SON XƏBƏRLƏR

Ermənilərə fransız çağırışı...

2021.10.20, 07:36
Ermənilərə fransız çağırışı...

Gunaz.tv
Ermənilərə fransız çağırışı... Fransa parlamentinin üzvü Jan Lui Dümon: "Ermənistan aqressiv siyasətini dayandırmalıdır" "Ermənistan öz aqressiv siyasətini dayandırmalıdır". Bunu Fransa parlamentinin Azərbaycanla dostluq qrupunun sədri, deputat Jan Lui Dümon Bakıda bəyan edib. "Ekspress"ə müsahibəsində o, deyib ki, Qarabağ məsələsi Azərbaycan üçün də ağır yükdür. Və qarşıdakı seçkilər zamanı bu mövzu çox aktual olacaq: "Mən Bakıya gəlməzdən əvvəl Minsk Qrupunun həmsədri cənab Fasye ilə görüşdüm. Səfərimizdən sonra da onunla görüşəcəyəm və ona Azərbaycan prezidenti İlham Əliyevlə olan söhbətimiz barədə məlumat verəcəyəm. Mənə elə gəlir ki, artıq kifayət qədər ağrı və əziyyət var. Artıq məsələni bitirmək lazımdır. İnanın və Fransaya etibar edin ki, Fransa öz etibarını qoruyub saxlayacaq. Biz yalnız bir tərəfə qulaq asmırıq". Frasanın Azərbaycana münasibətdə Ermənistanla daha isti münasibətlər qurmasına gəldikdə, deputat deyib ki, bu Parisdə erməni icmasının sıx məskunlaşması ilə əlaqədardır. "Amma bu səbəb ola bilməz ki, yalnız onlar Fransanın bir çox şəhərlərində yaşadığına görə erməni icmasının səsi daha çox eşidilməlidir. Biz düşünürük ki Azərbaycanın da səsi eşidilməlidir. Azərbaycanın da ehtiyacları və tələbləri səslənməlidir. Məcburi köçkünlərin səsi eşidilməlidir və onların da tələbləri nəzərə alınmalıdır. O zaman münaqişənin həlli ədalətli ola bilər", - Düman vurğulayıb. Fransız deputatın fikrincə, münaqişən həllinin bir yolu var: Məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və onların bu ərazilərdə yaşamaq hüququ tanınmalıdır. Minsk qrupunun fəaliyyətinə gəldikdə, Paris ümid edir ki, seçkilərdən dərhal sonra danışıqlar intensivləşəcək və məsələ tez zamanda həllini tapacaq. "Bütün hallarda dostluq qrupu bu məsələyə tövhəsini verməsi üçün əlindən gələni əsirgəməyəcək. Biz Azərbaycana dostcasına gəlmişik. Və Azərbaycanda gördüklərimizi eşitdiklərimizi sizin ölkə haqqında fikirlərimizi Parisə çatdıracağıq. Fransanı Azərbaycan haqqında daha çox məlumatlandırmağa çalışacağıq". Dümon dünən "Azadlıq" radiosuna da müsahibə verib və demokratiya məsələlərindən danışıb. Deyib ki, gələn aydan Avropa Birliyinə sədrliyə başlayacaq Fransa indi bir çox suallarla üzləşib. Belə ki, neft və qaz məhsullarının ciddi idxalçısı kimi, Avropa kiminlə əməkdaşlıq edəcəyini bilməlidir: "Mənim ölkəmdə bir çox məmurlar narahatdırlar ki, biz demokratiya və insan hüquqlarının əsasən diqqət mərkəzində saxlanılmadığı ölkələrlə hansı siyasi münasibətlər saxlamalı və necə rəftar etməliyik? İqtisadi inkişaf demokratiyanın inkişafına əsaslanır. Avropa öz qarşısında bəzi standartlar təyin edib. Bu standartlar demokratiya və insan hüquqlarına aiddir və onlara riayət olunmalıdır. Unutmamalıyıq ki, iqtisadi inkişaf demokratiyanın inkişafına əsaslanır. İnsanlar demokratik olan zaman islahatlara da daha hazırlıqlı olurlar. Ölkənin icra orqanları və parlament insanların hüquqlarına yönələn ehtiyac və tələblərə diqqət yönəltməlidir. O zaman bu, demokratiyanın inkişafına gətirib çıxarır". Dümon deyib ki, Qərb Azərbaycandan çətin şey tələb etmir, belə ki, bu ölkə az zamanda Avropanın keçdiyi uzun yolu keçə bilməz. Amma onun fikrincə, Azərbaycan öz seçimini müəyyənləşdirməlidir. Konkret olaraq qarşıdakı seçkidə qalib gələcək şəxs ölkəni sakit və ictimai barışıq ruhunda idarə etməlidir. O zaman ona Qərbdə hörmət artacaq: "15 oktyabrda seçiləcək prezident o zaman Avropada qəbul olunacaq və seviləcək ki, o Avropa standartlarına uyğun formada seçilsin. Əlbəttə ilk növbədə seçkilər ədalətli keçməlidir. Kütləvi İnformasiya Vasitələri öz işlərini azad yerinə yetirməlidirlər. Bu seçkilər haqqında ədalətli və şəffaf məlumatlar yayılmalıdır. Prezident seçkisi çox mühüm və vacib bir kampaniya olduğuna görə bu çox böyük təşkilatçılıq tələb edir. Bu təşkilatçılığın səviyyəsi də hər zaman inkişaf etməlidir". Düman deyib ki, seçki kompaniyası əvvəlkilərə nisbətən daha azad olmalıdır. Namizədlərə bərabər şərait yaradılmalı, onların bölgələrdə seçicilərlə görüşünə və platformalarını azad şəkildə ifadə etmələrinə imkan verilməlidir. Digər mühüm məsələ seçkilərin müşahidəçiliyidir. Duman deyib ki, Avropa Azərbaycanın demokratik seçki keçirə biləcəyinə şübhə etmir. "Sadəcə olaraq müşahidəçilərin olması çox yaxşıdır ki, hamı nə baş verdiyini bilsin". Amma Düman deyib ki, bütün məsələləri sakitliklə həll etmək lazımdır. Çünki həlli olmayan heç bir şey yoxdur: "Əlbəttə ki biz əvvəlki tarixi unutmuruq. Biz bilirik ki, Azərbaycanın tarixi necədir o haradan gəlir. Və biz ondan tələb edə bilmərik ki az zamanda bizim keçdiyimiz uzun yolu tez bir zamanda keçsin. Biz Azərbaycana etibar edirik. Əminik ki, o, növbəti mərhələyə bu seçkilər zamanı keçməyə müvəffəq olacaq. Bu, daha azad mərhələdir". Deputat jurnalistlərin məsələsinə də toxunub. Deyib ki, onlara sərbəst fəaliyyət şəraiti yaradılmalıdır. "Biz Azərbaycan mediasını unutmamışıq. Həbs edilən jurnalistləri də unutmamışıq. Curnalistlər öz işlərini rahatlıqla görmək imkanına malik olmalı, gərəkirsə hətta tənqid etməlidirlər. Onların habelə ölkədə azad hərəkət edə bilməsi, eləcə də ölkə xaricinə rahat çıxa bilməsi və geri qayıda bilməsi çox əhəmiyyətli məsələlərdir". Fransa-Azərbaycan dostluq qrupu 2002-ci ildə yaradılıb. Qrupa 25 deputat daxildir. Düman deyib ki, təəssüf ki Azərbaycan Fransada çox az tanınır. Fransanın siyasi və iqtisadi sahədə məsul şəxsləri Azərbaycanı əsasən mədəni, iqtisadi cəhətdən tanıyırlar və geo strateji cəhətdən qiymətləndirirlər. Biz sadəcə olaraq neft və qaz hasilatından danışmaq istəmirik. Ona görə də 25 nəfər deputatımız bu qrupda iştirak üçün marağını bildirib. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar