SON XƏBƏRLƏR

İranda 40 milyon türk öz tələblərini irəli sürür – Urmiyənin millət vəkili

2021.10.20, 07:36
İranda 40 milyon türk öz tələblərini irəli sürür  – Urmiyənin millət vəkili

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranda 40 milyon türkün öz hüquqlarını tələb etdiyini bildirib.

 

Bu barədə oktyabrın 18-də “Fars” xəbər agentliyinə danışan millət vəkili İranın 80 milyon əhalisindən 40 milyonunun türk dilində danışdığını deyib.

 

“Türklər Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Həmədan, Qəzvin, Şimali Xorasan, Gülüstan, Mazandaran, Kürdistan, Əlborz, İsfahan və Fars əyalətlərində yaşayır. Bir sözlə desək, İranda türklərin yaşamadığı yer yoxdur. Bu 40 milyon əhalinin bir sıra tələbləri var. Türk əyalətlərinin millət vəkilləri həmin tələblərin təmini ilə bağlı Türk Bölgələri Fraksiyasını yaratmağa qərar verdilər. Sonralar bəziləri onun adını şimal-qərb fraksiyası ilə dəyişdirmək istədi, lakin mən bunun qarşısını aldım. Hazırda fraksiyanın rəisi Məsud Pezeşkiyandır, mən də onun müavini postuna seçilmişəm”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili fraksiyanın irəli sürdüyü tələblərin konstitusiyanın 15 və 19-cu maddələrinə uyğun olduğunu, ölkə konstitusiyası ilə qətiyyən ziddiyyət təşkil etmədiyini qeyd edib.

“Öz zəngin mədəniyyətlərini dünyaya təqdim etmək üçün, türklərin bütün İranda yayımlanacaq 24 saatlıq televiziya kanalı və bir qəzetə ehtiyacı var. Türk dilinin tədris olunması da İrandakı bütün qövmlərin dili kimi təmami ilə qanuna uyğundur. Bu tələblər qanun çərçivəsində olduğu halda, “Qanun” kimi bəzi satılmış  qəzetlər türkləri təhqir edir və öz hüquqlarını tələb edənlərin ünvanına çirkin böhtan və iftiralar yazır”- deyə o vurğulayıb.

 

Nadir Qazipur sözlərinin davamında azərbaycanlı millət vəkillərinin türklərin hüquqlarını tələb etməkdə zəif əməl etdiklərinə də işarə edib. O bildirib ki, bəzi azərbaycanlı türk millət vəkilləri qövmlərlə bağlı mümkün problemlərdən çəkinərək türk fraksiyasının fəaliyyətinə maneçilik yaradır və fraksiya üzvləri ilə düzgün əməkdaşlıq etmirlər.

 

Nadir Qazipur oktyabrın 7-də də parlamentdə çıxış edərkən İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə xitabən eyni tələbləri irəli sürərək bütün İranda yayımlanacaq telekanal və qəzetin təsisi ilə bağlı lisenziya verilməsini istəmişdir.

 

İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir. Türklərin bütün İranda yayımlanan televiziya və qəzeti də yoxdur. Bütün bunları rejimin irqçi siyasətindən başqa heç bir məntiqlə izah etmək mümkün deyil.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar