SON XƏBƏRLƏR

Avroparlament Qarabağ hesabatını açıqladı

2021.10.20, 07:36
Avroparlament Qarabağ hesabatını açıqladı

Gunaz.tv
Avroparlament Qarabağ hesabatını açıqladı Məruzəçi Lidiya Polter: "Yaxın gələcəkdə münaqişənin həlli gözlənilmir" Avropa Parlamentinin Qarabağ münaqişəsi üzrə məruzəçisi, Luksemburqdan olan deputat Lidiya Polter Ermənistanla Azərbaycan arasında problemin yaxın gələcəkdə sülh yolu ilə həllini görmür. Bu barədə o, münaqişə ilə bağlı hazırladığı hesabatı "Ekspress"ə açıqlayarkən bildirib. On minlərlə məcburi köçkünün hələ də acınacaqlı vəziyyətdə yaşadığını vurğulayan Avroparlament təmsilçisi onların halına acıyıb: "Bu insanlar yarı dağılmış, həddindən artıq darısqal, sanitariya baxımından qətiyyən tələblərə cavab verməyən kollektiv sığınacaqlarda məskunlaşıblar. Onlar artıq çox uzun müddətdir ki köçürülməyə məruz qalıblar və təəssüf ki, yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həll olunacağı gözlənilmir". Polter ötən ilin payızında Azərbaycanda səfərdə olub, məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciklərinə baş çəkib. Avroparlament nümayəndəsi ölkəni "qarışıq təəssüratlarla xatırladığını" vurğulayıb. Baxmayaraq ki, müxtəlif qəsəbələrdə köçkünləri dinlədikdən sonra, nümayəndədə elə təəssürat yaranmışdı ki, onların əsas ehtiyacları artıq əhəmiyyətli dərəcədə təmin olunub. Polter Azərbaycan hökumətinin "qaçqın siyasətini" alqışlasa da, köçkün düşmüş əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində "hələ də bir sıra mühüm işlər görülməli olduğunu" vurğulayır. Ən əsas məsələ köçkünlərin məşğulluğunu təmin etməkdir. Onların yaşadığı yerlərdə, ölkənin digər hissəsi ilə müqayisədə, iş tapmaq daha çətindir, çünki çox vaxt bu yaşayış məntəqələri yerli bazarlardan təcrid olunmuşdu və bəzi hallarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün deyildi. (Ötən ilin sonunda İmişlidəki çadır düşərgəsindən Biləsuvara, yeni yaşayış qəsəbəlirnə köçürüləcək qaçqınlar orada işlərini itirəcəklərindən gileylənirdilər - Ə.R). Çıxış yolu kimi, Polter Hökuməti məcburi köçürülmə qurbanlarına davamlı şəkildə aylıq maddi yardım və maliyyə köməyi göstərməyə çağırır: "Bu insanların Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi də zəif gedir. Baxmayaraq ki, Hökumət müəyyən pozitiv addımlar atıb. Əgər 90-cı illərin əvvəllərində hökumət məcburi köçkünlərin öz yurdlarına qaytarılması barədə düşünürdüsə, 2000-ci ilin əvvəllərindən başlayaraq bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması əsas diqqət mərkəzinə çevrilib. Bu, pozitiv addımdır. Ymumilikdə isə məndəki məlumata görə, məcburi köçkünlərin 63 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır". Deputat dövlət orqanlarını köçkünlərin özlərini təmin edə bilmə imkanlarını artırmaq üçün proqramları genişləndirməyə, onların yenidən cəmiyyətin fəal və məhsuldar üzvlərinə çevrilməsi üçün real imkan yaratmağa çağırıb: "Uzun illər kənardan göstərilən köməkdən asılı olaraq yaşayan insanlar qayıtmaq imkanı əldə etdikdə, çətin ki şəhər və kəndlərini yenidən qurmaq üçün özlərində lazım olan qüvvə tapa bilsinlər. Başqa ölkələrin təcrübəsi göstərir ki, məcburi köçkünlərin ilkin mərhələdən başlayaraq qayıdış və ya yenidən məskunlaşmanın planlaşdırılmasında iştirak etməsi təmin olunduqda, problemlərin həlli daha effektiv və davamlı olur". Avroparlament nümayəndəsi diqqəti həm də buna yönəldib ki, Azərbaycan köçkünlərinin vəziyyəti daha dünya xəbər başlıqlarında görünmür, bir çox məcburi köçkün özünü unudulmuş, atılmış hiss edir. Tezliklə Brüsseldə bu münaqişə ilə bağlı dinləmələr keçiriləcək. "Ymid edirəm ki, Azərbaycan Hökuməti bəzi təklifləri qəbul edəcək və beynəlxalq ictimaiyyətdən bu təkliflərin həyata keçirilməsi üçün yardım və dəstək alacaq", - deyə Polter vurğulayıb. Sülh danışıqlarına toxunan deputat diqqəti buna yöənldib ki, Qarabağ məsələsi Avropa Parlamentində artıq siyasi xarakter almaqdadır. Belə ki, qarşıdakı dinləmələrdə məruzəçinin hazırladığı hesabat əsasında Avrparlament Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində irəliləyişin olmamasının səbəblərini araşdıracaq. Qeyd edək ki, əvvəllər də (2003-2004-cü illərdə) Avropa Parlamentinin Qarabağ münaqişəsi ilə bağlı xüsusi məruzəçisi olub. İsveçrəli Pyer Qarton Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması əvəzində Ermənistanla dəmiryol açılmasını təklif edib. Sonradan bu plandan imtina olunub. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar