SON XƏBƏRLƏR

Ermənistanın işğalçılıq siyasətinə dəstək sürətlə azalır (Təhlil)

2021.10.20, 07:36
Ermənistanın işğalçılıq siyasətinə dəstək sürətlə azalır (Təhlil)

Gunaz.tv

GünAzTv: Bu ölkə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən ağır vəziyyətdədir.

Avropa Parlamentinin ardınca İslam Konfransı Təşkilatı və NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dair yeni qətnamələri İrəvanın Qarabağ məsələsində manevr imkanlarını heçə endirib. Vəziyyət o qədər mürəkkəbdir ki, ermənilər ATƏT-in qarşıdakı Astana sammitində onların əleyhinə hansısa qərarın qəbul edilməyəcəyinə inanmırlar. Ona görə də Serj Sarksyanın qorxaraq Astanaya getməyəcəyi haqqında məlumatlar dolaşır.    Erməni ekspertləri deyirlər ki, indiki halda Ermənistanı ancaq manevr və sui-istifadə cəhdləri xilas edə bilər. Başqa sözlə desək, İrəvan digər dövlətlər arasında mövcud bəzi anlaşılmazlıqlardan istifadə etməklə Qarabağ münaqişəsinin həllini uzatmaq niyyətindədir. Məsələn, İrəvanda Azərbaycanın bəzi strateji layihələr üzrə müttəfiqlərinə dırnaqarası daha faydalı əməkdaşlıq təklif etmək üzrə ssenarilər hazırlanır. Onlardan biri Serj Sarkisyanın Türkmənistana səfəri fonunda gerçəkləşdirildi. Erməni mətbuatı səfər zamanı iki ölkə arasında enerji, tijarət, iqtisadi və digər sahələrdə əməkdaşlığa dair razılıq əldə olunduğunu bildirdi, bununla belə, sözügedən ölkələr arasında təmasların hansı cəhətdən faydalı ola biləcəyi sual altındadır, çünki bu gün Ermənistan ümumiyyətlə, ixrac potensialına sahib olmayan ölkələr sırasındadır. Bütün iqtisadiyyatı, sənaye infrastrukturu Rusiyanın əlində olan İrəvan xarici siyasətində ona divident gətirəcək imkanlara sahib deyil. İrandan qaz xətti çəkməklə Avropaya qaz satmaq arzusunu isə Rusiya onların ürəyində qoyub. Belə ki, Kreml Avropada qaz inhisarçılığını davam etdirmək üçün Ermənistanın belə bir iştaha düşməsini yolverilməz hesab edir. Daxili təbii resursları olmayan İrəvanın qonşu dövlətlərlə də əlaqələri ideal səviyyədə deyil. Bu baxımdan Türkmənistanla strateji əməkdaşlıq barədə məlumatlar pafosdan başqa bir şey deyil. Türkmənistan bu gün Azərbaycanla daha güclü əlaqələrə malikdir. Bu fikir həm prezident Qurbanqulu Berdıməhəmmədovun, həm də Türkmənistan baş nazirinin müavini Xıdır Saparliyevin Bakıya səfərləri zamanı Prezident İlham Əliyevlə görüşlərində bir daha vurğulanıb. Doğrudur, iki ölkə Xəzərdəki bəzi mübahisəli yataqlar məsələsində tam anlaşma əldə etməyib, lakin istər Nabukko, istərsə də digər enerji layihələrində Bakı və Aşqabadın əməkdaşlıq perspektivləri Ermənistanla müqayisəyəgəlməz dərəcədə yüksəkdir. Ermənistanın həm qonşu dövlətlər, həm də dünya birliyi üçün əlverişli tərəfdaş olmadığını statistik rəqəmlər də təsdiq edir. Məsələn, dünyada ikinci belə bir ölkə yoxdur ki, onun sərhədlərinin 85 faizi işğalçı ambisiyaları üzündən bağlı qalsın. Hazırda ölkə əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan Potensialının İnkişafı Haqqında məruzədə göstərilir ki, hər il 23 mindən 27 minə qədər erməni respublikanı tərk edir. Ermənistanın qeyri-hökumət təşkilatlarının məlumatına görə isə, 1991-ci ildən bəri 1,5 milyon nəfər ölkədən qaçıb. «Gellap» beynəlxalq araşdırmalar xidmətinin məlumatına əsasən, postsovet respublikalarından mühajirət etmək arzusunda olanların ən çoxu Ermənistanda yaşayanlardır - 39 faiz. Hətta iqtisadi böhran içində boğulan İrəvana ABŞ-dan Pzo ləqəbli cinayətkarın oğurlayıb gətirdiyi pullar belə kömək etmir. Erməni diasporunun xarici himayədarlarından telemarafonlar yolu ilə külli miqdarda pul əldə etməsi isə getdikcə mürəkkəb bir işə çevrilir.Nəhayət, erməni ordusu. 90-cı illərin əvvəllərində Rusiyanın köməyi ilə işğalçılıq planlarını reallaşdıran Ermənistan hazırda ordusunu iqtisadi cəhətdən təchiz etmək iqtidarında deyil. Hər gün bu orduda ölüm halları, fərariliklə bağlı məlumatlar verilir. Erməni mətbuatı onların bir hissəsini gizlətməyə çalışsa da, hərbi hissələrdə özbaşınalıq, toqquşma hallarını artıq dayandırmaq mümkün deyil. Bir neçə müddətdir ki, Ermənistanın hüquq müdafiəçiləri Ali Baş Komandan, Müdafiə naziri və Baş Qərargah rəisinin istefasını tələb etməyə başlayıblar. Onların məlumatına görə, 2010-cu il ərzində Ermənistan ordusu 44 hərbçisini itirib. Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, ötən il 31 hərbçi hərbi xidmət zamanı bu və ya digər səbəblərdən dünyasını dəyişib. Bu kimi halların baş verməsində birbaşa məsuliyyət daşıyan zabitlər isə cəzadan kənar qalır. Şübhəsiz, belə hadisələr orduda ruh düşkünlüyünü artırır və ona görə də erməni hərbçiləri digər ölkələrə, o cümlədən, Azərbaycana qaçmalı olur . Əlbəttə, belə bir ordunun hərbi zəfərləri barədə Sarkisyan və Müdafiə naziri Seyran Ohanyan səviyyəsində verilən bəyanatlara da inananların sayı sürətlə azalır. Müxalifət mitinqlərini məhz hakimiyyətin uğursuz xarici siyasəti tezisi üzərində quraraq daha ciddi aksiyalar keçirir. Müşahidəçilərin fikrincə, xarici siyasətində demək olar ki, iflasla üz-üzə qalan, daxili potensialı isə yox dərəcəsində olan bir ölkənin onunla müqayisə edlməyəcək dərəcədə yüksəkdə duran Azərbaycan kimi bir respublika ilə rəqabətə davam gətirəcəyi artıq mümkün sayılmır. “1-ci kanal”ın Analitik Qrupu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar