SON XƏBƏRLƏR

İranlı deputat: “Etirazlarda tutulanlardan biri ölümündən əvvəl ailəsinə zəng vuraraq məhbuslara zorla həb atdırıldığını bildirib”

2021.10.20, 07:36
İranlı deputat: “Etirazlarda tutulanlardan biri ölümündən əvvəl ailəsinə zəng vuraraq məhbuslara zorla həb atdırıldığını bildirib”

Gunaz.tv

GünAzTV: İran parlamentinin islahat yönümlü deputatı Mahmud Sadiqi yanvarın 17-də özünün şəxsi “Twitter” səhifəsində paylaşdığı bir yazısında ölkədə hakimiyyətə qarşı keçirilən son etirazlarda tutulanlardan bəzilərini zindanlarda öldürülməsi məsələsinə toxunub.

 

Deputat bildirib ki, onun müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə, zindanda şübhəli şəkildə həyatını itirən gənc aksiyaçılardan biri ölümündən az əvvəl ailəsinə zəng vuraraq saxlandığı həbsxananın vəziyyətindən və zindanda onlarla edilən rəftardan danışıb: “Son günlər zindanların birində ölən məhbuslardan biri ailəsi ilə telefon danışığında deyib ki, həbsxana məsulları son etirazlarda tutulan məhbusları bir növ həbi atmağa məcbur edirlər. O bildirib ki, həb atanların halı birdən-birə kəskin pisləşir”.

 

Mahmud Sadiqi, zindan rəsmilərinin məhbuslara zorla atdırdığı həblərin tərkibində zəhər olub-olmadığı və onların necə bir həb olduğu məsələsinə aydınlıq gətirməyib.

 

Xatırladaq ki, son iki həftədə, İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib.

 

 

Tutulanlardan isə ən azı 9-u (Möhsün Adili, Vəhid Heydəri, Saro Qəhrəmani, Sina Qənbəri, Kiyanuş Zəndi, Əli Poladi, Ariya Ruzbehi, Məhəmməd Nəsiri və Seyid Şahab Əbtəhi) İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar