SON XƏBƏRLƏR

Bu gün BMT Dövlət Qulluğu günüdür

2021.10.20, 07:36
Bu gün BMT Dövlət Qulluğu günüdür

Gunaz.tv
Bu gün BMT Dövlət Qulluğu günüdür 20 dekabr 2002-ci il tarixində BMT Baş Assambleyası 23 iyun tarixini dünyada dövlət qulluqçularının əhəmiyyətli töhfəsini nəzərə çatdırmaq məqsədi ilə Dövlət Qulluğu Günü kimi elan etmişdir. Həmin dövrdən BMT Dövlət Qulluğu Günü yüzdən çox ölkədə müxtəlif tədbirlər vasitəsi ilə qeyd edilir. Buna əlavə olaraq, BMT-nin Dövlət Qulluğu Mükafatı üzrə hər il keçirilən müsabiqə dövlət qulluğunun rolunu və peşəkarlığını təbliğ edir və gəncləri dövlət sektorunda işləməyə həvəsləndirir. Bu gün BMT-nin Baş İqamətgahı yerləşən Nyu-york şəhərində BMT-nin Dövlət Qulluğu üzrə Mükafata həsr edilmiş “Dövlət İdarəçiliyində yeniliklər” adlı tədbir keçiriləcəkdir. 200 nəfərdən artıq iştirakçının qatılacağı bu tədbirdə və Mükafatlandırma Mərasimində yüksək rütbəli dövlət rəsmilərinin, beynəlxalq ekspertlərin, dünyanın idarəçilik sahəsində çalışan təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Məktuba qoşulmuş materialda bu barədə daha dəqiq məlumat ala bilərsiniz. Eyni zamanda biz sizin diqqətinizə 21 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının İnformasiya Ofisi, Milli QHT Forumu və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən Qubada keçirilmiş dəyirmi masa haqqında məlumatı çatdırmaq istəyirik. Dövlət qulluğunun ümumilikdə cəmiyyətdə rolu və əhəmiyyəti və eyni zamanda Azərbaycanda yerli icra və özünüidarə orqanlarında səmərəli idarəçilik ilə bağlı bir sıra məsələlərin müzakirəsinə həsr edilmiş bu tədbir Dövlət Qulluğu Günü ilə yanaşı, İnsan hüquqları haqqında Ümumi Bəyannamədə öz əksini tapmış hüquqların təbliği və müdafiəsini nəzərdə tutan və il boyu davam edən fəaliyyət növünün bir hissəsi idi. 40 nəfərə yaxın iştirakçının qatıldığı bu dəyirmi masada, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanova, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəis müavini cənab Fazil Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi xanım Nərmin Mirzəyeva, müstəqil elmi-praktik hüquq mərkəzinin prezidenti cənab Aydın Kərimov, Quba rayon icra hakimiyyətinin başçının birinci müavini cənab Yusif Abidov və şəhər bələdiyyəsinin üzvü cənab Hacibaba Bağırov çıxış edərək, bu sahədə olan irəliləyiş və çətinliklər ilə iştirakçıları bölüşdülər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanova xüsusilə qeyd etdi ki, Azərbaycanın bir sıra rayonlarında insan hüquqlarının vəziyyəti ilə bağlı aparılan təhlillər müəyyən etmişdir ki, mövcud çətinliklərin aradan qaldırılması üçün idarəetmənin təkmilləşdirilməsi olduqca vacib amillərdən biridir. İnsanların ilk növbədə problemlərinin həll edilməsi üçün yerli icra və özünüidarə orqanlarına müraciət etməsi bu orqanların idarəetmə sisteminin daha da təkmilləşdirilməsini və qanunun aliliyinə riayət olunmasını tələb edir. BMT İctimai İnformasiya Departamentinin nümayəndəsi xanım Envera Selimovic isə dövlət qulluğunun əhəmiyyətini vurğulayaraq, gəncləri bu sahədə ixtisaslaşmağa çağırdı. O eyni zamanda daha çox uğur qazanmış dövlət qulluqçularının mükafatlandırılması üçün yerli və milli səviyyədə müsabiqələrin keçirilməsi təklifi ilə çıxış etdi. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi xanım Nərmin Mirzəyeva, səmərəli idarəçiliyin ilk növbədə həmin idarəetmədə iştirak edən şəxslərin peşəkarlığından və səriştəsindən, onların nə dərəcədə idarəetmə vərdişlərinə və etikasına yiyələnməsindən asılı olmasını önə çəkərək, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsi sahəsində Komissiyanın gördüyü işlər barədə məruzə etdi. Komissiyanın fəaliyyəti dövründə dövlət orqanlarına vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün dörd müsabiqənin keçirilməsi vurğulayaraq, 299 namizədin müsabiqəsindən uğurla keçməsini (onlardan 216-sı vakant dövlət qulluğu vəzifəsinə təyin edilmiş, 83-ü isə ehtiyat kadrlar siyahısına daxil edilmişdir) qeyd etdi və bu prosesin gələcəkdə də davam etdirilməsini söylədi. Müzakirələr nəticəsində bir sıra maraqlı təkliflər dinlənildi və informasiya mübadiləsi aparıldı. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar