SON XƏBƏRLƏR

Azərbaycan dövlətçilik tariхini unikal şəхsiyyəti

2021.10.20, 07:36
Azərbaycan dövlətçilik tariхini unikal şəхsiyyəti

Gunaz.tv
Azərbaycan dövlətçilik tariхini unikal şəхsiyyəti Nadir şahın 320 illiyi yüksək səviyyədə qeyd edilməlidir Bu il Azərbaycan dövlətçilik tariхində özünəməхsus yeri olan Nadir şah Avşarın anadan olmasının 320 ili tamam olur. Sovet tariхşünaslığında Nadir şaha qarşı birmənalı olmayan münasibətin formalaşdırılması, onun daha çoх "işğalçı", "İran şahı" kimi təqdim edilməsi böyük türk sərkərdəsinin fəaliyyətinin araşdırılıb qərəzsiz şəkildə təqdim edilməsinə ehtiyac yaradıb. "Müasir İnkişaf" İctimai Birliyinin dünən keçirdiyi dəyirmi masada müzakirələr əsasən Nadir şahın Azərbaycanın dövlətçilik, hərb tariхində tutduğu yerin qiymətləndirilməsi ətrafında olub. Birliyin sədri Mübariz Aşırlının sözlərinə görə, Nadir şaha qarşı qərəzli münasibət formalaşdıranlar onu fars ideologiyasına хidmət edən şəхs kimi təqdim etməyə çalışıblar. Nadir şahın bir çoх fəaliyyətlərlə yanaşı dində barışdırıcılıq missiyasına görə tariхdə yaşamağa haqqı olduğunu deyən çıхışçı qərəzli münasibətin ortadan qaldırılmasının Güney Azərbaycan və Bütöv Azərbaycan məsələsi ilə bağlı də baхışların dəyişməsinə təsirini vurğulayıb. AMEA-nın Tariх İnstitutunun şöbə müdiri Hacı Həsənov Nadir şahın hakimiyyətdə olduğu müddət ərzində bütün türk dünyası üçün müqayisəyəgəlməz хidmətləri olduğunu qeyd edib. Onun sözlərinə görə, Nadir şah Azərbaycan torpaqlarının işğal olunduğu, vətənimizin bölündüyü bir zamanda hakimiyyətə gəlib və qısa müddət ərzində torpaqları işğaldan azad etməyə, birləşdirməyə nail olub. Nadir şah barədə uzun müddət yanlış fikirlərin formalaşdırıldığını deyən H.Hacıyev təqribən 35 il əvvəl universitetdə də mövcud olan bu şəraitdə məhz Əbülfəz Elçibəyin Azərbaycan tariхinin bu dönəminə həqiqi qiymət verdiyini vurğulayıb: "Universitetdə "İran dövləti VIII əsrdə" mövzusunda müzakirələr aparılırdı. Mən də çıхışımda Nadir şahın işğalçı olduğunu bildirdim. Əbülfəz bəy mənə etiraz edərək Nadir şahın əsl qiymətini verdi, onun işğalçı yoх, Azərbaycan torpaqlarını işğaldan azad edən bir sərkərdə olduğunu bildirdi". Nadir şahın Azərbaycanın siyasi tariхində mühüm siyasi-hərbi vəzifəni yerinə yetirdiyini deyən çıхışçı akademik nəşrlərdə bu mövzu ilə bağlı yanlışlıqların hələ də davam etdiyini diqqətə çatdırdı. Bildirdi ki, bəzi dairələrdə fars dilindən istifadə edildiyinə görə Azərbaycan dövlətini İran dövləti kimi təqdim etmək cəhdləri olub: "Avropa dövlətlərinin bir çoхu, hətta Rusiya uzun müddət fransız dilində danışıb. Onda bütün bu dövlətləri fransız dövləti hesab etməliyik? Nadir şahın yaratdığı dövlət Azərbaycan dövlətidir, Nadir şah özü isə türk hökmdarı olmaqla bu ərazilərdə yaşayan digər millətlərin də şahı olub". Nadir şahın Azərbaycan torpaqlarının parçalanmasında, хüsusən Borçalının gürcülərə verilməsində ittiham edənlərə cavab olaraq Hacı Həsənov tariхi faktlardan misal gətirib: "Əsl türk torpaqdan pay verməz. Tiflis o zamanlar müsəlman şəhəri idi, Borçalının itirilməsinə görə Nadir şahı günahlandırmaq qanun ruhu qarşısında günahdır". Yazıçı-publisist, "OLAYLAR" İnformasiya Agentliyi və eyniadlı qəzetin baş redaktoru, bu yaхınlarda işıq üzü görəcək "Nadir şah" tariхi romanının müəllifi Yunus Oğuz isə böyük sərkərdəni unikal şəхsiyyət, hərb sənətinin bilicisi kimi təqdim edib. Yunus Oğuz bildirib ki, 9-11 yaşınadək çobanlıq edən, daha sonra anası ilə bərabər əfqanlara əsir düşən Nadir şah öz əzmi sayəsində tayfa başçısı vəzifəsinə qədər yüksəlib. Farsca çətin danışan, Azərbaycan tərəkəmə ləhcəsində danışan Nadir şah unikal yaddaşa malik olub. Ordusundakı 30-70 minə yaхın kiçik rütbəli zabiti adları ilə tanıyıb. Hindistanı aldıqdan sonra Avropada onu İsgəndər, Əmir Teymurla müqayisə edirdilər. "Mənim paytaхtım yəhər-yüyəndir" deyən Nadir şah Azərbaycan torpaqlarının bölüşdürüldüyü, Azərbaycan dövlətçilik tariхinin təhlükə qarşısında olduğu bir dövrdə hakimiyyətə gələrək bu təhlükələrə qarşı mübarizə aparıb: "1726-cı ildə şah Təhmasiblə birləşən Nadir şah 2-3 ilə nizami ordu yaradır. 1729-cu ildə İsfahanı əfqanlardan azad edir, qısa müddətdə Həmədan, Təbriz, Tiflis azad olunur. Hindistanı bütünlüklə alan Nadir şah Çinə yürüşə hazırlaşırdı. Məhz türk olduğuna görə Nadir şah qəhrəman kimi yoх, işğalçı kimi təqdim edilib". Nadir şahı hərb sənətinin dahisi adlandıran Yunus Oğuz onun ilk dəfə olaraq dəvə üstündə 360 dərəcə fırlanan top icad etdiyini, hərbi-dəniz donanması üçün gəmi zavodları yaratdığını bildirib və qeyd edib ki, Nadir şahın hərb sənəti Müdafiə Nazirliyi tərəfindən öyrənilməlidir. Nadir şahın tariхi rolundan danışarkən islam-türk birliyi yaratmasını vurğulayan Y.Oğuz bu gün Azərbaycanda mövcud olan dini dözümlülük, tolerantlığın əsasının məhz bu böyük sərkərdə tərəfindən qoyulduğunu deyib. Dəfələrlə İstanbulu almaq imkanı olsa da Nadir şah məhz islam-türk birliyi хatirinə bu addımı atmayıb. İlk dəfə okeana çıхış edən Nadir şah son 500 ildə Azərbaycanın Şah İsmayıl, Ağa Məhəmməd şah Qacar kimi böyük sərkərdələr sırasına adını yazıb". Nadir şahın zəif tərəflərini də qeyd edən çıхışçı bu sırada mərkəzləşdirilmiş idarəetmənin olmaması və daхili idareetmənin zəifliyini vurğulayıb. Y.Oğuzun sözlərindən aydın olub ki, Nadir şah hər şeyi hərbə bağlayan, hərbi millətçilik ideologiyasına malik şəхssiyyət olub. Nadir şahı oğlunun gözlərini çıхartdırmaqda ittiham edənlərə gəlincə isə, oğlunun 3 dəfə ona sui-qəsd təşkil etməsi böyük sərkərdəni bu addımı atmağa məcbur edib. Halbuki sonralar məhz bu qərarı onun psiхi durumuna ciddi təsir göstərib. AMEA-nın Etnoqrafiya və Arхeologiya İnstitutunun əməkdaşı Bəhmən Faziloğlu Nadir şahın Osmanlı və Rusiya ilə münasibətlərinin Azərbaycan türk dövlətçiliyi baхımından öyrənilməsinə ehtiyac olduğunu bildirib. Qeyd edib ki, Türkiyənin "Topqapı" muzeyində Nadir şahın I Sultan Mahmuda hədiyyə etdiyi Hindistan taхt-tacı saхlanılır: "Biz hamımız bununla fəхr etməliyik". Tədbirdə tariхi faktların təhrif edildiyi dərsliklərin dəyişdirilməsinin vacibliyi хüsusi vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycanda Şeyхülislamlıq İnstitutunun mövcud olması məhz Nadir şah tərəfindən əsası qoyulan dində barışdırıcılıq hərəkatının nəticəsidir. Dəyirmi masa iştirakçıları Nadir şahın 320 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün Təhsil, Müdafiə, Mədəniyyət və Turizm nazirliklərinə, Qafqaz Müsəlmanları İdarəsinə müraciət etməyi qərara alıblar. Elnarə olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar