SON XƏBƏRLƏR

AZƏRBAYCANA QARŞI SANKSİYA TƏTBİQİ İSTİSNA DEYİL

2021.10.20, 07:36
AZƏRBAYCANA QARŞI SANKSİYA TƏTBİQİ İSTİSNA DEYİL

Gunaz.tv
AZƏRBAYCANA QARŞI SANKSİYA TƏTBİQİ İSTİSNA DEYİL Hər şey Azərbaycan hökumətinin beynəlxalq çağırışlara necə riayət edəcəyindən asılı olacaq İ.TELMANOĞLU "Azərbaycanda demokratik seçkilər keçirmək üçün heç bir əngəl yoxdur". Bunu APA-ya müsahibəsində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov iddia edib. Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın Seçki Məcəlləsinin bəzi müddəalarından narazı olması və gələcəkdə bu istiqamətdə aparılacaq işlərlə bağlı yaranmış sualı cavablandıran A.Məmmədov Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında Seçki Məcəlləsi ilə bağlı hər hansı bir narazılığın olmadığını deyib: "Narazılıqdan söhbət gedə bilməz. Sadəcə olaraq, bəzi təkliflər çaşqınlıq yarada biləcəyi nəzərə alınaraq qəbul edilməyib. Bu normal haldır. Venesiya Komissiyası digər dövlətlərə də tövsiyələr verir. Azərbaycanda bu gün mövcud olan seçki qanunvericiliyi Venesiya Komissiyası ilə birlikdə hazırlanıb. Azərbaycan bir çox təklifləri nəzərə alaraq onları qanunvericiliyə daxil edib. Nəyi isə müasirləşdirmək və daha da inkişaf etdirmək davamlı bir prosesdir. Venesiya Komissiyasının katibi Canni Bukikkionun Bakıya səfəri zamanı seçki ilə bağlı vəziyyəti, seçki komissiyalarının tərkibi, sərbəst toplaşmaq azadlığı barədə məsələlər müzakirə olunub. Cənab Bukikkio öz müsahibəsində bildirib ki, bəzi məsələlərlə tam razı olmasalar da, ümumilikdə qanunlar azad və demokratik seçkilər keçirməyə imkan verir". A.Məmmədovun vədinə baxmayaraq, müxalifət qüvvələri, habelə müstəqil şərhçilər hazırkı qanunvericilik və reallıqlarla Azərbaycanda normal seçkilərin keçirilməsini qeyri-mümkün hesab edirdilər. Ölkədə sərbəst toplaşmaq, söz azadlığı, siyasi fəaliyyət azadlığının olmadığını iddia edən şərhçilər hesab edirlər ki, 2008-ci ilin payızında prezident seçkilərinin demokratik keçiriləcəyini iddia etməyə heç bir əsas yoxdur. Hətta bəzi qüvvələr bu seçkilərdən sonra Azərbaycana qarşı sanksiyaların tətbiq olunacağını proqnozlaşdırırlar. Bu baxımdan seçkilərin Avropa Şurasının tələblərinə cavab verməyəcəyi təqdirdə, Azərbaycanın qurumda səsvermə hüququnun dondurula biləcəyi ilə bağlı yaranmış suala cavabında A.Məmmədov iddia edib ki, ölkədə azad və demokratik seçkilər keçirmək üçün heç bir əngəl yoxdur. "Bunu Avropa Şurasının bir çox missiyaları da qeyd edib. Bir daha bildirirəm ki, qanunvericilik demokratik seçki keçirmək üçün uyğundur. Müəyyən problemlər ola bilər ki, bu da insanların kifayət qədər maariflənməməsi ilə bağlıdır. Bəzi şəxslər öz ailə üzvlərinin yerinə də səs vermək istəyirlər və buna icazə verilməyəndə narazılıq yaranır. Belə hallar daha çox rayonlarda baş verir. Cəmiyyətin demokratik inkişafına və maariflənməsinə vaxt lazımdır. Avropa bu prosesi yüz illərlə keçib. Bundan başqa, bəzən icra strukturlarının müdaxilələri də olur və son seçkilərdə belə faktlara görə bir neçə nəfər cəzalandırılıb", - deyə qeyd edən A.Məmmədov AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı qəbul edilmiş qətnamədə həbsdə olan üç jurnalistin sentyabr ayına qədər azadlığa buraxılması tələbi və digər məsələlərə də öz prizmasından münasibət bildirib: "Qətnamə tövsiyə xarakteri daşıyır və sanksiyalardan söhbət getmir. Siyasi hakimiyyət və dövlət məhkəmə qərarlarına müdaxilə edə bilməz. Bu, demokratiyanın əsas prinsiplərindən biridir. Məhkəmə qərarlarından apellyasiya verilə bilər. Son vaxtlar apellyasiya qaydasında və prezidentin əfv fərmanları ilə bir çox jurnalist artıq azadlığa buraxılıb. Siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması gündəlikdə var idi. Bu məsələ hələlik açıq qalır və AŞ PA sədrinin Bakıya səfəri zamanı da müzakirə olunub. Belə bir təklif də var idi ki, bütün Cənubi Qafqaz ölkələri üzrə siyasi məhbus adlandırılan şəxslərin işi ilə bağlı xüsusi məruzəçi təyin edilsin. Ermənistan QHT-ləri də AŞ PA-ya müraciət edərək öz ölkələri üzrə məruzəçi təyin edilməsini istəyiblər. Azərbaycana gəldikdə isə, Monitorinq Komitəsinin üzvləri Yevgeniya Jivkova və Andres Herkel vəziyyəti izləyirlər. Səməd Seyidov AŞ PA bürosunda keçirilən müzakirələrdə bildirmişdi ki, onsuz da monitorinq var və həmməruzəçilər siyasi məhbus hesab edilən şəxslərin məsələsinə də baxırlar. Ona görə də yeni məruzəçinin təyin olunması əlavə bürokratiya yarada bilər. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Mən şəxsən bu məsələnin AŞ PA bürosunda və ya sessiya zamanı dəstək alacağına inanmıram. Amma hər şey ola bilər", - deyə o bildirib. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar