələcəyinin bölgənin əsas təhlükəsizlik məsələlərindən birinə çevrildiyi bir dövrə təsadüf edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar