SON XƏBƏRLƏR

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin apellyasiya məhkəməsi keçirilib

2021.10.20, 07:36
Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin apellyasiya məhkəməsi keçirilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının fəalı və vəkil Məhəmməd Güneylinin apellyasiya məhkəməsi keçirilib.

 

Fəalın apellyasiya məhkəməsi fevralın 13-də Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsində hakim Dövlət Abadinin sədrliyi ilə keçirilib.

 

Apellyasiya məhkəməsində azərbaycanlı vəkilin “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılıb. Fəal həmin ittihama görə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən ikinci məhkəmə iclasının sonunda 6 ay həbs cəzasına məhkum edilib.

 

Apellyasiya məhkəməsində Məhəmməd Güneyli ilə birlikdə onun vəkili və prokurorluğun nümayəndələri də iştirak edib.

 

Məhəmməd Güneyli irəli sürülən ittihamın əsassız olduğunu vurğulayaraq yalnız qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirib. Məhkəməni müstəqilliyini qorumağa çağıran azərbaycanlı fəal hakimdən “Sepah”ın kəşfiyyat orqanının təsiri altına düşməməyi və ədalətli qərar çıxarmağı tələb edib.

Fəalın vəkili onun müdafiəsi ilə bağlı bütün dəlil və sənədləri  yazılı şəkildə məhkəməyə təqdim edib.

 

Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində hələ də fəala qarşı irəli sürülən “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamlarına baxılır.

 

Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanlı vəkil tutulmadan əvvəl, kimliyi məlum olmayan bir şəxs onunla telefon əlaqəsi saxlayaraq Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məlumat verəcəyini bildirib. Vəkil 2019-cu il yanvarın 23-də onunla görüşmək üçün Məlikan şəhərinə gedib. O bir gün sonra “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdır.

 

Məhəmməd Güneyli saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi, məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.

 

Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar