SON XƏBƏRLƏR

İnsanlığa təhqir olan işgəncəni Güney Azərbaycanda dayandıraq!

2021.10.20, 07:36
İnsanlığa təhqir olan işgəncəni Güney Azərbaycanda dayandıraq!

Gunaz.tv
x19086-index.jpg İnsanlığa təhqir olan işgəncəni Güney Azərbaycanda dayandıraq! babek_azeri3.jpg Babək Azəri hüquqçu Müəyyən bir fərd işgəncədədn qabaq və işgəncədən sonra cismi və ruhi baxımdan çox fərqlənir. İşgəncə çox tez bir zamanda fərdin üzərində özünü göstərir. Misal üçün, cismi baxımdan bədənlərinin müxtəlif yerlərində olan yaralardandan qanaxmalar, sümüyün sınmasından, yanıq yarasından, başağrısından, mədə xəstəliyindən və s. danışmaq olar. Amma ruhi baxımdan işgəncə yorğunluğa, ruh düşgünlüyünə, seksual və yaddaş probleminə bais olur... Mən siyasi səbəblərdən İranı tərk etdikdən sonra, İsveçə gəlib siyasi mühacirlər üçün ayrılmış yerdə məskunlaşmağa məcbur oldum. Orada yaşı təqribən otuz olan bir nəfər Azərbaycanlı kişi ilə tanış oldum. Onunla bir neçə ay bir otaqda yaşamalı oldum. Mənim yaxşı yadıma gəlir, bəzi vaxtlar, o gecənin bir aləmində, yuxunun ən şirin zamanında özündən biixtiyar nalə çəkirdi. Hətta bəzi vaxtlar mənə elə gəlirdi ki, yuxudaykən o nəfəs almaqda çətinlik çəkir. Elə bu səbəbə görə, bir gecə onu yuxudan oyadıb, bunun səbəbin soruşdum. O mənə dedi ki, 3 il İranın zindanında siyasi məhbus kimi yatıb və dəhşətli işgəncələrə məruz qalıb. "Məni bir dəfə ETTELAAT məmurları gecə qaranlığında küçədən oğurlayıb, gözlərimi və əllərimi bağladıqdan sonra naməlum yerə aparıb, orada məni təkadamlıq kameraya atdılar. Bir azdansa müstəntiq yanıma gəlib sorğu - suala başladı. Əgər verdiyim cavablar onu razı salmasaydı, ayaqqabısını çıxarıb, onunla başıma və üzümə möhkəm vurardı. Onun zərbələri nəticəsində zədə almış yerlərdən qan axardı. Bəzi vaxtlar çəkdiyi siqaretin odunu boynumda və ya köynəyimin düymələrini açıb sinəmdə söndürərdi. Ya da ki, qarnım üstə yerə uzadıb kabel simi ilə ayaqlarımın pəncəsini şallaqlayardı. Bu yerdə mən sənə deyim ki, İranın tək adamlıq kamerasında öyrəndim ki, insan insana nə qədər nifrət edə bilər. Günlər keçirdi və mən dəfələrlə işgəncə olunurdum və bu gedişlə azad olmaq ümidimi itirmişdim. Ölümdən qorxmurdum, özümü ölümə hazırlayırdım. Gecələr yatanda mənim bir şirin röyam var idi. O da bundan ibarət idi ki, əlimdəki kimyəvi maddəni içirəm, sonra isə bir dərin yuxu ilə dünyamı dəyişirəm. Amma xatırlatmalıyam ki, bir şey məni qorxudurdu. O da itkin düşməm və məzarımın olmamağı idi. Arzu edirdim heç olmasa öləndən sonra məzarım məlum ola və mənim həsrətimi çəkən, gözü intizarda qalan ata - anam onu ziyarət edə. Əlbəttə, bu qorxuya qaneedici səbəb var idi. Çünki mən bir neçə dəfə müstəntiqdən istədim ki, mənə izin...icazə verələr valideyinlərimlə görüşəm. Amma o mənə dedi ki, sən gecə qaranlığında oğurlanıb bura gətirilmisən. Sənin burda olmağından heç kəsin xəbəri yoxdur. Əgər etdiyin günahları etiraf etməsən, səni işgəncə altında öldürüb və cəsədini sahibsiz itlərin yemi edəcəyik." Çox təssüf ki, Beynəlxalq Əfv Təşkilatının verdiyi məlumatlara görə İran o ölkələrdəndir ki, xüsusən, Güney Azərbaycandan olan siyasi məhbuslar dəhşətli, ağır işgəncələrə məruz qalırlar. İranın anayasasının 38 - ci maddəsi işgəncəyə qadağa qoysa da, İranın qanunlarında "işgəncə" anlayışı haqqında şərh verilməyib. Amma İranın cəza sistemində əl kəsmə, göz çıxartma, şallaq vurma işgəncə sayılmır. Çünki dini ehkamın əsasında onların icrası lazım görünür. İran hətta, Beynəlxalq Əfv Təşkilatının bu mövzu ilə əlaqədar etirazların İranın daxili işlərinə qarışma sayır. İran işgəncəyə qarşı 1984 - cü ildə BMT - nın tərəfindən təsdiq olunan müqaviləyə qol çəkməyib. İranın cəza normaları elmi prinsiplərin yerinə dini ehkamlardan fanatik düşüncə əsasında yaranıb. Elə bu səbəbə görə cinayəti sübut etmək üçün elmi metodların yerinə zor gücünə müttəhimdən etiraf almağa qoyur. İranın qanunlarının cəza sistemində müttəhim tutulan zaman ona icazə verilmir özünə vəkil tutsun. Hətta mütəhim öz qohum - əqrəbəsin görmək haqqından da məhrum olur. Ancaq o zaman ki, sorğu - sual mərhələsi başa çatır və prokuror müttəhimə qarşı ittihamı formalaşdırandan sonra o məhkəməyə aparılır və ona qarşı ittiham oxunur.Yalnız o zaman ona imkan verilir ki, özünə vəkil tutsun və ya qohum - əqrəbəsi ilə qısa görüşləri olsun. Bu prosesdən də əsl hədəf ondan ibarətdir ki, müttəhimin rabitəsi hər tərəfdən kəsilə və ona işgəcə verib etiraf almada müstəntiqə kimsə mane olmaya. Təbiidir, bəziləri işgəncə altında davam gətirə bilməyib ölümcül vəziyyətə düşür və ya hətta ölürlər. Təcrübələr nişan verir ki, burdan 3 hal qabağa gəlir: 1. İşgəncə olunub və ölüm halına gələnləri müəyyən xəstəxanada müəyyən həkim nəzarəti altında saxlayıb, müalicə edirlər. Onun yaxınlarına müttəhimin beyin və ya ürək infarktı keçirməsi deyilir. Bu vasitə ilə müttəhimin xəstəliyinin səbəbinin işgəncədə olmasını gizlətsinlər və istəklərinə nail də olurlar. 2. Əgər müttəhim işgəncə altında ölərsə, onun ölüsün ailəsinə, yaxınlarına təhvil verib, ya da ki, hökumət tərəfindən torpağa tapşırırlar. (Qeyd edək ki, bu daim olmur, bəzi istisna hallarda!) Yaxınlarına onun ölümünün səbəbini xəstəliklə bağlı olduğunu izah edirlər.Təbiidir ki, artıq buna heç kəs inanmır. Digər tərəfdən ölünü qohumlarına ona görə vermirlər ki, ölümün əsl səbəbinə bais işgəncə olduğu açılar. 3. Güney Azərbaycanda bəzi siyasi fəallar var ki, bir neçə ildir xəbərsiz itkindirlər. Onların barəsində belə şaiyələr var ki, ETTELAAT məmurları tərəfindən oğurlanıb, işgəncə altında ölüb və naməlum yerdə quyulanıblar. Misal üçün, 2006 - cı il May ayında baş vermiş Milli Qiyamda 18 yaşlı gənc milli fəal Səttar Səlimi tutulmuşdu. Onun valideyinləri 15 gün ora - bura qaçandan sonra, Təbrizdə ədliyyə orqanları onun zindanda olduğunu təsdiqləmişdirlər. Amma buna baxmayaraq, onun valideyinləri nə qədər çalışsalar da, iki ay ərzində onu görməyə müvəffəq olmamışdırlar. İki aydan sonra görüş yerinə ETTELAAT məmurları onun ölüsünü valideyinlərinə təhvil vermişdirlər və ölümün səbəbini belə izah etmişdirlər ki, Səttar Səlimi zindandan qaçıb və Araz çayından keçəndə boğulmuşdur. Bu izahat onun qohum - əqrəbəsin qane etməmişdir. Necə mümkün olar 18 yaşlı bir gənc zindandan qaça və necə müvəffəq ola bilər ki, özün Araz çayına yetirə? Məlumat üçün qeyd edirəm ki, bu vaxta qədər İran zindanından qaçıb canın qurtaran olmamışdır!!! Hər halda bu aydın faktdır ki, Səttar Səlimi tutulandan sonra onun əlaqəsi hər tərəfdən kəsilib və ağır işgəncə altında dünyasın dəyişib. Bunlardan da əlavə, İran yeganə ölkədir ki, siyasi məhbusların hətta cəsədlərin də cəzalandırır. Məlumat üçün qeyd etməliyəm, 1988 - ci ildə ancaq iki ayın ərzində təqribən 12 min siyasi məhbus qətliam olunmuşdurlar. Onlara vurulan ittiham bundan ibarət idi ki, guya allahla müharibə aparıblar. Adamı kədərləndirən hal bundan ibarətdir ki, onlar edam olunandan sonra, İranın böyük şəhərlərində rejimin "Lənətabad" adlandırdığı müəyyən yerlər ayrılmışdır ki, onları orada quyulamışdırlar. Bu yerlər bütün ölülərin dəfn olunduğu adi qəbiristanlıq deyildir. Burda qəbirlərin başdaşı yoxdur. Kimin harada quyulandığı məlum deyil. Ancaq edam olunanların valideyininə xəbər vermişdirlər ki, onların balası edam olunub, orada quyulanıb və bundan sonra zindan yerinə ora getməlidirlər. Həmçinin onların dilindən iltizam almışdılar ki, yas mərasimi tutmayalar, uşaqlarına qəbir daşı bərpa etməyələr. Hətta bir neçə dəfə ETTELAAT məmurları yas mərasimi keçirən ata - analara hücum edib, onları vəhşicəsinə döyüb və bir neçəsin də tutmuşdurlar. Sonra da gəlib traktorla qəbirsandığı yerlə - yeksan etmişdirlər. Demək olar ki, İranın irqçi fars rejimi öz müxaliflərin öldürəndən sonra, onların cəsədin də təhqir edib və onun qohum - əqrəbəsin çox dəhşətli, psixoloji - mənəvi işgəncəyə məruz qoymuşdurlar. İran dövlət adamları İran həbsxanalarında işgəncə olduğunu təsdiqləyirlər İranda siyasi məhbuslara qarşı işgəncədən faydalanmağı hətta İran yüksək səviyyəli dövlət adamları da etiraf edirlər. Birinci dəfə 1988 - ci ildə İranda kütləvi edamlar başlayanda Ayatullah Xomeyninin varisi Ayətullah Müntəziri ona məktub yazıb həbsxanalarda siyasi məhbuslara qarşı pis rəftarı və işgəncəni xatırlatmışdı. Hətta onların ədalətsiz formada edam olunmasına etiraz etmişdi. Adı çəkilən Ayətullah müvəffəq olmuşdu Tehranın inqilab məhkəməsinin daşürək prokurolun, yəni Əsədullah Lacəvərdi və İran zindanlarının rəisini işlərindən azad edə. O siyasi məhbusların vəziyyətinə yetişmək üçün öz nümayəndələrin zindanlara göndərmişdi. Bundan əlavə, o müvəffəq olmuşdu bəzi siyasi məhbusları azadlığa buraxa. Amma sonda Ayətullah Xomeyninin qəzəbinə düçar olub və onun varisliyindən kənara qoyulmuşdu. Məhəmməd Xatəmi islahat şüarı ilə prezident olandan sonra İranda bir neçə siyasi müxalif şəxs ETTELAAT məmurları tərəfindən vəhşicəsinə öldürülmüşdürlər. Bu hadisə İran mətbuatında zəncirvari qətillər adlanmışdı. Nəhayət, ETTELAAT -- İranın Təhlükəsizlik Nazirliyi adlanan orqan rəsmi halda bildiriş verib və etiraf etmişdi bu qətillər müəyyən ETTELAAT məmurları tərəfindən özbaşına törədilibdir. Bundan əlavə, əsli, milliyyəti fars olan, amma Kanadada yaşayıb, oranın vətəndaşlığını alan jurnalist Zəhra Kazimi İranda tutulub və ETTELAAT məmurları tərəfindən işgəncə altında qətlə yetirilmişdi. Xüsusən bu iki hadisə Xatəmi prezident olan zaman İranın daxilində və xarici ölkələrdə böyük mübahisələrə bais olmuşdu. Ən maraqlısı bundan ibarətdir ki, birinci dəfə olaraq İran zindanlarında işgəncə mövzusu geniş formada ölkə daxilində yayılan mətbuatda aktual olmuşdu. Ayətullah Şahrudi Ədliyyə orqanlarının rəisi kimi təyin olandan sonra, məhbuslarla vəhşi rəfatar olunmasını təsdiqləmişdir. O hətta, Tehran şəhərinin Ədliyyə orqanının rəisi Əlizadəyə xüsusi tapşırıq vermişdi ki, məhbusların vəziyyətin araşdırıb və ona bu barədə raport versin. Haqqında söhbət etdiyimiz şəxs, bir neçə ay araşdırma aparandan sonra, bu barədə Ayətullah Şahrudiyə hesabat vermişdir. Bu hesabat ölkə daxilində və xarici ölkələrdə çoxlu reaksiyalara səbəb olmuşdu. O öz raportunda qeyd etmişdir ki: "Məhbusların gözləri bağlanır, döyülür, çox zaman istintaq prosesi çox uzun və üzücü olur." Hətta o öz raportunda bir 13 yaşlı uşağa işarə etmişdi ki, o bir toyuğu oğurladığı üçün zindanda çox pis şəraitdə saxlanılır. Bundan əlavə o bir nəfər 70 yaşlı qadına işarə etmişdir ki, borclu olduğuna görə ağbirçək yaşında zindana salınmışdır. Daha başqa bir acınacaqlı hadisədən xəbər verərək yazır ki, başqa bir qadın, əri cinayətkar olduğu halda, ərini yox, onu tutub cəzalandırmışdırlar. Əlbəttə, bu raportda siyasi məhbuslara bir cümlə ilə də olsa, işarə edilməmişdir. Çünki, İran rejimi onun dövlətində siyasi məhbusun olduğunu hər vəclə inkar edir. Əhmədi Nijad prezident olandan sonra İran Təhlükəsizlik Nazirliyinə, yəni ETTELAAT - a Möhsün Ejeyini rəis təyin etmişdir. O bu vəzifəyə təyin olunandan sonra demişdir ki, ETTELAAT orqanlarında hər cürə incitmənin qabağın alacaqdır. "Mən ETTELAAT - ın texnika ilə məşğul olan hissəsinə demişəm yalanı müəyyən edən aparatları alsınlar. Biz müttəhimdən etiraf almaq üçün bu aparatlardan və elmi metodlardan faydalanacağıq." Bu sözlərdən belə nəticə almaq olar, İranın ETTELAAT orqanlarında siyasi məhbuslara qarşı işgəncə həyata keçirilir, Möhsün Ejeyi onu təsdiqləyib və dayandırmaq fikrində olub! Bu fikri yəqin ki, İranda yaşayan millətlər öz tarixi hafizələrində yaxşı saxlayıb, unutmayıblar. İranın son şahi, yəni Məhəmmədrza Pəhləvi dövründə Fransada nəşr olunan "Lomond" qəzeti şahın bacısı Əşrəf Pəhləvi ilə bir müsahibə aparmışdı. Əşrəf Pəhləvi bu müsahibədə İranda siyasi məhbusların işgəncə olmasını inkar edib demişdir: "Biz terroristlərdən etiraf almaq üçün elmi metodlardan faydalanırıq. Bir yerdə ki, bu cür elmi metodlar var, bizim vəhşicəsinə adamları döyməyə və ya havadan asmağa ehtiyacımız yoxdur." Əlbəttə, İranın son şahı da dəfələrlə öz çıxışlarında bu iddiaları təkrarlamışdır. Amma İranda inqilabdan sonra yüzlərlə siyasi məhbus azadlığa buraxılmış və bundan sonra kütləvi informasiya vasitələrində dəhşətli işgəncələrə məruz qaldıqlarını söyləmişdirlər. Hal - hazırda bu gün bizim əlimizdə konkret faktlar var ki, Milli Qiyamdan bu tərəfə, yəni son iki ildə yüzlərlə milli fəalımız İran həbsxanalarında dəhşətli dərəcədə işgəncələrə məruz qalıblar. Güney Azərbaycan siyasi məhbusları nə üçün işgəncə olunurlar? 1977 - ci ildə Cənubi Afrikada qaraların siyasi rəhbərlərindən sayılan Steve Biko həbsxanada işgəncə nəticəsində ölmüşdü. Elə buna görə Cənubi Afrikada olan siyasi məhbuslara qarşı işgəncə dünya miqyasında aktual mövzuya çevrilmişdir. Araşdırmalar nişan vermişdi ki, çoxluğu təşkil edən qaralar, dəhşətli ayrı - seçkiliyə və işgəncəyə məruz qalırlar. Əlbəttə, bildiyiniz kimi 1994 - cü ildə orada azad və demokratik şəraitdə keçirilən seçkilər nəticəsində irqçi rejim aradan getmişdir. İranda da qeyri - fars millətlər çoxluğu təşkil edirlər. Hətta təkcə biz Azərbaycanlıların sayı fars millətinin sayından artıqdır. Amma bu fakta baxmayaraq, çoxluğun, yəni qeyri - fars millətlərinin azlıq haqları belə yoxdur. Bunun da baisi azlığı təmsil edən İranın irqçi fars rejimidir. Bu baxımdan İran Cənubi Afrikada vaxtı ilə hakim olan irqçi rejimin rolunu oynayır. Alimlərin nəzərinə görə, işgəncənin ayrı - seçkiliklə yaxın rabitəsi var. Əslində demək olar işgəncə ayrı - seçkilik siyasətindən bəhrələnir və birbaşa onun acı nəticəsidir. İnsanları bərabərhüquq görməmək bais olur müəyyən adamlar və ya qruplar, hətta millətlər nizamlı formada öz insani haqlarından məhrum olalar. Elə bu səbəbə görə, ayrı - seçkilik BMT - nın əsas düşüncəsi və insan haqlarının üsullarına qarşıdır. BMT - nin əsas düşüncəsində və insan haqlarının müdafiəsində insanlar bərabərhüquqlu tanınırlar. Fars ideoloqları İranda müxtəlif millətlərin yaşamasına "inanmırlar". Onların fikrinə görə, İranda ancaq vahid bir millət var ki, o da İran milləti adlanır. Yenə onların nəzərinə görə, bu vahid millətin milli kimliyi, fars dili, fars yazan tarix, farsların mədəni normaları, hətta şiyə məzhəbindən fars mərkəzli düşüncə ilə və s. məna tapır. Onlar İranın torpaq bütövlüyün qoruyub saxlamaq üçün bu inam məfkurəsin lazım görürlər. Əlbəttə, onlar bu vahid millət, yəni İran millətinin içində bəzilərinin, o cümlədən, Azərbaycanlıların tayfa və etnik kimliyini vurğulayırlar. Bu ideoloqların nəzərinə görə, İranda tayfa və etnik kimliyi qabardıb və şişirtmə İranın milli mənfəətlərin, milli təhlükəsizliyin, torpaq bütövlüyün təhlükəyə salar. Burada əhəmiyyətli bir nöqtə var ki, onu unutmamalıyıq. Bu fars ideoloqları sözdə İranda yaşayan insanları bir millətin üzvləri sayıb və onların bərabərhüquq olduqlarını vurğulayırlar. Amma əməldə farslarla qeyri - fars millətləri arasında fərq qoyurlar. Misal üçün biz Azərbaycanlılar türk olduğumuz üçün siyasi, iqtisadi və mədəni baxımdan dəhşətli dərəcədə ayrı - seçkiliyə məruz qalırıq. Bu ağır duruma etiraz edənlər pantürkist, xarici ölkələrin cəsusu, İranı parçalayan, ixtişaş salan və s. damğalar alıb, işgəncəyə məruz qalırlar. Əlbəttə, İranda bu vəziyyətin davam tapması çox dəhşətli nəticələr verə bilər. Bu günkü dünyada çoxlu silahlı toqquşmaların əksər səbəbi bütün bunlardan ibarətdir. Balkanda son illərdə vətəndaş müharibələri, Əfqanıstanda, Mərkəzi Afrikada, Rusiyada -- ruslarla çeçenlər arasında və s. gedən müharibələri fikirmizi açıqlamaq üçün misal çəkə bilərik. Hətta, İranın özündə bəluçlar və kürdlər ayrı ..seçkilik siyasətinə qarşı mərkəzi hökumətlə silahlı savaşa qalxıblar. Üstə qeyd etdiyim kimi bu vəziyyətin davamı odla oynamaqdan başqa bir şey deyil. İşgəncənin nəticələri Müəyyən bir fərd işgəncədədn qabaq və işgəncədən sonra cismi və ruhi baxımdan çox fərqlənir. İşgəncə çox tez bir zamanda fərdin üzərində özünü göstərir. Misal üçün, cismi baxımdan bədənlərinin müxtəlif yerlərində olan yaralardandan qanaxmalar, sümüyün sınmasından, yanıq yarasından, başağrısından, mədə xəstəliyindən və s. danışmaq olar. Amma ruhi baxımdan işgəncə yorğunluğa, ruh düşgünlüyünə, seksual və yaddaş probleminə bais olur. Əlbəttə, bir fədr nizamlı formada işgəncə olunandan sonra, əgər azadlığa buraxılsa, o zaman mümkündür cismi baxımdan az zamanda sağala. Amma uzun zaman ruhi baxımdan özunu əzgin hiss edəcək. Əgər bu ruhi baxımdan özünü pis hiss etmə davam taparsa, o da öz yerində cismi xəstəliklərə səbəb ola bilər. Elə bu səbəblərə görə, bir fərd uzun müddət ardıcıl işgəncə olarsa, azadlığa buraxılandan sonra davranış baxımından onun hərəkətləri dəyişilir. Və bu dəyişilmə onun ətrafı və ən çox da ailəsi ilə əlaqədə mənfi təsir qoyur. Beləki bəzi vaxt onun nə istədiyini düşünmək çox çətin olur. Bu gün bu bir sübut olunmuş və aydın faktdır ki, işgəncə olunan bir fərd azadlığa buraxıldıqdan sonra, onun mütəxəsis psixoloqa ehtiyacı olur. Məqalənin əvvəlində qeyd etdiyim İsveçdə tanış olduğum Azərbaycanlı kişi daim deyirdi ki, İran zindanında çəkdiyim işgəncələr məni elə sındırıb ki, inanmıram bir də özümə gələm! İşgəncəyə qarşı mübarizə yolları İşgəncəyə qarşı həm ölkə daxilində və həm də eyni zamanda xarici ölkələrdə mübarizə aparmalıyıq. Daxildə İranın irqçi fars rejiminə müxtəlif formada keçirilən kütləvi etiraz vasitələri ilə başa salmalıyıq ki, bir neçə Azərbaycanlı gəncinin zindanlarda işgəncə altında əlil olması milli hərəkatımızın qabağın ala bilməz. 2006 - cı ilin may ayında baş verən Milli Qiyam sübut etdi ki, İran rejimi Azərbaycanlıların kütləvi etiraz akisiyalarından çox qorxur. Elə ki, məcbur oldu Azərbaycanlıları təhqir edən İran qəzetinin nəşrin təcili şəkildə dayandıra. İran rejimi o zamana qədər yalnız dövlətə müxalif olan qəzetləri bağlatdırmışdı. Ata - baba sözüdür, deyərlər: "El gücü, sel gücü!" Elə bu el gücü bais oldu birinci dəfə olaraq İran rejimi öz nəzarətində olan qəzetin yayılmasına qadağa qoya. Bu onlara bir tarixi dərs idi. Mənim fikrimcə, çox əhəmiyyəti var ki, Azərbaycanlılar kütləvi etirazlarında milli fəallara qarşı olan ağır işgəncələrin dayandırılmasın tələb edələr. Əlbəttə, bunu da əlavə etməliyəm, işgəncə ancaq İranda yox, dünya miqyasında ciddi bir problem sayılır. Bu səbəbə görə çox əhəmiyyət daşıyır ki, biz insan hüquqların müdafiə edən beynəlxalq təşkilatlarla əməkdaşlıq edək və işgəncə olanların məzlum səsini dünyaya çatdıraq. Bu nöqtəyə diqqət etməliyik, İran daxilində və xarici ölkələrdə işgəncəyə qarşı mübarizə üçün işgəncənin nə olduğun və ona qarşı mübarizə yolların elmi formada öyrənməliyik. Bu bir tərəfdən Güney Azərbaycanda işgəncənin dayanmasına yardım edər, digər tərfdən də milli hərəkatımızın içində bizim demokratik düşüncəmizi gücləndirər. Beynəlxalq Əfv Təşkilatı təqribən 1960 - cı ildən bəri dünya miqyasında işgəncəyə qarşı mübarizə aparır və bu barədə 12 maddəli proqram yazıb və bütün dünyanın ölkə rəhbərlərinə, insan haqlarını müdafiə etən təşkiltalara göndərib, eyni zamanda bu proqramın həyata keçirilməsini tələb edib. 12 maddəli proqram aşağıdakılardan ibarətdir: 1.Hər bir ölkədə yüksək səviyyəli hökumət dairələri işgəncədən hədsiz uzaq olduqların nişan verməlidirlər. Onlar açıq - aydın tamam polis məmurlarına, hərbi qüvvələrə, təhlükəsizlik orqanlarının məmurlarına bildirməlidirlər ki, işgəncədən faydalanmağa heç təhamülləri yoxdur. Yəni bundan istifadə etməyəcəklər. İşgəncədən faydalanan zaman onu bir pis əməl kimi etiraf edıb və qeyri - şərtsiz məhkum etməlidirlər. 2. Əksər hallarda işgəncə o zaman baş verir ki, məhbusu tutub və ona bayırdan yardım edəcək adamlarla əlaqəsin kəsirlər. Məhbusu bu cür təcrid etməyə gərək qadağa qoyula. Hökumətlər gərək zəmanət verələr ki, məhbus tutulandan sonra, vəziyyətinin məlum olması üçün vaxtı öldürmədən o tərəfsiz məhkəməyə aparıla. Məhbusların gərək haqqı ola, nizamlı formada vəkil, həkim və qohum - əqrəbələrin görələr. 3.Bəzi məmləkətlərdə işgəncə gizlin həbsxanalarda baş verir. Hətta, bəzi vaxtlarda bu gizlin həbsxanalara aparılanlar, izsiz yoxa çıxırlar. Hökumətlər gərək zəmanət verələr ki, məhbuslar tanınmış və rəsmi həbsxanalara aparılacaqlar. Və eyni zamanda hökumət məhbusun qohum - əqrəbəsinə, vəkilinə və məhkəməyə onun harada olduğunu, nə üçün tutulduğunu xəbər verməyə borcludu. 4.Gərək ki, məhbuslar tutulan zaman onlar onların haqlarını qanun çərçivəsində onlara başa salmalıdırlar. O cümlədən, onlar bilməlidirlər həbsxanada pis rəftara qarşı şikayət edə bilərlər. Həmçinin onun tutulması və azadlıqdan məhrum edilməsi vaxtı öldürmədən bir hakim tərəfindən araşdırıla. Hakim gərək araşdıra müttəhim işgəncə olub, ya yox! Onun tutub azadlıqdan məhrum etmə qanuna uyğundur, ya yox. Müttəhimi sorğu - sual edərkən gərək ki, onun vəkilinin iştirak etməsi bir şərtdir. Hökümətlər gərək zəmanət verələr ki, həbsxana və məhbusun şəraiti beynəlxalq normalarla üst - üstə düşür. Burada qoyulan məqsəd beynəlxalq normalara uyğun həbsxanada məhbusla rəftar nəzərdə tutulur. Müttəhimi həbsxanada saxlayan və onu istintaq edən hökumət dairələri bir - birindən gərək ayrı olalar. Gərək ki, bütün həbsxanalar tərəfsiz təftiş qruplarının nizamlı nəzarətində olalar. Bu nəzarətə hökumət dairələri mane olmayalar, işinə müdaxilə etməyələr və onun işini məhdudlaşdırmayalar. 5. Hökumətlər gərək müəyyən qanunlarala işgəncədən faydalanmaya qadağa qoyub və ondan faydalanmanın qabağın alalar. İşgəncəyə qarşı qadağa heç bir şəraitdə ləğv ola bilməz. Hətta müharibə zamanı və ya hərbi hökumət yaranan zamanda da. 6. İşgəncəylə bağlı bütün raportlar və şikayətlər gərək bir müstəqil və tərəfsiz orqanın tərəfindən araşdırıla. İşgəncəylə əlaqədar ittiham olunan dövlət adamları gərək ki, araşdırma prosesində öz vəzifələrindən kənara qoyulmalıdırlar. Şikayət edən, şahid və tamam o adamlar ki, bu hüququ prosesdə iştirak edirlər, gərək ki, onların təhlükəsizliyi qorunub saxlanıla. 7.Gərək ki, işgəncə verən mühakimə oluna. Bu prinsip onların harada olduğunu, hansı vəzifə daşıdığını və cinayətin harada həyata keçdiyini,işgəncə verən və işgəncə olanın milliyyəti və cinayətin baş verdiyi zamandan nə qədər keçdiyindən asılı olmayaraq. Hökumətlər hüququ baxımdan bir - birləri ilə əlaqə yaradalar ki, işgəncə baş verən zaman işgəncə verəni bir - birlərinə təhvil verələr və bununla bağlı iş birliyi aparalar. Məhkəmələr gərək ki, ədalətli olalar və hər hansı bir dövlət adamı, kimliyindən asılı olmayaraq, vəzifəsindən istifadə edib işgəncəni müdafiə edə bilməz. 8. Hökumətlər gərək zəmanət verələr ki, işgəncə nəticəsində alınan etiraflardan və sənədlərdən məhkəmədə müttəhimə qarşı istifadə olunmayacaq. Ancaq istisna halda zorakılıqla etiraf və sənəd alma işgəncə verənə qarşı məhkəmədə istifadə oluna bilər. 9. İstintaqla məşğul olan bütün dövlət adamları və o adamlar ki, vəzifələri ilə əlaqədar məhbuslarla ünsiyyətdədirlər, onların hamısına təhsil aldıqları zaman başa salınmalıdır ki, işgəncə cinayət hesab olunur. Bütün dövlət adamları gərək bilsinlər ki, onların haqqı və vəzifəsidir ki, işgəncəyə səbəb olan hər hansı əmrə itaət etməməlidirlər. 10. İşgəncənin qurbanının və onun yaxın qohum - əqrəbəsinin haqları var dövlətdən və ya hakimiyyətdən təzminat ala, eyni zamanda dövlətin borcudur onun müalicəsini təmin edə və əvvəlki normalnı vəziyyətə gətirə. 11. Gərək ki, hökumətlər işgəncənin ləğvinə qarşı çıxan beynəlxalq sənədləri, o cümlədən, BMT - nin işgəncəyə qarşı müqaviləsin təsdiqləyələr. Həmçinin başqa ölkələrə və ayrı - ayrı fərdlərə işgəncə ilə bağlı şikayət haqqı verələr. Hökumətlər gərək işgəncənin qabağın almaq üçün ekspertlərin və beynəlxalq orqanların tərəfindən verilən məsləhətləri nəzərə alıb, ciddi əməl edələr. 12. Gərək hökumətlər işgəncənin ləğvi üçün bütün imkanlarından faydalanalar və o ölkələr ki, hələ də işgəncə verməklə ittihamlanırlar, onların üzərində təsir buraxalar. Bir dövlət digər dövlətə bilgi və ya hər hansı bir texniki vəsait göndərərkən, zəmanət verməlidir ki, bundan işgəncə zamanı istifadə olunmayacaq. Hər hansı bir fərdi hər hansı bir ölkədə işgəncə təhlükəsi gözləyirsə, gərək hökumətlər onun ora getməsin məcbur etməyələr. Bu 12 maddədən ibarət olan proqram 2000 - ci ilin oktyabr ayında Beynəlxalq Əfv Təşkilatı tərəfindən nəşr edilmişdir. Mənim fikrimcə, bu proqram İran adlanan məkanda işgəncəni dayandırmaq üçün real və yaxşı çıxış yoludur. Eyni zamanda dünya miqyasında mütərəqqi qüvvələr tərəfindən dəstəklənir. Mənim fikrimcə, bu proqramı İran adlanan məkanda həyata keçirmək bu mərhələdə milli hərəkatımızın əsas vəzifələrindən biri olmalıdır. Unutmayaq ki, növündən asılı olmayaraq, hər bir işgəncə insan ruhuna təhqirdir! x19086.jpg Bir Azərbaycan türkü şərab içdiyi üçün şallaqlanır x19086-2.jpg Şəhid Səttar Səlimi Milli Qiyamda iştirak edərkən tutulub, gizli zindanda saxlanılıb, nəhayət işgəncə altında qətlə yetirilib. qaynaq: azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar