SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkillərindən Muğan Aqrosənaye Kompleksinin talanmasına yalnız Nadir Qazipur və Südeyif Bədri etiraz bildirib

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkillərindən Muğan Aqrosənaye Kompleksinin talanmasına yalnız Nadir Qazipur və Südeyif Bədri etiraz bildirib

Gunaz.tv

GünAz TV: Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin dəyərindən qat-qat aşağı qiymətə özəlləşdirilməsi azərbaycanlılarla yanaşı bəzi yerli məsullarında etirazına səbəb olub.

 

Məlumata görə, baş verən hadisəyə Urmiyə və Ərdəbilin millət vəkilləri Nadir Qazipur və Südeyif Bədri etiraz bildirib.

 

Millət vəkilləri çərşənbə axşamı günü İran Parlamentinin Rəyasət Heyətinə məktub ünvanlayaraq komleksin inanılmaz dərəcədə ucuz qiymətə özəlləşdirildinə etiraz ediblər.

 

Məktubda Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq Şirkətinə hansı meyarla qiymət verilməsinin araşdırılması istənilib.

 

Ərdəbil Əyalətinin İran parlamentində 7 millət vəkili var: Şəkur Purhüseyn, Südeyif Bədri, Bəşir Xaliqi, Məhəmməd Feyzi, Rza Kərimi, Vəli Məleki və Himayət Mirzadə.

Adı çəkilən ərdəbilli deputatlardan yalnız Südeyif Bədri Urmiyənin millət vəkili Nadir Qazipurla birlikdə Azərbaycan əhalisinin sərvətinin talanmasına etiraz bildirib, digər 6 millət vəkili hər zaman olduğu kimi, sözdə təmsil etdikləri bölgə əhalisini deyil, rejimin mənafeyini müdafiə etməyi üstün tutublar.

 

Ötən günlərdə İran rejimi Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini dəyərindən 1000 milyard tümən aşağı qiymətə özəl sektora buraxıb.

 

“Tabnak” xəbər agentliyi bu barədə ötən həftə yaydığı məlumatda bildirib ki, 2016-cı ildə (Hicri-şəmsi təqvimi ilə 1395-ci il) Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinə 2700 milyard tümən qiymət qoyulub, lakin ötən həftə min milyard tümən endirim edilərək 1700 milyard tümənə özəlləşdirilib.

 

Bu barədə Təbrizin keçmiş millət vəkili Əkbər Ə`ləmi yazdığı etiraz məktubunda bildirib ki, “əgər kompleksin əmlak, bina, avadanlıq, texnika və bol məhsullu bağ sahəsini (2600 hektar bağ sahəsi mövcuddur) nəzərə almayıb onu boş ərazi kimi nəzərdə tutsaq, o zaman bu torpağın 1 kvadrat metri 2800 tümənə, yəni iki paket 100 qramlıq popkorndən (püfək) daha ucuz qiymətə özəlləşdirilib.”

 

İran rəsmiləri Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin kim və ya hansı şirkət tərəfindən özəlləşdirildiyini açıqlamır, lakin etibarlı mənbələr kompleksin hökumətə yaxın şəxslər tərəfindən özəlləşdirildiyini bildirir. “Tabnak” saytı onları mafiya bandaları, dəllal və fürsətçilər adlandırıb.

 

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar