SON XƏBƏRLƏR

Güney Azərbaycanda yük maşını sürücüləri etiraz aksiyası keçirir / Rəzən şəhərində 7 sürücü saxlanılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda yük maşını sürücüləri etiraz aksiyası keçirir / Rəzən şəhərində 7 sürücü saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan və İran şəhərlərində yük maşını sürücülərinin sentyabrın 23-dən başlatdıqları etiraz aksiyaları davam etməkdədir.

 

Məlumata görə, etirazların 8-ci günündə Həmədan Əyalətinin Rəzən şəhərində 7 sürücü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Rəzən prokuroru saxlanılan sürücüləri yollarda nəqliyyat vasitələrinin hərəkətində problem yaratmaq və sürücüləri etiraz aksiyası keçirməyə təhrik etməkdə günahlandırıb. O bildirib ki, saxlanılan sürücülər milli təhlükəsizliyi pozmağa cəhd göstərmək ittihamı ilə mühakimə olunacaq.

 

Ölkənin müxtəlif şəhərlərində 80 sürücünün saxlandığı barədə məlumat yayılıb.

 

Güney Azərbaycanın Mərənd şəhərində isə aksiyaya qoşulan yük maşını sürücülərinin sayı getdikcə artır. Sürücülər tələbləri təmin olunanadək etiraz aksiyasına davam edəcəklərini bildiriblər.

 

Mərənd

 

Sürücülər yük daşıma xidmətinin ucuz olması, maşının ehtiyat hissələrinin baha olması, yol polisinin özbaşınalığı, dövlətin payına düşən siğorta haqlarının ödənilməməsi və yük daşıma şirkətlərində xidmət tariflərinin yüksək olmasına etiraz olaraq aksiya keçirir, onlar səlahiyyətli orqanlardan bu məsələlərə baxmasını  tələb ediblər.

 

Yük maşını sürücüləri cari ildə 4-cü dəfədir ki, etiraz aksiyası keçirirlər, lakin bu günə qədər onların heç bir tələbi təmin olunmayıb.

 

Məhkəmə məsulları sürücüləri aksiyaya davam edəcəkləri təqdirdə ən ağır şəkildə cəzalandıracaqlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar