SON XƏBƏRLƏR

Amerika nüvə sazişindən çıxdı. Tramp İrana qarşı sanksiyaların yenidən bərpa ediləcəyini elan etdi

2021.10.20, 07:36
Amerika nüvə sazişindən çıxdı. Tramp İrana qarşı sanksiyaların yenidən bərpa ediləcəyini elan etdi

Gunaz.tv

 GünAzTV: ABŞ prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə jurnalistlər qarşısında çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib. Trampın bu barədə açıqlaması, dünyanın aparıcı telekanalları vasitəsilə canlı olaraq yayımlanıb.

 

Tramp öz çıxışının başlanğıcında Amerika millətinə müraciət edərək, Vaşinqtonun İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün apardığı fəaliyyətindən, rəsmi Tehranın beynəlxalq terrorizmə dəstəyindən və regionun sabitliyinə qarşı yönəlmiş təhdidindən danışıb: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir.

 

İran və onun əlaltıları uzun illər Amerikanın dünyanın müxtəlif ölkələrindəki səfirlik və hərbi bazalarını bombalı hücumların hədəfinə çevirmiş, yüzlərlə Amerika vətəndaşını qətlə yetirmiş, vətəndaşlarımızı oğurlayaraq girov götürmüş, onları işgəncə edərək həbslərə salmışdır. Cinayətkar İran rejimi, uzun illər bölgədə və dünyanın digər yerlərində törətdiyi terror və hərc-mərclik əməllərinin xərcini, öz millətinin sərvətini talamaqla təmin edib. Lakin İranın bu günə qədər gördüyü bu işlərin heç birisi, onun nüvə silahı istehsal istiqamətində hərəkət etməsi və bunun üçün lazım olan texnika və avadanlıqları əldə etməyə can atması qədər təhlükəli deyil.

 

2015-ci ildə İranla bağlanmış nüvə sazişi, bu ölkənin bölgədə apardığı şər xarakterli fəaliyyətinin, o cümlədən də onun Suriya və Yəməndə, eləcə də dünyanın digər bölgələrində apardığı dağıdıcı fəaliyyətini məhdudlaşdıra, qarşısını ala bilmədi. Təəssüflər olsun ki, İranın nüvə sazişi bağlanarkən üzərinə götürdüyü öhdəliklərin yalan olduğunu sübut edən dəlillər var. Bununla bağlı əlimizdə tutarlı sənədlər var. Həqiqət budur ki, İranla imzalanmış saziş, çox pis, nöqsanlı və birtərəfli razılaşmadır. Bu saziş, ümumiyyətlə əvvəlcədən imzalanmamalı idi. Çünki belə bir saiş bizə və dünyaya nə dinclik gətirib, nə də sülh. Heç vaxt da gətirməyəcək.

 

Bu saziş, İranın ambisiyalarının, nüvə başlığı daşımağa qadir ballistik raketlərinin istehsalının qarşısını ala bilməyib. Sazişdə ciddi nöqsanlar var və mən dəfələrlə ona düzəlişlər edilməsini tələb etmişdim. Demişdim ki, razılaşmaya düzəlişlər edilməsə, Amerika sazişdən çıxacaq. Bu nöqsanlı bir sazişdir. Əgər bu gün biz bir iş görməsək, gələcəkdə nəyin baş verəcəyini yaxşı bilirik. Belə ki, dünyada terrorizmin ən böyük himayədarı olan İran İslam Respublikası, qısa bir zamanda ən təhlükəli silahlara yiyələnə biləcək. Məhz bunları nəzərə alaraq, bu gün mən, Amerikanın İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edirəm”.

 

Tramp, çıxışını başa çatdırdıqdan sonra İrana qarşı tətbiq edilmiş və nüvə sazişi imzalanmasından sonra dondurulmuş əvvəlki sanksiyaların yenidən bərpa olunmasına göstəriş verib.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar