GünAzTV: İranda qəsdən adamöldürmədə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 4 nəfər edam edilib.
İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, edam edilənlərdən biri (Əmir Xəlili) Əfqanıstan vətəndaşıdır. Onun narkotik maddə qaçaqmalçılığında və üstündə odlu silah gəzdirməkdə təqsirli bilindiyi qeyd olunur. Digər 3 müttəhimin (Səmədulla Əyani, Məhəmmədrza Qırat və Əmir Əhmədi) isə qəsdən adamöldürmədə günahlandırıldığı bildirilir.
Barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəl təkadamlıq kameralara köçürülən hər 4 müttəhim, aprelin 25-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib.
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.
A.M