SON XƏBƏRLƏR

OXUCULARIN GÖZ YAŞLARI (Çingiz Aytmatovun vəfatı)

2021.10.20, 07:36
OXUCULARIN GÖZ YAŞLARI (Çingiz Aytmatovun vəfatı)

Gunaz.tv
OXUCULARIN GÖZ YAŞLARI aitmatov-1.jpg Çingiz Aytmatov Ağır itki xəbəri onun əsərlərini uzun illər sevə-sevə oxuyan milyonlardan biri kimi məni sarsıtdı. Həyatın, ömrün faniliyini dərindən dərk etməklə yanaşı, taleyin şirin meyvələrini də dadmış bir insan Allahın hökmündən qaçmağın mümkünsüzlüyünə öz ömrünün sonluğunda bir daha yəqinlik tapdı. O artıq ahıl yaşında idi, lakin hərfi mənada paradoksal görünsə də, onu geniş çiyinlərinə biçilmiş şöhrət mantiyasını özü kimi şərəflə daşıyacaq başqa birisinin olmadığını nəzərə alaraq tam qətiyyətlə demək istəyirsən ki, həyatdan vaxtsız getdi. İngilislər bu sözü sırf mənasında «kamilliyə çatmadan», «yetişmədən» mənasında olan «premature» kimi ifadə edirlər. Bu adam isə hələ çox cavan ikən kamillik zirvəsinə yüksəlmiş, son nəfəsinə qədər bu olimpdən aşağı enməmişdi. Hamı yəqin ki, söhbətin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovdan getdiyini anladı. XX əsrin son qırx ili ərzində keçmiş sovet məkanında heç bir nasir populyarlığına görə onunla müqayisə oluna bilməzdi. Bu bəlkə də həmin dövrdə yeganə yazıçı idi ki, yaradıcılığını milyonlar izləyirdi və hər bir yeni əsəri az qala ədəbi hadisə hesab olunurdu. İlk əsər «Birinci müəllim» povesti olsa da, o, «Cəmilə» povesti ilə erkən məhşurlaşma yoluna qədəm qoymuşdu və ona ilk xeyir-duanı görkəmli fransız yazıçısı Lui Araqon ərini müharibədə itirmiş bu gənc gəlinin yeni məhəbbət hekayətini «XX əsrin Romeo və Cülyettası» adlandıraraq vermişdi. Sonralar isə onun yaradıcılıq bulağı daha gur çağlamış, dərin povest və romanlar çayına çevrilmişdir. Dissident yazıçıların ədəbi nümunələrindən fərqli olaraq onun yaradıcılığı heç bir ideoloji mənafe güdülmədən dünya oxucusuna yaxşı tanış idi və bu ölçüdə onu Remark, Heminquey, Markes siyahısına salmaq olar. O, elə bir filoloji təhsil almamışdı, ixtisasca zootexnik idi. İstedad isə heç də diplomla verilmir, onun timsalında isə bu möcüzəli bir Allah vergisi idi. Çingiz Aytmatov insan psixologiyasının bilicisi olmaqla öz qəhrəmanlarının daxili aləminə bütünlüklə nüfuz edə bilirdi, istər bu uşaq, ya qoca olsun, cavan qız və ya oğul itkisindən əzab çəkən ana olsun. «Bütün xalqların və dövrlərin» rəhbəri yazıçını «insan qəlbinin mühəndisi» adlandırsa da, qələm sahibi heç də texnikanı söküb qurmaqla, sazlamaqla məşğul olmur, bəlkə də bu həyati orqanın anatomiyasına da elə bələd deyil, lakin onun döyüntülərindən, hansı hissələrlə yaşadığından agahdır və bu bilicilik onun əsərlərinin bədii səviyyəsinə xüsusi yüksəklik verir. Çingiz Aytmatov öz dostu olan evenk yazıçısından eşitdiyi bu xalqa məxsus olan əfsanəni elə cilalaya bilmişdi ki, onun «Dəniz kənarı ilə qaçan alabaş» povesti insana məhəbbət himninə çevrilərək bütün bəşəriyyətə ünvanlanmışdı. Çingiz Aytmatovu simvollar, rəmzlər yaradıcısı adlandırmaq olar və o, simvolizmə meyil etsə də, ona daha geniş məna çaları verirdi. Onun qəhrəmanları ümumi isim hüququ qazanmışdı. İstər bu Nayman ana olsun, istər manqurt oğul olsun. Məhz «Əsrə bərabər gün» romanından sonra Vətəni anlamamaq, duymamaq, ona sevgini yaddan çıxarmaq kimi eybəcər xüsusiyyət əsərin qəhrəmanının özündən asılı olmayaraq bədbəxt taleyin bəxş etdiyi unutqanlığını nəzərə almadan, bu yığcam sözdə öz əksini tapmağa başladı. Onun heyvanlar aləminə ruhi səyahəti insan dünyasını təhlil etməkdə də ona qeyri-adi xidmət göstərmişdi. Bir sıra povestləri və romanlarında təsvir olunan heyvanlar elə bil ki, öz təbii dünyalarını tərk edib insanlar aləminə nüfuz edir və onları açmaqda, təhlil etməkdə əvəzsiz rol oynayırlar. Qədim Roma yazıçısı Apuleydən qalmış bu irs sonralar dünya ədəbiyyatında öz uğurlu inkişafını tapmaqla yeni ifadə təsvirləri qazanmışdır. Çingiz Aytmatovun geniş və daha böyük tədqiqatı isə Lev Tolstoyun «Xolstomer»i və ya öz yaşıdı olan məhşur ingilis şairi Ted Hyuzun heyvanlar barədə yazdığı alleqorik poemaları ilə müqayisə edilə bilər. Heyvanların məkrdən uzaq olmasına və sədaqətinə heyranlığına görə o, bəzi əsərlərini onların adı ilə adlandırmaqdan da çəkinməmişdir: «Botagöz», «Əlvida, Gülsarı». Oxucular heç bir xəcalət hissi keçirmədən onun bu dilsiz- ağızsız, yaşamaq üçün daim mübarizə aparan, lakin heç vaxt xəyanətə əl atmayan qəhrəmanlarından təlqin edilən ibrət dərslərini götürmək lüzumunu inkar etmirlər. Çingiz Aytmatovun əsərlərində folklor nümunəsi kimi verdiyi lakin müəllifliyi özünə məxsus olan pritçaları- ibrətamiz hekayələri bu istedadın işıq saçan bucaqlarının necə bol olduğundan xəbər verir. Özü də onun pritçaları zaman və məkan hüdudlarını tanımır, həqiqətə yaxınlığını vurğulamaq üçün başqa-başqa xalqlara aid edilir və kiçik bir hekayətdə həm də həmin xalqa məxsus olan milli xüsusiyyətlər, mərdlik, nəciblik qabardılır. Xarici ölkəyə qaçmaq üçün bir yerə yığılan və mərdliklərinə görə özlərini qurban verən gürcülər haqqında əhvalat bir məkandan çıxıb azadlıq barədəki ümumbəşəri duyğuların tərənnümünə çevrilir. Çingiz Aytmatovun ölümü türkdilli xalqların ədəbiyyatı üçün, qoy buna bizim hərf güdənlərimiz kinayə ilə baxmasınlar, xüsusilə böyük itkidir. Ana dilində bir əsər də yazmayan bu adam öz xalqının şərəfini xeyli ucaltmış, «Manas» kimi qüdrətli bir şifahi ədəbiyyat nəhənginin malik olan qırğızların yazılı ədəbi nümunələrini də dünya cərgəsinə çıxarmaqla heç bir millilikdən dəm vuranların qadir olmadığı Fərhad işini görmüşdür. Keşkə başqa millətçilər də səs telləri yarışına girməkdənsə belə xidmətin xırda damlasına bərabər olan bir işi görməklə öyünərdilər. Sovet dönəmində bəlkə də yeganə yazıçı idi ki, türklərin böyük və qədim keçmişinə ehtiyatla da olsa nüfuz edirdi, Ana sayın (indiki Yeniseyin) sahillərindən köç edib İssık-kul ətrafında məskunlaşan türklərin bir qolunun tarixçəsini qələmə almışdı. Onun əsərlərində nə manasçılara, nə komuza, nə də beşbarmağa rast gəlmək mümkün deyil, bunların əvəzində hər səhifədə qırğız ruhu, qırğız dünyasının paralelləri özünü büruzə verir. Bəli, çuxa vətənpərvərliyi ona yaddır, o, öz Vətəninə bütün qəlbi, könlü ilə bağlıdır və bu bağlılıq boğazdan yuxarı şit sözlərdə deyil, onun əsərlərində, onun ilham pərisində öz əksini tapır. Çingiz Aytmatov həm də böyük şəxsiyyət idi, hansısa «dərzinin» müəyyən etdiyi kiçik, dar ölçülərə sığmırdı. O, bir fərd kimi öz xalqına, böyük türk elinə mənsub idi, lakin bir insan, həm də yaradıcı şəxsiyyət kimi bütün bəşəriyyətə məxsus idi, ona görə də onu hansısa aula və ya alaçığa salıb kiçiltmək yolverilməzdir və bu onun ruhuna hörmətsizlik əlaməti olardı. Onu şəxsən tanıyanlar üçün bu itki ikiqat ağırdır, axı o, nurlu bir insan idi.Yəqin ki, onun vətənində, heç olmasa son illərdə yaşadığı Çolpon-atada heykəli qoyulacaq. Lakin o heç minnət götürmək də istəməzdi, axı sağlığında özü özünə möhtəşəm qranit abidə, qədim Romanın böyük şairi Horatsinin sözləri ilə deyilsə, «Əllə düzəldilmiş abidə» yaratmışdır və bəlkə də Mikelanceloya yaxınlaşmaq istəyən bu heykəltəraş onu öz füsünkar ağlı və yorulmaq bilməyən əlləri ilə tökmüşdür. Çingiz Aytmatovun məşhur «Əsrə bərabər gün» əsərinin digər adı «Boranlı qatar dayanacağı» adlanır və minnətdar tatarlar bu roman əsasında film çəkməyə başlamışlar. Onlar müəllifi filmin çəkilməsinə öz məsləhətləri ilə kömək etmək üçün Kazan şəhərinə dəvət etmişdilər. O bura gəldikdən sonra qəflətən xəstələndi və bədbəxtlikdən bu böyrək iltihabı ölümcül xarakter almaqla, adamları tufanlardan qorumağa çalışan bu insanın həyatına son qoydu. Raketlərin gurultusu yeri lərzəyə saldığı kimi, onun möhkəm bədəni bu xəstəliyin xain həmləsinə davam gətirə bilmədi və böyük ümidlərlə yaşayan bir insan boranlı dayanacağın acı taleyini yaşamalı oldu. Çingiz Aytmatov adlı nəhəng çay artıq öz axınını davam etdirə bilmədi və «o dünya» adlanan səhralığın qumlarında mənşəyini tapdı. Telman ORUCOV mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar