SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səhənd Məalı 10 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səhənd Məalı 10 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səhənd Məalı Sarab İnqilab Məhkəməsinin qərarı ilə 10 ay həbs cəzasına məhkum edilib.


Məhkəmə Ettelaat İdarəsinin raportu əsasında fəalı “bölücü və millətçi qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırıb.


Hakim Mehdi Şəmsin çıxardığı hökmə əsasən fəalın həbs müddətində onun müvəqqəti saxlandığı günlər də hesab olunacaq.


Məhkəmə hökmü qiyabi şəkildə çıxarılıb və “Bölücü və millətçi qrupların xeyirinə təbliğat aparmaq məqsədi ilə Babək qalası yığıncağına dəvətlə bağlı bildiriş yaymaqla sistemin əleyhinə təbliğat fəaliyyəti” adı altında aparılan sorğulamanın mətni də açıqlanmayıb.


Hökm məhkəmə sisteminə uyğun olmayan bir şəkildə SMS vasitəsi ilə Səhənd Məaliyə göndərilib. Lakin fəalın mobil telefonu Ettelaat əməkdaşları tərəfindən götürüldüyü üçün, o vaxtında hökmdən xəbərdar olmayıb və 3 günlük etiraz fürsətini itirib.


İyulun 5-də Təhlükəsizlik qüvvələri Səhənd Məalinin ata evinə hücum çəkərək onu saxlayıb. Məhkəmə hökmü təqdim etmədən evdə və fəalın atasının iş yerində axtarış aparan məmurlar Məalı ailəsini təhdid edərək azərbaycanlı fəala aid bir sıra şəxsi əşya, o cümlədən kompüteri özləri ilə götürüblər.


Fəal Sarab zindanında 9 gün işgəncələr altında saxlandıqdan sonra iyulun 14-də 300 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.


Səhənd Məalı Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından  biridir, o bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və həbs cəzası ilə üzləşib.


İyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ilə əlaqədar müxtəlif şəhərlərdə təxminən 80 fəal saxlanıldı, onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə ağır igəncələrə məruz qalıb.

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar