SON XƏBƏRLƏR

«Nabucco» kəməri ildə 8 mlrd. kubmetr təbii qazın nəqli ilə işə başlayacaq

2021.10.20, 07:36
«Nabucco» kəməri ildə 8 mlrd. kubmetr təbii qazın nəqli ilə işə başlayacaq

Gunaz.tv
«Nabucco» qaz kəməri layihəsinin icrası illik 8-10 mlrd. kubmetr təbii qazın nəqli ilə başlayacaq. Bunu Avstriyanın OMV şirkətinin «Nabucco» kəməri üzrə ərazi meneceri Volfqanq Sporrer bildirib. V.Sporrerin sözlərinə görə, kəmərin tikintisinə 2010-cu ildə başlanılması planlaşdırılır. Üç il sonra istismara veriləcək kəmərin layihə nəqletmə gücünə (ildə 31 mlrd. kubmetr) isə 2018-ci ildə nail olunacaq. OMV rəsmisi vurğulayıb ki, bu kəmər vasitəsilə İran qazının da Türkiyə vasitəsi ilə Avropaya nəqli nəzərdə tutulub. «Cənub axını» qaz kəmərinə gəlikdə isə V.Sporrer həmin kəmərin «Nabucco»nu tamamlayacağını qeyd edib: «Biz bu kəmərlərə rəqib kimi deyil, bir-birini tamamlayan kəmərlər kimi baxırıq. Çünki Avropanın qaz tələbatı getdikcə artmaqdadır». V.Sporrer həmçinin bildirib ki, «Nabucco» qaz kəmərinin inşası layihəsi böyük həcmdə sərmayələrin cəlb edilməsinə səbəb olacaq. Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı olan Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar