SON XƏBƏRLƏR

Çin - Yaponiya əlaqələrində müsbət meyillər güclənir

2021.10.20, 07:36
Çin - Yaponiya əlaqələrində müsbət meyillər güclənir

Gunaz.tv
Çin - Yaponiya əlaqələrində müsbət meyillər güclənir Çin Prezidenti Hu Jintao beşgünlük rəsmi səfərlə Yaponiyaya gəlib. Bu, Çin dövlət rəhbərinin son 10 ildə qonşu ölkəyə ilk səfəridir. Analitiklər deyirlər ki, Asiyanın bu iki böyük dövləti arasında həllini gözləyən xeyli problemlər toplanıb. Rəsmi Pekin bu görüşə böyük önəm verdiyini gizlətmir. Tokioya yola düşməzdən qabaq cənab Hu Jintao jurnalistlərə bildirib ki, o, bu görüşün iki ölkə arasında münasibətlərə “isti yazın gəlişinə müjdə kimi” təsiri olacağına ümid edir. Qeyd edək ki, son illər bu ölkələr arasında münasibətlər xeyli sərin idi. 2001-2006-cı illərdə Yaponiya hökumətinə rəhbərlik edən Junişiro Koyzuminin dəfələrlə Yasukuni məbədini ziyarət etməsi çinlilərin heysiyyatına toxunmuşdu. Çin ictimaiyyəti həmin məbədi İkinci Dünya müharibəsi illərində Çinə qarşı hərbi cinayətlər törətmiş militarist Yaponiyasının rəmzlərindən biri hesab edir. Yaponiyanın yeni baş naziri cənab Yasua Fukuda Çin dövləti ilə münasibətlərə xələl yetirməmək üçün Yasukuni məbədini ziyarət etməyəcəyini bildirib. Münasibətlərin yaxşılaşması hər iki ölkənin iqtisadiyyatı üçün sərfəlidir. Çin öz iqtisadiyyatını irəli aparmaq üçün Yaponiyada istehsal olunan ən müasir texnologiyalara ehtiyac duyur. Rəsmi Pekin bir sıra iri layihələri həyata keçirmək məqsədilə gündoğar ölkədən böyük sərmayələr cəlb etməyə çalışır. Yaponiya sahibkarları isə mallarını qonşu ölkəyə daha çox satmaq niyyətindədirlər. Hazırda Amerika iqtisadiyyatının zəifləməsi fonunda Çin bazarı Yaponiya üçün çox cəlbedici görünür. Tokioda iki dövlət başçısının ticarət əlaqələrindən başqa regionda təhlükəsizlik məsələlərini də müzakirə edəcəkləri gözlənilir. Dənizin dibindən qaz çəkilişi də gündəmdədir. Hazırda Çinlə Yaponiya arasında ticarət dövriyyəsi sürətlə artır. Ötən il iki ölkə arasında 236, 6 milyard dollar həcmində əmtəə alqı-satqısı həyata keçirilib. Artıq Çinin Yaponiyanın xarici ticarətində xüsusi çəkisi Amerikanı üstələməyə başlayıb. Lakin iki qonşu dövlət arasında regionda enerji ehtiyatlarını əldə etmək uğrunda mübarizə də güclənib . Yaponlar Çin tərəfindən dənizə zəhərli maddələrin tullanmasından da çox gileylidirlər. Tibet probleminə münasibətdə də fərqlər aşkar sezilir. Məsaim ABDULLAYEV,“Xalq qəzeti”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar