SON XƏBƏRLƏR

İsrail ordusunun komandanı: “İranla mümkün məhdud müharibəyə hazır olmalıyıq”

2021.10.20, 07:36
İsrail ordusunun komandanı: “İranla mümkün məhdud müharibəyə hazır olmalıyıq”

Gunaz.tv

GünAz TV: İsrail ordusunun komandanı Aviv Koçavi ölkəsinin İranla mümkün məhdud müharibəyə hazır olması barədə xəbərdarlıq edib.

 

O, rəsmi Tehranın nüvə ambisiyası və regionda davam edən təxribatçı siyasətlərinə diqqət çəkib, bunun iki tərəf arasında məhdud və ya geniş miqyaslı müharibəyə səbəb ola biləcəyini deyib.

 

Komandan İranın Suriya və İraqda möhkəmlənməsinə heç bir vəchlə icazə verməyəcəklərini deyib. O, həmçinin ötən illər ərzində heç vaxt İranı ciddi təhdid kimi qəbul etmədiklərini qeyd edib. 

 

“İraq vətəndaş müharibəsindən əziyyət çəkir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Briqadası hər gün bu ölkədə əməliyyat keçirməklə məşğuldur. İraqın mərkəzi hökuməti ya bu kimi fəaliyyətlərin qarşısını almaq istəmir, ya da bu iqtidarda deyil. Qüds Briqadası hər ay İraqda yerləşən bazalarına modern silahlar gətirir. Biz belə vəziyyətin davam etməsinə icazə verə bilmərik”, - deyə Aviv Koçavi əlavə edib.

 

Bu, israilli yüksək çinli hərbi rəsminin İranın və onun müttəfiqi olan yaraqlıların İsrail tərəfindən bombalanmasını təsdiq edən ilk çıxış hesab edilir.

 

Aviv Koçavi həmçinin qeyd edib ki, gələcəkdə baş verə biləcək hər bir hərbi qarşıdurmada İsrail ordusu Hizbullaha dağıdıcı zərbələr vuracaq.

 

Xatırladaq ki, son illər ərzində İsrail İranın və ona bağlı yaraqlıların Suriyadakı mövqelərinə qarşı onlarla hava hücumu həyata keçirib. Cari ilin yay aylarından etibarən isə bu hücumlar İraqda da təşkil edilib. Nəticədə yüzlərlə İran hərbçisi və onlara bağlı yaraqlılar həlak olub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar