SON XƏBƏRLƏR

Dağlıq Qarabağ üçün "Kreml planı"

2021.10.20, 07:36
Dağlıq Qarabağ üçün "Kreml planı"

Gunaz.tv
Postsovet məkanında etnik və məhəlli münaqişələrin həlli istiqamətində yeni addımlar atıla bilər. Gürcü-abxaz münaqişəsini dinc danışıqlar yolu ilə nizamlamaq məqsədilə Tiflis Moskvaya Abxaziyanı faktiki olaraq iki təsir zonasına bölməyi təklif edib. Bu zaman Abxaziya ərazisinin əksəriyyəti Rusiya, kiçik hissəsi isə Gürcüstanın nəzarəti altında qalır və Tiflis hazırda separatçı rejim tərəfindən idarə olunan respublika üzərində suverenliklə nəzarətini formal şəkildə bərpa edir. Bununla bağlı olaraq Abxaziyadakı rejimin lideri Sergey Baqapş təcili Moskvaya çağırılıb və Rusiya rəhbərliyi ilə keçirdiyi görüşlərdə gürcülərin variantı ilə tanış olub. Baqapşla keçirilən danışıq və müzakirələrin 4 saat davam etməsi göstərir ki, Kreml Tiflisin təklifinə çox ciddi yanaşıb. Tiflisin yeni ideyaları bu həftə açıqlanıb. Gürcüstan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri Qriqol Vaşadze ilə Qriqori Karasin arasında Moskvada aparılan danışıqlar zamanı Abxaziyanın təsir məkanlarına bölünmə planı gündəmə gətirilib. Hazırda Abxaziya və Gürcüstan arasındakı faktiki sərhəd İnquri çayı boyuncadır. Çayın sağ tərəfində rusiyalı sülhməramlıların postları var. Gürcüstan XİN-indən verilən məlumata görə, Tiflisin planı gürcü məcburi köçkünlərlə qaçqınların kütləvi şəkildə İnquri çayıdan şimaldakı bölgələrə, Qal və Oçamçiri rayonlarına qaytarılmasını, habelə regiondakı rusiyalı sülhməramlıların gürcü-abxaz qarışıq polis kontingenti ilə əvəzlənməsini nəzərdə tutur. Bölünmə xəttini bir qədər şimalda, Kodori çayı boyunca aparmaq təklif olunub. Kodori çayından şimal ərazilər Suxumidəki separatçı rejimin nəzarəti altında qalacaq. Abxaziya rəhbərliyi bu zonaya gürcü qaçqınların qaytarılmasına qətiyyətlə etiraz etdiyindən Gürcüstan da israr etməyəcək. Bundan başqa, rəsmi Tiflis Kodoridən şimaldakı regionda rusiyalı sülhməramlıların yerləşdirilməsinə razılıq verə bilər. "Kommersant", "Qazeta" və "Rossiyskaya Qazeta" bildirirlər ki, danışıqlar zamanı Gürcüstanın XİN başçısının müavini Qriqol Vaşadze Rusiyanın iş adamlarının Abxaziyada aktivləri satın almaları ilə barışmağa hazırdır. Lakin bunun əvəzində Tiflis Moskvadan xahiş edir ki, Vladimir Putinin prezident olduğu dönəmdə, aprelin 15-də Rusiya və Abxaziya arasında xüsusi münasibətlərin qurulması barədə fərmanı heç olmasa formal şəkildə ləğv etsin. Faktiki olaraq isə fərmanda nəzərdə tutulan tədbirlərin hamısı heç bir maneə olmadan həyata keçirilə bilər. Tiflisin planının siyasi hissəsi Abxaziyaya Gürcüstan sərhədləri daxilində ən geniş muxtariyyətin verilməsini və Kodoridən şimalda status-kvonun saxlanmasını nəzərdə tutur. Bu minvalla sövdələşmədə bütün tərəflər simalarını qorumaqla məqsədlərinə çatırlar. Gürcüstan prezidenti Mixail Saaakaşvili "Abxaziyanın ana Gürcüstanın ağuşuna qayıtması"nı təntənəli şəkildə bəyan edə bilər. Suxumidəki separatçı rejim Abxaziyanın kiçik hissəsi üzərində nəzarəti itirməklə Tiflisdən faktiki müstəqilliyini təmin edəcək. "Moskvanın uduşu isə Gürcüstanın NATO-ya üzv olmaq istəyindən əl çəkməsi, habelə Abxaziya üzərində tam iqtisadi nəzarət olacaq, - "Kommersant" bildirib. - Qriqol Vaşadzenin təklifləri hələlik təfərrüatlı və konkret plan yox, Gürcüstanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində çox uzaqlara getmək istəyinin göstəricisidir. Qriqol Vaşadzenin "elçi" qismində seçilməsi də təsadüfi deyil. Məhz bu diplomat Gürcüstan XİN-ində Rusiya istiqamətinin kuratorudur və prezident Mixail Saakaşvilinin şəxsən etibar etdiyi adamdır. Mixail Saakaşvilinin Sankt-Peterburqda Rusiya prezidenti Dmitri Medvedyevloə apardığı danışıqlarda o dövlət başçısını müşaiyət edirdi. Halbuki Gürcüstanın rəsmi nümayəndə heyətinin tərkibində Vaşadzenin birbaşa rəisi, XİN başçısı Eka Tkeşelaşvili də vardı". Abxaziyadakı separatçı rejimin lideri Sergey Baqapşın təcili Moskvaya çatırılması və Qriqori Karasinlə müzakirələr aparması da Kremlin bəhs olunan plana ciddiyyətlə yanaşmasından xəbər verir. Ystəlik srağagün Rusiya prezidenti Dmitri Medvedyev S.Baqapşla Kremldə görüşüb. Bundan sonra isə Baqapş "Ağ Ev"ə yollanıb və Rusiyanın baş naziri Vladimir Putin tərəfindən qəbul olunub. Rəsmi Tiflis bu iddialarla bağlı dünən verdiyi açıqlamalarda "heç bir plan yoxdur və Abxaziyanın bir hissəsinin separatçı rejimin nəzarəti altında qalmasından söhbət belə gedə bilməz" tipli ifadələr işlədib. "Biz Abxaziyadakı separatçı rejimin liderinin Kremlə çağırılması və onun "Abxaziya prezidenti" kimi təqdim olunmasına qətiyyətlə etiraz edirik. Lakin Rusiya prezidenti Dmitri Medvedyev münaqişəni və nizamlanma prosesini anlamağa çalışırsa, bunu təqdir edir, görüşün nizamlanma prosesi çərçivəsində keçirildiyini düşünürük", - Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili bildirib. Kreml eyni zamanda D.Medvedyevin Bakıya iyulun ilk ongünlüyündə başlayacaq rəsmi səfəri əsnasında ona da işarə vurur ki, "Tiflis planı" dəyişdirilmiş formada, amma ümumi prinsiplərin saxlanması şərtilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində də istifadə edilə bilər. Kremlə yaxınlığı ilə tanınan Rusiya Geostrateji Tədqiqatlar Fondunun analitiki Nikolay Belovun dediyinə görə, "Tiflis planı"nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə transformasiyası ilə bağlı konkret təkliflər hazırdır və onlar D.Medvedyevin Bakıya səfəri zamanı səsləndiriləcək. Belə ki, həmin "yeniləşmiş təkliflər planı" Ağdam, Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan rayonlarının ermənilər tərəfindən tam azad edilərək Azərbaycana qaytarılması, Kəlbəcər və Laçının Ermənistanla Dağlıq Qarabağ arasında nəqliyyat dəhlizi funksiyasını oynayaraq ermənilərdə qalması, azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa və Şuşaya dönmələrinin təminatı, Ağdərənin şimalı ilə Goranboy rayonunun cənubu arasında birgə "yaşam" zonasının yaradılması, Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə xəttindən bütün zirehli texnika və ağır silahların içəriyə doğru 100 km çəkilməsi, minalı sahələrin təmizlənməsi və bünün üçün tərəflər arasında "mina xəritələri"nin mübadiləsi, tərəflər arasındakı yeni sərhəddə beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsi, Dağlıq Qarabağda statusla bağlı referendumun keçirilməsi və s. nəzərdə tutur. Rusiya Siyasi Elmlər İnstitutunun direktoru Valentin Konstantinov "Ekspress"in əməkdaşına bildirdi ki, Kremlin "Tiflis planı" qismində mediaya sızdırdığı nizamlanma variantı əslində onun öz planıdır. "Əminəm ki, bu plan uğursuzluğa düçardır. Çünki Abxaziyadakı rejim Gürcüstanın tərkibində muxtariyyət statusu, üstəlik də ərazilərinin bir qismi üzərində nəzarətin itirilməsi ilə heç vaxt razılaşmayacaq. Kreml Oçamçiri rayonunu Gürcüstana qaytarmaq istəyir. Amma unudur ki, Sergey Baqapşın özü əslən həmin rayondandır. Bundan başqa, "Tiflis planı"nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına tətbiq edilməsi də absurddur. Bakı belə variantla razılaşmayacaq", - V.Konstantinov söylədi. MDB Siyasi Tədqiqatlar və Analiz İnstitutunun direktor müavini Sergey Kamin isə hesab edir ki, "Tiflis planı"nın mediaya sızdırılması və bunun Gürcüstan rəhbərliyinin təşəbbüsü kimii təqdim olunması Rusiyanın Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytarmaq, habelə D.Medvedyevin Bakıya səfəri əsnasında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsiplərini saf-çürük etmək cəhdləridir. "Kremlin planına gürclərlə yanaşı abxazlar da razılaşmayacaqlar. Rusiya doğrudanmı düşünür ki, məntiqi baxımdan zəif təkliflər hesabına Gürcüstanın NATO-ya doğru irəliləyişinin qarşısını ala bilər?! Bu planın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında istifadə edilə biləcək variant qismində Bakıya təqdim olunması isə gülüncdür: Azərbaycanın indiyədək bundan zəif güzəştlərə belə razılaşmadığını xatırlasaq, Bakının könüllü olaraq Dağlıq Qarabağın bir hissəsi üzərində nəzarətdən vaz keçəcəyini düşünmək sadəlövhlükdür", - S.Kamin dedi. Rəsmi Bakı "abxaz planı" ilə bağlı rəsmi mövqeyini hələ açıqlamayıb. Hüseyn BAKUVİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar