SON XƏBƏRLƏR

İran israr edir və özünü "Nabukko"ya calamağa çalışır

2021.10.20, 07:36
İran israr edir və özünü "Nabukko"ya calamağa çalışır

Gunaz.tv
İran israr edir və özünü "Nabukko"ya calamağa çalışır Yaxın vaxtlarda Azərbaycanın energetika sektorunu təmsil edən birinci şəxslər - sənaye və energetika naziri Natiq Əliyevlə ARDNŞ prezidenti Rövnəq Abdullayev İrana gedəcəklər. Məqsəd enerji sahəsində əhəmiyyətli layihələri müzakirə etməkdir. Bu barədə "Ekspress"ə diplomatik mənbələr bildirib. Bir müddət əvvəl İranın enerji naziri Pərviz Fəttah Bakıda olub, ölkənin enerji-yanacaq sektorunu təmsil edən nazirlik başçıları və prezidentlə danışıqlar aparıb. Tərəflər arasında təbii qaz mübadiləsinin artırılması, yeni elektrikötürücü xətlərinin istismara verilməsi və Azərbaycan qazının İran vasitəsilə Avropaya nəqli ilə bağlı Tehranın təklifləri müzakirə olunub. Qeyd edək ki, İran bu yaxınlarda "Nabukko" qaz kəməri layihəsinə qoşulmaq barədə təklif verib. İranın Xarici İşlər nazirinin müavini Əlirza Şeyx Əttar ötən ay Bakıda bəyan etmişdi ki, məsələ müzakirə olunur. Dünən Tehran qəzetlərindən birinə müsahibəsində İranın enerji naziri Pərviz Fəttah deyib: "Enerji daşıyıcılarının iri ehtiyatlarına malik Azərbaycan və İranın bu sahədə daha sıx əməkdaşlığı hər iki dövlətə faydalı olacaq". Fəttah hesab edir ki, digər dövlətlərin, o cümlədən Rusiyanın elektrikötürücü xətlərinin birləşdirilməsi layihəsinə qoşulması regionun enerji təhlükəsiziliyini artıra bilər. Belə bir plan isə hazırda müzakirə olunur. Ymumiyyətlə hazırda Azərbaycan qaz sahəsində bir neçə dövlətdən irihəcmli təkliflər alıb. Rövnəq Abdullayev bu günlərdə jurnalistlərə bildirib ki, daxil olan təkliflər hazırda götür-qoy edilir. "Görünür bütün bu məsələr ətrafında müzakirələri davam etdirmək lazım bilərək iranlı nazir azərbaycanlı həmkarını yaxın zamanlarda Tehranı işgüzar səfərlə ziyarət etməyə dəvət edib", - İran KİV vurğulayır. Gizli deyil ki, son vaxtlar Xəzərin neft və qaz ehtiyatlarının Avropaya nəqli marşrutları uğrunda beynəlxalq rəqabət güclənməkdədir. Belə görünür ki, bu mübarizənin növbəti oyunçusu İran olacaq. Xüsusilə də, Rusiyanın Tehrana təsiri Avropa Əhmədinecatın son təşəbbüslərinə xeyir-dua verməsindən sonra, deyəsən xeyli azalacaq. Belə ki, Moskva xüsusilə Transxəzər və Nabukkoya qarşı amerikalıların apardığından az aqressiv olmayan lobbiçilik siyasətini yürüdür. Çünki bu layihələr həyata keçirilsə, Mərkəzi Asiya ilə Qərbi Avropa bazarlarını birləşdirən enerji ixcracı yollarına Rusiyanın inhisarçılığına son qoyulacaq. Rusiya özünün Cənib Axını adlanan layihəsini ən rahat tranzit sistemi kimi qələmə verir. Buna baxmayaraq Rusiyanın qaz nəhəngi "Qazprom" da artıq bu yerlərdə əvvəlki nüfuzunu itirməkdədir. "Ekspress"ə diplomatik mənbələrdən məlum olub ki, Tehran Bakını inandırmağa çalışır ki, "Nabukko layihəsi İran qazı olmadan ölüdür". Tehran rəsmiləri diqqəti buna yönəldirlər ki, Rusiyanın keçmiş prezidenti Vladimir Putin "Cənub Axını" qaz kəməri layihəsini təqdim edərkən, Nabukko layihəsini lağa qoyaraq demişdi: "Əgər kimsə torpağı qazıb orda dəmir-dümür basdırmaq istəyirsə, canı sağ olsun. İşində qaz olmayan layihə, qazı olan layihəyə rəqib sayıla bilməz". bu, onun öz işidir". Əslində, indi Avropa da çoxları əmindir ki, "Nabukko"nun qazı yoxdur. Halbuki Brüssel 2013-cü ildə reallaşacaq bu layihəyə böyük ümidlər bəsləyir. Bu kəmər yuxarıda qeyd etdiyimiz kimi, Xəzər üzərindən keçərək Avropanın Rusiyadan qaz asılılığını azaltmalıdır. "Nabukko" layihəsinə əsasən kəmər ildə 30 milyard kubmetr qaz gətirməlidir. Avropanın illik 500 milyard kubmetrlik ehtiyacının yanında bu çox kiçik həcmdir. Belə getsə, hətta bu "azı" da aparmaq asan olmaya bilər. Belə ki, Azərbaycandan və Özbəkistandan gözlənilən 10 milyard kubmetr qazın həcmi artıq hesablamalarda ixtisar edilir. Deməli ümid regionun ən totalitar və ən təcridolunmuş ölkəsi olan Türkmənistana qalır. Qərb mənbələri Türkmənistanın qaz ehtiyatını 22 trilyon kubmetr həcmində göstərsələr də, məsələn, bu yaxınlarda Almaniya qəzetlərindən birində dərc olunan məqaləyə görə, bunun yalnız onda birinə bel bağlamaq olar. Belə ki, Rusiya, İran və Çinə vəd olunmuş türkmən qazı hazırda istehsal olunduğundan iki dəfə çoxdur. Odur ki, Avropanın Aşqabadla imzalayıb bayram etdiyi 10 milyard kubmetr qaz sazişinə də ehtiyatla baxmaq lazımdır. Digər tərəfdən, "Nabukko"nun şah damarı Xəzərin dibindən keçməlidir. Buna isə İran etiraz edir. Tehran əlbəttə ki, öz qazını satmaq istəyir. Bu ölkənin nəhəng qaz ehtiyatı heç kimdə şübhə doğurmur, di gəl, Avropada mollalarla hər hansı saziş bağlamağı qadağan ediblər. Beləliklə, ehtimal olunur ki, "Nabukko" bir halda yaşaya bilər ki, Avropa daşı ətəyindən töküb bu kəməri İran qazı ilə doldursun. Qeyd edək ki, hazırda Azərbaycanın xarici siyasət idarəsində də Tehranın "Nabucco"da iştirak imkanlarını öyrənirlər. Prinsipcə, Tehranın bu marşrutlara qoşulmasını Bakıda iqtisadi baxımdan real sayırlar. Ancaq tariflər, gömrük rüsumları və müəyyən texniki parametrlərin müəyyənləşdirilməsi ilə əlaqədar çoxlu suallar var. Bəzi müşahidəçilərə isə görə, hazırda ABŞ və Avropa arasında da Orta Asiyanın enerji resurslarının nəql marşrutlarına münasibətində müəyyən fikir ayrılıqları mövcuddur. Belə ki, İran son aylar Aşqabadı da dilə tutmağa çalışırdı. AB ölkələri enerji marşrutlarının İrandan mütləq yan ötməli olduğu barədə Vaşinqtonun canfəşanlığını o qədər bölüşməsələr də, hər halda bu qənaətdədirlər ki, Rusiya ərazisindən kənarda olan Qafqaz dəhlizi ən əlverişli marşrut olaraq qalır. AB Rusiya ilə münasibətlərin yaxşı olmasında maraqlı olsa da, Mərkəzi Asiyadan gələn boru kəmərləri şəbəkəsi üzərində Moskvanın inhisarından narahatdır. ABŞ isə ötən ilin yayında Transxəzər neft-qaz kəmərlərinin iqtisadi əsaslandırılmasına dair Azərbaycanla qrant sazişi imzalamışdı. Lakin müşahidəçilərə görə, bu sənəd AB-ın planlarının rəsmiləşməsi üçün kifayət deyildi, belə ki, 1998-ci ildə Aşqabadda da oxşar müqavilələr imzalanmışdı. Ancaq sonradan təşəbbüs inkişafını tapmadı. Qarşıda Bakı ilə Tehran arasında yüksək təmaslar da nəzərdə tutulub. Öz növbəsində, Azərbaycan XİN-dən də "Ekspress"ə mövzu ilə bağlı müzakirələrin "ikitərəfli və çoxtərəfli qaydada" davam edəcəyini bildiriblər: "Eyni zamanda, biz yalnız təklif olunan layihədə, yəni "Nabucco"da öz rolumuzu unutmuruq. Burada əsas söz digər ölkələrdən çıxmalıdır". Hazırkı şəraitdə Bakının Tehranın təkliflərinə nə cavab verdiyi məlum deyil. Amma kluarlarda hesab olunur ki, layihənin bu şəkildə reallaşması Azərbaycan üçün də mühüm hadisə olacaq, belə ki, Bakı "İranla Qərbin arasında" qalmayacaq. "Bu, həm də Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini bir daha tənzimləyəcək, habelə Xəzərin orta xəttinin razılaşdırılması kimi Bakı üçün vacib olan məsələnin həllinin də yaxınlaşdırmağa imkan verəcək. Belə ki, Tehranla onun özünün təklif etdiyi marşrut əsasında münasibətlərin istiləşməsi 2001-ci ildə Azərbaycanla İran arasında qalmaqala səbəb olmuş "Araz" və "Alov" neft yatağı ilə bağlı problemi həll etməyə də şərait yaradacaq. Bu məsələlərdə irəliləyiş olsa, Xəzərin statusu məsələsində Tehranın öz sərt mövqeyi də zəifləyəcək və Azərbaycan, Rusiya və Qazaxıstanın artıq razılaşdırdığı prinsiplər əsasında 5 ölkə aralarında dənizin statusu ilə bağlı Konvensiyanı qəbul etməyə imkan verəcək", - diplomatik mənbə vurğulayır. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar