SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı: “Bir insanın əlini kəsmək ədalət deyil, işgəncədir”

2021.10.20, 07:36
 Beynəlxalq Əfv Təşkilatı: “Bir insanın əlini kəsmək ədalət deyil, işgəncədir”

Gunaz.tv

GünazTV: Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) oktyabrın 24-də bəyanat yayaraq, İranda oğurluqda günahlandırılan bir məhkumun əlinin kəsilməsini kəskin pisləyib.

 

Beynəlxalq Əfv Təşkilatının bəyanatının yayılması, İranın Mazandaran əyalətinin mərkəzi olan Sari şəhərinin zindanında bir məhkumun əlinin kəsilməsi ilə bağlı xəbərin elan edilməsindən bir neçə saat sonraya təsdüf edib.

 

Bəyanatda bildirilir ki, İranda əl kəsilməsi ilə bağlı cəzanın məhkumlar üzərində tətbiq olunması irənc və insanlığa qarşı zidd addımdır: “Bir insanın əlini kəsmək, bilərəkdən onu qüsurlu vəziyyətə salmaq ədalət deyil, açıq-aşkar işgəncədir. Xüsusən də ki, belə bir hökmün zindan rəhbərliyinin və digər rəsmilərin gözü qarşısında icra olunması utandırıcıdır.

 

Biz İranda məhkumlar üzərində həyata keçirilən bu kimi cəzaların tətbiqini qınayır, İranın Cəza Qanununa yenidən baxılmasını və bu kimi insanlığa zidd cəzaların aradan qaldırılmasını tələb edirik” –deyə Beynəlxalq Əfv Təşkilatının yaydığı bəyanatda qeyd olunur.

 

“Amnesty İnternational” beynəlxalq təşkilatının Orta Şərq və Şimali Afrika bölməsinin sədr müavini Saleh Hecazi məsələ ilə bağlı jurnalistlərə açıqlamasında İran İslam Respublikasında bu kimi vəhşi cəza növlərinin icrasını pisləyib: “İran rəsmiləri bu zorakı və inanılmaz cəzanı həyata keçirməklə, əslində məhkumu işgəncə ediblər. Bu isə özü-özlüyündə, beynəlxalq hüquqda bir cinayət sayılır” –deyə Saleh Hecazi vurğulayıb.

 

Qeyd edək ki, İrandakı islam cəza qanunlarına əsasən, ilk dəfə oğurluq edən şəxsin sağ əlinin dörd barmağı, ikinci dəfədə isə onun sol ayağı kəsilməlidir. Həmçinin həmin şəxs, üçüncü dəfə  oğurluq etdikdə ömürlük həbsə məhkum edilməli, dördüncü dəfə isə edam edilməlidir.

 

 

Xatırladaq ki, Mazandaran Ədliyyə İdarəsi oktyabrın 23-də Sari həbsxanasında “professional oğru”nun əlinin kəsildiyi barədə məlumat yayıb. Məlumatda həmin şəxsin 28 evdən oğurluq etdiyini etiraf etdiyi, buna görə də, barəsində çıxarılmış hökmün icra edildiyi deyilir.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar