SON XƏBƏRLƏR

İran vurulmuş Ukrayna təyyarəsi qurbanlarının ailələrinə ölkədən çıxmağa imkan vermir

2021.10.20, 07:36
İran vurulmuş Ukrayna təyyarəsi qurbanlarının ailələrinə ölkədən çıxmağa imkan vermir

Gunaz.tv

GünAz TV: “Sepah”ın raketlə vurduğu Ukrayna təyyarəsində həyat yoldaşı və qızını itirən Hamed İsmayıliyun Tehran hava limanında məmurların ölənlərin yaxınlarına ölkədən çıxmağa maneə olduğunu bildirib.

 

O, bu barədə Facebook sosial şəbəkəsindəki istifadəçi hesabından yazıb.

 

“Qoy, ailə üzvləri rahatlıqla dəfn mərasimində iştirak etsin... Kanada hökumətinin çox asanlıqla və bir neçə saat içərisində viza verməsinin sənə aidiyyatı yoxdur!”,- deyə Hamed İsmayıliyun Tehran hava limanında çalışan məmurlara xitabən yazıb.

 

Qeyd etmək lazımdır ki, yanvarın 11-də Kanada Miqrasiya İdarəsi bəyanat yayaraq, Kanada dəfn mərasimində iştirak etmək üçün gələcək hadisə qurbanlarının ailələrinə qısa zamanda viza verilməsi ilə bağlı addımlar atacağını elan etmişdi.

 

Hələ ki, bu istiqamətdə viza üçün Kanadaya müraciət edənlərin sayı barədə məlumat yoxdur. Lakin Hamed İsmayıliyun onlara vizanın çox qısa müddətdə və rahatlıqla verildiyini bildirir.

 

İranın təhlükəsizlik qüvvələri hadisə qurbanlarının ailə üzvlərinin dəfn mərasimlərində iştirak etmək üçün ölkədən çıxışına maneə olmaqla yanaşı, onlara media orqanlarına müsahibə verməmək üçün də təzyiqlər göstərirlər. Hətta bəzi media orqanlarının məlumatlarına əsasən, qurbanların ailələrinə İranın hökumət saytlarına müsahibə vermək və “vilayəti-fəqih”in qəbul etdiklərini dilə gətirmək üçün təzyiqlər göstərilir. Təhlükəsizlik qüvvələri ailələri bu tələbləri yerinə yetirməyəcəkləri təqdirdə, yaxınlarının nəşinin onlara təhvil verilməyəcəyi ilə bağlı təhdid də ediblər.

 

Xatırladaq ki, “Sepah”ın raketlə vurduğu Ukrayna sərnişin təyyarəsində olan 176 nəfərin hamısı fəciəvi şəkildə ölmüşdü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar