SON XƏBƏRLƏR

İranın Çinə ixracatı kəskin dərəcədə azalıb

2021.10.20, 07:36
İranın Çinə ixracatı kəskin dərəcədə azalıb

Gunaz.tv

GünAz TV: Çinin Gömrük Komitəsinin yaydığı yeni statistikada İranın sentyabr ayında bu ölkəyə etdiyi ixracatın həcminin ötən illərlə müqayisədə ən aşağı həddə düşdüyü nəzərə çarpır.

 

Belə ki, ötən ay İran Çinə ümumilikdə 823 milyon dollarlıq neft və qeyri-neft məhsulları satıb, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 50%-dən çox azalmanın olduğundan xəbər verir.

 

Lakin bunun qarşılığında Çinin İrana ixrac etdiyi məhsulların həcmi çoxalıb və iki ölkə arasındakı ticarətin balansı bu ölkənin xeyrinə dəyişib. Belə ki, sentyabrda Çin ümumilikdə İrana 843 milyon dollarlıq məhsul ixrac edib.

 

2018-ci ilin fevral ayı istisna olmaqla, son illər ərzində iki ölkə ticarətində hər zaman İranın ixracatının həcmi Çinin İrana ixrac etdiyi məhsulların dəyərindən çox olub. Bu azalmanın səbəblərindən biri Amerikanın rəsmi Tehrana qarşı qəbul etdiyi neft sanksiyaları düşünülə bilər. Çin İranın ən böyük neft müştərisi olduğundan, embarqoların tərəflər arasındakı ticari dövriyyəyə təsirsiz ötüşmədiyi müşahidə edilir.

 

Bəzi mənbələrin məlumatına əsasən, İranın sanksiyalardan öncə Çinə ixrac etdiyi gündəlik 700 min barel neftin həcmi ötən ay 200 min bareldən də aşağı təşkil edib. Digər tərəfdən, beynəlxalq naviqasiya şirkətləri İranın bütün müştərilərinə satdığı neftin həcminin gündəlik 120 min barel civarına endiyini bildirirlər. İran iki Çin şirkətinə ötən illərdə imzaladıqları müqavilələrə əsasən, pulsuz neft verir. Buna görə də, həmin mənbələrin İrandan Çinə ixrac edilən gündəlik 200 min barel neftin bir hissəsinin həmin şirkətlərə ödənməli borc müqabilində göndərildiyi təxmin edilir.

 

Oktyabrın 6-da İranın Neft naziri Bijən Namdar Zenqanə həmin Çin şirkətlərindən biri olan “CNPC”nin 5 milyard dollarlıq “Cənubi Pars” qaz yatağının 11-ci fazasının işlənməsi layihəsindən çıxdığını bəyan etmişdi.

 

Xatırladaq ki, 2017-ci ildə Fransanın “Total” və Çinin “CNPC” şirkətləri gündəlik hasilat potensiyalı 56 milyon kubmetr olan bu fazanın işlənməsi üçün 4.8 milyard dəyərində müqavilə imzalamışdılar. Amma ABŞ-ın nüvə razılaşmasından sonra “Total” layihəni tərk etmişdi. Embarqoların kəskinləşməsindən sonra isə Çin şirkəti də layihədən çıxmağa məcbur olub.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar