SON XƏBƏRLƏR

Suriyada keçmiş işgəncəçi zabit həbs edildi

2026.08.19, 20:45
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi

Gunaz.tv

Suriya Bəşər Əsəd rejiminin keçmiş zabitlərindən birini ölkəyə qayıtdıqdan sonra həbs edib. O, Avstriyada 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Suriya təhlükəsizlik qüvvələri Bəşər Əsəd dövrünün keçmiş zabiti Musab Əburkəbəni Avstriyadan qayıtdıqdan sonra Dəraa vilayətinin Nəva şəhərində həbs edib.

Suriyanın rəsmi xəbər agentliyi “SANA” bildirib ki, Əburkəbə keçmişdə Rəqqa şəhərinin Cinayət Təhlükəsizliyi və Siyasi Təhlükəsizlik şöbələrində çalışmış polkovnik-leytenant olub. O, Terrorla Mübarizə İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat zamanı saxlanılıb və hüquqi prosedurların tamamlanması üçün aidiyyəti qurumlara təhvil verilib.

Əburkəbə ötən ay Vyanadakı məhkəmədə Bəşər Əsəd dövründə saxlanılan müxaliflərə fiziki xəsarət yetirmək, ağır məcburetmə və cinsi zorakılıq törətmək ittihamları ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları rədd edib.

“Reuters”in məlumatına görə, Əburkəbə hökmə etiraz etdiyi müddətdə Avstriyanı tərk edib və avqustun əvvəlində doğulduğu şəhərə qayıdıb. Onun qayıdışı Suriyada sosial şəbəkələrdə geniş reaksiyalara səbəb olub və onun mühakimə edilərək cəzalandırılması tələbləri səsləndirilib.

Avstriyada Əburkəbəni məhkum edən məhkəmənin sözçüsü bildirib ki, hakimiyyət orqanları məhkəmədən əvvəl onun qaçacağı ehtimalını ciddi qiymətləndirməyiblər. Çünki Əburkəbə 2014-cü ildən Avstriyada yaşayır və ailəsi ilə birlikdə bu ölkədən sığınacaq almağa çalışırdı.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar