SON XƏBƏRLƏR

BƏXTİYAR VAHABZADƏ-83_SAĞLIĞINDA SİMVOLLAŞMIŞ USTAD

2021.10.20, 07:36
BƏXTİYAR VAHABZADƏ-83_SAĞLIĞINDA SİMVOLLAŞMIŞ USTAD

Gunaz.tv
SAĞLIĞINDA SİMVOLLAŞMIŞ USTAD 3404.jpg Həyat fəaliyyəti, yaradıcılığının qayəsi ilə milli şüurumuzun qorunması və inkişafında əvəzsiz xidmətləri olan ustad sənətkarımız, böyük vətəndaş Bəxtiyar Vahabzadə XX əsrin Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biridir. Coğrafi Azərbaycan ərazisini siyasi məkana çevirən, milli məfkurəmizə vətəndaş hüququ verən, millətə əsl azadlığı bəxş edən, bayrağımızı birdəfəlik yüksəldən Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra başlamış kütləvi kommunizm təbliğatı və repressiyası dalğasında millətin istiqlal davasının növbəti maarifləndirmə mərhələsində gen yaddaşımıza rişələnmiş milli məfkurəni, milli düşüncəni qoruyub saxlamaq, onu mütəmadi olaraq təhtəlşüur məkandan şüurlara yeritmək kimi müqəddəs işdə əməyi olan ziyalılarımızın sırasında Bəxtiyar Vahabzadənin də öz layiqli yeri var. Təsadüfi deyil ki, SSRİ-nin süqutu ilə başlayan və onu şərtləndirən amillərdən biri olan 1988-ci il milli dirçəliş hərəkatında B.Vahabzadə millətin istiqlal davasının şərəfli əsgəri kimi xalqın içində və önündə idi. Unitar və bölünməz Vətən əqidəsi ilə nəfəs alan, örnək Vətən sevdalısı böyük şair tarixi ədalətsizliyə - Bütöv Azərbaycanın bölünməsinə, parçalanmasına daim etiraz etmişdir. Vətənimizi ikiyə bölən mənfur Gülüstan sülh müqaviləsinin müəlliflərinə və təşkilatçılarına - rus və fars rejiminə şairin açıq etirazı həmin dövrdə cəsarət nümunəsi olan fərdi vətəndaş üsyanı idi. Ayrı-ayrı millət və etnosların sonuncu Sovet Anayasasında süni şəkildə “sovet xalqı” adlandırılması illərlə aparılan millətlərin öz tarixini, dilini unutmasına yönəlik assimilyasiya siyasətinin məntiqi nəticəsi idi. Bu məqsədyönlü siyasətin hədəfi millətlərin öz adına, dilinə, əski tarixinə yabançı münasibətin formalaşması və onun unudulması idi. Retroqrad (əski) yaddaşını - milli kimliyini və keçmişini itirməkdə olan və itirmiş insanın proobrazını, örnəyini qələmə alıb təsvir etmək, onun mahiyyətini açmaq, millətləri qəflət yuxusundan ayıltmaq, onların ruhunu ölməyə qoymamaq, özünü dərkə çağırmaq işində nəsrdə böyük türk yazıçısı Çingiz Aytmatovun (manqurt proobrazı) və nəzmdə Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. “Hansı dilə ölü deyək?” (“Latın dili” şeiri), “Həqiqətdir ölüm hökmü qarşısında həqiqəti danmağımız” (“Mərziyyə” poeması) - bunlar manqurtluğa qarşı böyük şairin dərin narahatlıq hissi və etirazının ifadəsi idi. Böyük sənətkarın mənəvi dünyasında, daxilində onun yaradıcılığına keyfiyyətcə yeni məzmun, mahiyyət və özəllik verən ikinci səs vardır; bu səs vətəndaş səsi, vətəndaş hayqırtısı, vicdanın səsidir. Bütün fəaliyyəti boyu bu səs şairi millətin dərdlərini, qayğılarını dilə gətirməyə, haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə səsləyib. Bu səs B.Vahabzadəni millətin sevimli Bəxtiyarı kimi tanıdan “tükənməz daxili enerjidir”. Arzu edirik ki, milləti öz layiqli yerini tutmağa səsləyən bu səs və bu enerji heç vaxt tükənməsin! Böyük şairi ad günü münasibətilə ürəkdən təbrik edir, uca Tanrıdan ona cansağlığı, uzun ömür dilyirik. Bütöv Azərbaycanı görmək arzusu ilə: Hörmət və sayğılarla: Adil Qeybulla, tibb elmləri doktoru, professor BƏXTİYAR VAHABZADƏ-83 Bu gün müasir poeziyamızın ustad şairlərindən biri-Bəxtiyar Vahabzadənin 83 yaşı tamam olur. Bu münasibətlə milyonlarla oxucusu adından müdrik söz adamını təbrik etmək missiyası bizim də üzərimizə düşür. Bəxtiyar müəllim Azərbaycan dünyasının qüdrətli söz adamlarındandır. 50 milyonluq bu aləmdə onun şeirlərini oxumayan, bilməyən adam tapmaq mümkün deyil. İndiki gənc və yetkin nəsillər Bəxtiyar Vahabzadənin misralarını oxuya-oxuya, “Məktəb yollar”ından keçə-keçə, “Oyandırdı muğam”a qulaq asa-asa böyüyüblər. Onlar “Bir salama dəyməyən sevgi”nin hüznünü, “Latın dili” kimi ölməz dilimizə sevgini, yaşaması yanmasında olan bir şamın həyatının mənasını böyük şairin şeirlərindən dadıblar. Bəxtiyar Vahabzadə ikiyə bölünmüş bir torpağın şair oğlu olaraq millətinin dərdini bir misraya sığdırmaq gücündə olan yazardır. Onun “Biri baran dedi, biri xər dedi” misrası fars və rus şovinizminin millətimizə münasibətini hələ ötən əsrin altmışıncı illərində ortaya qoymuşdu və bu gün də aktualdır. Şairin “Gülüstan” poeması öz dövrünün hadisəsiydi və buna görə böyük şair müxtəlif təzyiq-təqiblərə məruz qalmışdı. Ondan Moskvaya yazılan donosların altında bir çox tanınmış imzalar durur. Onlar şairi dissidentlikdə suçlayırdılar. Bəxtiyar müəllim 83 illik ömrünü millətinə həsr etmiş, onun ağrı-acılarını qəlbində gəzdirmiş ustadlardandır. Şair 1990-cı ilin yanvarında yazdığı “Şəhidlər” poemasını gözünün yaşı, ürəyinin qanı ilə qələmə alıb. Bu misralar dünya durduqca yaşayacaq. “Yeni Müsavat” ailəsi olaraq biz ustad şairimizi, bu nurani insanı ömrünün pirani çağında ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizi sıralarımızdan əskik etməsin, Bəxtiyar müəllim. Amin! Rauf Arifoğlu və “Yeni Müsavat” qəzetinin kollektivi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar