SON XƏBƏRLƏR

İranın Məşhəd şəhərində daha 4 bəhai həbsə məhkum edilib

2021.10.20, 07:36
İranın Məşhəd şəhərində daha 4 bəhai həbsə məhkum edilib

Gunaz.tv

GünAzTV: İranın Məşhəd şəhərində bəhai dininə mənsub olan daha 4 nəfər həbsə məhkum edilib. Bu barədə, İrandakı hüquq-müdafiəçiləri məlumat yayıb.

 

Yayılan məlumata əsasən, fevralın 27-də Məşhəd inqilab məhkəməsi dini inanclarından əl çəkməyən 4 bəhaiyə hökm çıxarıb. Məhkəmə, bəhailər Mey Xülusi, Dorri Əmri, Saqi Fədai və Şayan Təfəzzülini sistemə qarşı təbliğat aparmaqda və ölkədə bəhai dinini təbliğ etməkdə günahlandıraraq onların hər birini 1 il həbsə məhkum edib. Bəhailər, onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.

 

Bildirilir ki, bir il müddətinə azadlıqdan məhrum edilən hər dörd bəhai, 2014-cü ilin iyun ayında ETTELAAT əməkdaşları tərəfindən tutulsalar da, onlar, az sonra məhkəmələrinin keçirilməsinə qədər mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdılar.

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikası konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Elə buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda üzdəniraq islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar