SON XƏBƏRLƏR

İran mətbuatının boykot etdiyi “Dədə Qurbani” Beynəlxalq Festivalından GÖRÜNTÜLƏR

2021.10.20, 07:36
İran mətbuatının boykot etdiyi “Dədə Qurbani” Beynəlxalq Festivalından GÖRÜNTÜLƏR

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində keçirilən birinci “Dədə Qurbani” Beynəlxalq Festivalı əhali tərəfindən böyük rəğbətlə qarşılanıb, İran mətbuatı möhtəşəm keçirilən festivalı işıqlandırmayıb.

 

İki mehvərdə keçirilən festival bazar və bazar ərtəsi günləri baş tutub. Birinci gün Xətayi Qaleriyasında aşıq sənəti ilə bağlı araşdırma əsərləri və məqalələr üzrə bəhs olunub, ikinci gündə isə festivala dəvət olunan aşıqlar Fədək Mədəniyyət Sarayında qrup şəklində musiqi ifa ediblər.

 

Festivala ölkə daxilindən 200 ustad aşıq qatılıb, möhtəşəm tədbirə Azərbaycan Respublikası, Türkiyə və Gürcüstandan da çox sayda saz-söz adamı dəvət olunub.

 

Festivalda Azərbaycan Respublikasından 20-yə yaxın tanınmış aşıqlar qrupu təmsil olunub. Onlar Azərbaycanın Əməkdar Mədəniyyət işçisi aşıq Sərdar Məmmədlinin rəhbərliyi altında tədbirə qatılıb.

 

"Dədə Qurbani" Beynəlxalq Festivalının səhnəsində Azərbaycan, İran və Türkiyə bayraqları dalğalanıb.

 

Festivalla bağlı xəbəri İranın təxminən bütün rəsmi xəbər agentlikləri boykot edib. Bu xəbər yalnız Ərdəbil İrşad və Mədəniyyət İdarəsi və Ərdəbil Teleradiosunun agentliklərində çox məhdud şəkildə işıqlandırılıb.

 

Dədə Qurbani Səfəvilər dövrünün aşıqlarındandır, o qədim aşıq sənətinin sonrakı nəsillərə ötürülməsində böyük rol oynayıb.

 

Festival “İran Aşıqlar Birliyi” Dərnəyinin təşəbbüsü ilə keçirilib. 3 il əvvəl təsis olunan dərnək fəaliyyət müddətində aşıq sənətinin qorunub saxlanılması və inkişafı uğrunda çox önəmli addımlar atıb. Aşıqlar bundan əvvəl “İran Musiqi Evi”nin nəzarəti altında fəaliyyət göstəririb, lakin bu qurum aşıq sənətinə ağır zərbələr vurub. Hətta qurumun katibi Daryuş Pirniyakan aşıq sənətinin Sasanilərə aid olduğunu, türk dünyası ilə heç bir əlaqəsi olmadığını belə iddia etmişdir.

 

GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, bir neçə aşıq öz şəxsi mənafeyi naminə “İran Aşıqlar Birliyi” Dərnəyini ləğv etdirməyə, aşıqların yenidən “İran Musiqi Evi”nin nəzarəti altında fəaliyyət göstərməsinə çalışır. Halbu ki, “İran Aşıqlar Birliyi” Dərnəyinin ləğv olunması İranda aşıq sənətinin gələcəyi üçün çox pis nəticə verə bilər.

 

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıblar. “Dədə” sözü xalq tərəfindən aşıqlara verilən ən yüksək tituldur.

 

 

 

 

 

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar